Xəbərlər

ATU-ya yeni qəbul olmuş rezidentlərlə görüşlər keçirildi

ATU-ya yeni qəbul olmuş rezidentlərlə görüşlər keçirildi

11.10.2016

ATU-ya yeni qəbul olmuş rezidentlərlə görüşlər keçirildi
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik, Tədris Cərrahiyyə və Stomatologiya Klinikalarına bu il qəbul olunmuş rezidentlərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinin müdiri dosent Rizvan Məmmədov onları təbrik edib, rezidentura təhsilinin təşkili qaydaları haqqında ətraflı məlumat verib.
R.Məmmədov bildirib ki, rezidentlər artıq gələcəyin yüksək ixtisaslı həkimləridir. Onlar üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidirlər. Çünki bu Klinikalarda lazımi şərait müasir standartlara uyğun qurulub və rezidentlərin həm nəzəri, həm də praktik vərdiçlərə yiyələnmələri üçün həkimlər tərəfindən hər cür imkanlar yaradılıb. 
Rezidentlərin üzərinə düşən əsas vəzifə onların daha əzmlə çalışaraq xəstələrin müayinə və müalicəsində yaxından iştirak etmələridir.
Xarici ölkələrdə təşkil olunan elmi konfranslarda hansı rezidentlərin iştirak edəcəyinə gəlincə, R. Məmmədov bildirib ki, əsasən elmi biliklərin mənimsənilməsində daim fəallıq göstərən və xəstələrlə mütamadi təmasda olan rezidentlər bu kimi konfranslarda iştirak edə biləcəklər.

Daha sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru professor Surxay Hadıyev, Tədris Terapevtik Klinikanın baş həkimi, nefroloq Elnur Fərəcov, Stomatoloji Klinikanın direktoru profssor Alqış Səfərov çıxış edərək, rezidentlərə təbriklərini çatdırıb, onlara seçdikləri ixtisaslara yüksək səviyyədə yiyələnmələrini tövsiyə ediblər. Qeyd edilib ki, Tədris Cərrahiyyə və Stomatologiya Klinikalarında tədris-treyninq mərkəzi mövcuddur ki, bu da rezidentlərin təcrübələrini artırmaqlarında mühüm rol oynayacaq. 
Klinikaların əsas məqsədlərindən birinin yüksək ixtisaslı həkim-rezident hazırlanmasından ibarət olduğunu vurğulayan natiqlər, ölkəmizdəki tibb ocaqlarında, eləcə də Klinikalarda dünya standartlarına uyğun müayinə və müalicə üsullarının tətbiqinə başlanıldığını vurğulayıblar.

Rezidentlərlə xarici dil biliklərini təkmilləşdirmələri də məsləhət görülüb. Çünki tibb sahəsi daima yeniliklərə açıq olan sahədir. Ona görə də həkim imicinin yüksək səviyyədə formalaşmasında rezidentlərin üzərinə böyük məsuliyyət düşür.
Tədbir həkim və rezidentlərin qarşıda duran məsələləri müzakirə etmələri ilə başa çatıb.

Qeyd edək ki, ATU-ya bu il 138 rezident qəbul olub. Bunlardan 61 nəfəri ATU-nun Tədris Terapevtik Klinikasında, 42 nəfəri Tədris Cərrahiyyə Klinikasında, 20 nəfəri Stomatologiya Klinikasında, digərləri isə ATU-nun müxtəlif bazalarında fəaliyyət göstərirlər.

ATU-ya yeni qəbul olmuş rezidentlərlə görüşlər keçirildi