ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV ÜÇÜN ƏN VACİB SAHƏLƏRDƏN BİRİ İNSANLARIN SAĞLAMLIĞI OLUB
04.02.2023
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. “Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən də silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Belə tədbirlərdən biri fevralın 4-də nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfransdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, həmçinin Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, deputatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib, ETKİ tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.
Konfransda çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub: “Ümummilli Liderin səhiyyənin inkişafında diqqət etdiyi əsas məqamlarından biri də mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. Bu gün digər sahələrdə olduğu kimi, Ulu Öndərin səhiyyə sahəsində də sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən elmi konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, kardioonkologiya kimi problemin ölkəmizdə aktuallığını qeyd edib.
Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru Gülnaz Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasların - kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər: “ Dünyada, o cümlədən Azərbaycanda kardioloji və onkoloji xəstəliklərlə bağlı statistik göstəricilər heç də ürəkaçan deyil. Dünyada həmin xəstəliklərlə bağlı artan tendensiyanı nəzərə alaraq bu gün ölkəmizdə ilk dəfə olaraq kardioonkologiya sahəsində tədbir keçirilir. Məqsədimiz həmin xəstəliklərə bir daha diqqətin yönləndirilməsidir”.
Beynəlxalq elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 24 davamlı tibbi təhsil kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.