ATU HƏKİMLƏRİ YAŞLI QADININ ÖD YOLUNDAN 100-DƏN ÇOX DAŞ ÇIXARIBLAR
08.02.2023
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti ağır durumda olan xəstənin üzərində uğurlu əməliyyat aparılıb. Klinikanın həkimləri 60 yaşlı qadın xəstənin öd yollarından müxtəlif ölçülü 100-dən çox daş çıxarıblar.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadənin məlumatına görə, xəstə mədəsinin üstündə kəskin dözülməz ağrı ilə müraciət edib. Bəlli olub ki, digər klinikada xanımdan heç bir analiz götürmədən ona parazitlərə qarşı ağır dərman təyin olunub. Bu preparat isə xəstənin mədəsində tutma xarakterli sancı yaradıb: “Lakin müayinə zamanı xəstənin mədəsində problem olmadığını aşkarladıq. Ağrının formasından öd yollarının ağrısı mədənin üstünə epiqastral nahiyyəyə yönəlib. Öd kisəsi sağ qabıröaya ağrl verir, öd yolunda daş olanda isə mədənin giriş hissəsinə, döş qəfəsinin bitəcək hissəsinə ağrı verir. Digər əlamətlərə görə öd yolunda daşlardan şübhələndiyimizdən xəstəyə MRT təyin olundu. Cavabında öd yollarında ölçüləri 5 mm-dən 3 sm-ə qədər 100-dən çox daş aşkarlandı”.
Doktor Fərahim Məmmədzadənin apardığı əməliyyat zamanı xəstədə ERCP əməliyyatı icra olunub, sfinkter kəsiyindən daşlar çıxarılıb. Ən böyük daşın çıxarılması mümkün olmadığına görə, onun yanına stend taxılıb. Müəyyən müddət ərzində həmin daşı əridəcək və sonradan onun çıxarılması rahat olacaq.
Qastroenteroloqun sözlərinə görə, RCP əməliyyatı olunmuş xəstələrdə yenidən daşların əmələ gəlmə ehtimalı çox azdır. Çünki sfinkter kəsilmiş olduğundan, növbəti durğunluq zamanı yaranmış qumlar, kiçik daşlar öd yolunda ləngimir. Uzun illər sonra daş yaranmış olsa belə, xəstə yenə əməliyyatsız üsulla bu daşlardan azad olur.
F.Məmmədzadə qeyd edir ki, az hallarda olsa da, bəzən körpələrdə də öd yolundan daş çıxarılır. Həkim gözlərdə saralma, sidikdə tündləşmə müşahidə olunan zaman öd yollarının müayinəsini məsləhət görür.