AZƏRBAYCAN ÜRƏK ÇATIŞMAZLIĞI REGİSTRİNƏ START VERİLDİ
16.11.2015
ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Terpaevtik və Propedevtik propedevtika kafedrasının dosenti R.Qabulovanın mətbuat xidmətinə verdiyi məlumata əsasən, bu ilin noyabr ayından ölkəmizdə Azərbaycan Ürək Çatışmazlığı Registrinin (AÜÇR) tətbiqinə başlanılıb. Registr ATU və Səhiyyə Nazirlyinin İcimai Səhiyyədə İslahatlar Mərkəzinin əməkdaşlığı ilə gerçəkləşdirilir.
AÜÇR-nin əsas məqsədi ürək çatışmazlığı diaqnozu ilə hospitalizasiya olunmuş və ambulator qaydada təqib olunan xəstələr haqda məlumatın, onların diaqnostika və müalicə nəticələrinin toplanılması və təhlilidir. Toplanılmış məlumatlarının analizi əsasında müalicəvi, diaqnostik, profilaktik, habelə reabilitasiya ilə bağlı qısa və uzun müddətli hədəf proqramların yaradılması və müdaxilə tədbirlərinin işlənib hazırlanması və icrası nəzərdə tutulub.
TTK əməkdaşlarından ibarət işçi qrupun təşəbbüsü ilə, AÜÇR, ilkin mərhələdə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının bazasında, pilot olaraq Klinik Registr kimi təsis edilib.
Artıq bir neçə gündür ki, TTK-nin Ürək Mərkəzində Ürək Çatışmazlığı diaqnozu ilə müayinə və müalicə olunan xəstələrin qeydiyyatına başlanılıb. Bunun üçün ATU-nun TTK-nın və Azərbaycan Səhiyyə Nazirliyi İSİM əməkdaşlarından ibərət ekspertlər qrupu tərəfindən xüsusi sorğu anketi hazırlanıb və İSİM-in Səhiyyə Siaysəti və İslahatlar Şöbəsi tərəfindən on-line elektron forma şəklində proqramlaşdırılıb. Klinik registrin tətbiqinə müvəffəqiyyətlə başadıqdan sonra, TTK-nın müsbət təcrübəsi həkimlərin xüsusi təlim və məlumatlandırılması ilə parallel olaraq, Bakı şəhəri və Respublikanın bölgələrinə yayılacağı planlaşdırılıb.
Qeydiyyatdan keçmiş ÜÇ-dan əziyyət çəkən xəstələrin diaqnostikası və müalicəsində istifadə edilən strategiyalar, beynəlxalq kardioloji cəmiyyətlər və Səhiyyə Nazirliyinin təsdiq etdiyi klinik protokollarda yer almış tövsiyələrin tətbiqi qiymətləndiriləcək, nəticələr təhlil ediləcək və bu barədə elmi və ictimai səhiyyəyə dair dərgilərdə mütəmadi məlumat veriləcək.
Qeyd etmək istərdik ki, bu layihə ölkəmizdə Ürək-damar xəstəliklərinin qeydiyyatı üçün tətbiq edilən və geniş miqyasda həyata keçiriləcək ilk registr olub, gələcəkdə daha çox nozologiyaların əhatə olunmasını nəzərdə tutur.