REZİDENTLƏRƏ BİR SEMİNARDA ÜÇ MÖVZU TƏQDİM OLUNUB
08.02.2023
ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün ənənəvi seminarlar davam edir. Fevralın 7-də üç aktual mövzuya dair növbəti seminar keçirilib.
Təqdimatlardan öncə klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov klinikada rezidentlərin nəzəri biliklərinin və praktik bacarıqlarının yüksəldilməsi üçün universitet rəhbərliyi tərəfindən əlverişli şərait yaradıldığını vurğulayıb. O, icrasına 2019-cu ildən start verilən bu layihə çərçivəsində indiyə qədər 100-dən çox mühazirənin dinlənildiyini bildirərək, rezidentləri məruzələr ətrafında müzakirələrdə fəal iştirak etməyə çağırıb.
II Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova da rezidentlərin aparıcı mütəxəssis kimi formalaşmasında bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Eyni zamanda bəzi rezidentlərin seminarlarda iştirak etməyə həvəs göstərmədiklərindən təəssüfləndiyini deyib. Onları bu prosesə cəlb etməyin vacibliyini söyləyən professor, hər 3 mövzuda mühazirənin rezidentlər üçün faydalı olacağına əminliyini bildirib və məruzəçilərə uğurlar arzulayıb.
Bundan sonra məruzələrin təqdimatına başlanılıb. İlk olaraq II Mamalıq-ginekologiya kafedrasının dosenti Şəymən Qədimova “Ginekoloji təcrübədə sidikqaçırma, onun diaqnostikası və cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. “Nəzəri biliksiz praktika yoxdur. Təəssüf ki, rezidentlər birbaşa əməliyyatxanaya qaçmaq istəyirlər. Nəzəri biliklərini genişləndirmək istəmirlər” – deyən məruzəçi, məqsədinin ilk növbədə nəzəri biliklərini və təcrübəsini rezidentlərlə bölüşmək olduğunu söyləyib. Mütəxəssis qeyri-iradi sidikqaçırma ilə müşayiət olunan patologiyanın epidemiologiyası, əmələ gəlmə səbəbləri, növləri, müayinə və müalicə üsullarından danışıb. Xatırladıb ki, 2022-ci ilin statistikasına görə, dünyada qadınların 423 milyonu sidikqaçırmadan əziyyət çəkir. Onun sözlərinə görə, əsas risk faktoru yaşla əlaqədardır, qadınlar əsasən 35-dən yuxarı yaşlarda bundan şikayətlənirlər. Bədən kütlə indeksi də sidikqaçırmaya təsir göstərir. Doğuş və hamiləlik də əsas risk faktorlarındandır.
Məruzəçi şəxsi təcrübəsini də seminar iştirakçıları ilə bölüşərək, 2018-2022-ci illər ərzində II Mamalıq-ginekologiya kafedrasında müşahidə olunmuş 172 qadının müalicə nəticələri barədə məlumat verib.
“Sidiklik-uşaqlıq yolu fistullarının cərrahi müalicəsi bu gün” mövzusunda məruzə ilə çıxış edən Urologiya kafedrasının professoru Əlimərdan Bağışov, bu ağır patologiyanın mamalıq praktikasında ağır doğuşlar, ginekoloji praktikada isə ginekoloji əməliyyatlar zamanı sidik orqanlarının zədələnməsi nəticəsində əmələ gəldiyini bildirib. Qeyd edib ki, uşaqlıq yolu fistullarının 43 faizi mamalıq, 52 faizi ginekoloji, 2 faizi onkoloji mənşəlidir. Həmçinin məişət travmaları və digər səbəblərdən də baş verir.
Fistulun diaqnozunun qoyulmasında uroqrafiya, renoqrafiya, vaginoqrafiya da böyük rol oynayır. Fistulun müalicəsi xəstəliyin əlamətlərindən, ağırlıq dərəcəsindən, ətraf toxumanın nə qədər zədələnməsindən, kiçik çanaq orqanlarının əzələ toxumasının xarakterindən asılı olaraq konservativ və operativ üsullarla aparılır. Fistulun ən geniş yayılmış ağırlaşması xəstəliyin residiv verməsidir. Bu zaman xəstəyə təkrar radikal əməliyyat tətbiq etmək lazım gəlir.
Professor apardıqları 221 əməliyyat zamanı tətbiq etdikləri yenilikləri də rezidentlərlə bölüşüb.
Daha sonra Tədris Cərrahiyyə Klinikasının Laboratoriya şöbəsinin həkimi Leyla Həşimovanın “Sidik yolları infeksiyaları” mövzusunda məruzəsi dinlənilib. Hamiləlikdə risk faktorlarından danışan həkim, dəqiq diaqnoz qoyulması üçün ilk növbədə həmin nahiyənin florasını bilməyin vacibliyinə toxunub: “Əvvəlcə lazımlı bakteriyalar, sonra patogenezlər müəyyən edilməlidir. Sidik yollarının diaqnostikası 3 əsas kriteriya - klinik əlamətlər, iltihabi reaksiya və bakteriyanın izolyasiyası üzrə dəyərləndirilir. Hamiləlikdə rast gəlinən ən ağır forma kəskin pielonefritdir. Bu, sidik sistemini əhatə edən ən ciddi ağırlaşma və hamiləlik zamanı xəstəxanada yatışın əsas səbəblərindəndir. Son 20 ildə pielonefrit halları kəskin şəkildə azalıb. Bunun da əsas səbəbi asimptomatik bakteriuriyası olan qadınların vaxtında müalicə edilməsidir”.
İnteraktiv şəraitdə keçən seminarda məruzəçilər rezidentlərin hər 3 mövzuya dair çoxsaylı suallarını da cavablandırıblar.