Xəbərlər

Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik

Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik

15.09.2014

Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq edilir. Belə ki, bu ildən başlayaraq tələbələrin dərsləri yalnız Universitetin “Tibb şəhərciyi”ndə yerləşən klinikalarda keçiriləcək.

ATU-dan FaktXəbər-ə verilən məlumata görə, əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərində yerləşən kafedralara getməli olurdular. Bu isə uzaqda yaşayan tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu. 

Bunları nəzərə alaraq ATU rəhbərliyi hər kəsin razılıqla qarşıladığı qərar verib. Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedralarının hamısı ATU-nun “Tibb Şəhərciyi”ndə yerləşən klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb. 

Qeyd edək ki, əvvəl tibb üzrə təhsil alan tələblər ATU-nun yalnız 3 klinikasında  dərs keçirdilər. Bu ildən etibarən isə Tədris Cərrahiyyə Klinikasında da tələbələrin tədrisi üçün şərait yaradılıb, tədris kafedraları bura köçürülüb. 

Beləliklə, ATU-da əyani və qiyabi təhsil alan tələbələrin tədris proqramını tam əhatə etməyə imkan verən kafedraların hamısı artıq “Tibb Şəhərciyi”ndə  birləşib. Bu isə tələbələrin vaxta daha çox vaxta qənaət etməsinə, diqqəti təhsilə yönəltməyə, onların rahatlığına şərait yaradır. 

Hazırda “Tibb Şəhərciyi”ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomotoloji  Klinikalarla yanaşı, həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.