18 aylıq körpədə cinsiyyət qüsuru aradan qaldırılıb
10.02.2023
Oğlan uşaqlar arasında rast gəlinən patologiyalardan biri cinsiyyət orqanının qüsuru ilə əlaqəli olan hipospadiya xəstəliyidir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi kafedrasının dosenti Vüqar Məhəmmədov sözlərinə görə, sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsuru olan hipospadiya təxminən 200 oğlan uşağından birində rast gəlinir. Müalicəsi yalnız cərrahi yolla uretranın xarici dəliyinin normal yerinə gətirilməsi, yanaşı rast gəlindiyi halda isə həm də cinsiyyət üzvündəki əyriliyin aradan qaldırılmasından ibarətdir. Cərrahi əməliyyat üçün optimal yaş ilk 6-18 aydır.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu günlərdə uşaq cərrahı V.Məhəmmədovun başçılığı ilə 18 aylıq körpədə də hipospadiyanın subkoronar forması ilə bağlı uretroplastika əməliyyatı icra olunub. Əməliyyat kaudal anesteziya altında, yəni uşaq dərin anesteziya almadan aparılıb:
“Adətən bu əməliyyatlar bir neçə mərhələdən ibarət olur. Biz isə xəstəmizdə əməliyyatı bir mərhələ ilə yekunlaşdırmağı planlaşdırırıq. Əvvəlki illərdə bu tip əməliyyatların sonradan ağırlaşması hallarına daha çox rast gəlinirdi. Lakin müasir dövrdə əməliyyat texnikasının inkişafı onun nəticəsinə çox müsbət təsir edir. 90-95 faiz hallarda əməliyyatlarımız fəsadsız keçir, 5-10 faiz hallarda təkrar əməliyyatlara ehtiyac qalır. Qüsurun formasından, dərinliyindən asılı olaraq əməliyyat müddəti 40 dəqiqə ilə 3-4 saat arasında dəyişə bilər”.
Doktor Vüqar Məhəmmədov bildirir ki, el arasında “anadangəlmə sünnətli” kimi adlandırılan bu xəstəliyin rast gəlmə tendensiyasında son illərdə artım müşahidə olunur. Buna görə də valideynləri daha diqqətli olmağa, qüsur aşkarlanan kimi əhkimə müraciət etməyə çağırır.