Cənub bölgəsinin sakinlərində bu xəstəliyə daha çox rast gəlinir
22.02.2023
Elə xəstəliklər var ki, insanın hansı bölgədə yaşaması, həmin ərazinin iqlimi ilə çox bağlıdır. Buna misal olaraq, böyrəkdə daşların yaranmasını göstərmək olar.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 78 yaşlı pasiyentdə perkutan nefrolitotripsiya əməliyyatı aparılıb və böyrək mövcud daşlardan təmizlənib. Əməliyyat icbari sığorta sistemi ilə ödənişsiz həyata keçirilib.
ATU-nun Urologiya kafedrasının baş laborantı Məmməd Məmmədovun sözlərinə görə, xəstə sağ bel nahiyəsində ağrı, ürəkbulanma və qusma, 39 dərəcə qızdırma şikayətləri ilə klinikaya müraciət edib. Məlum olub ki, bir ay öncə pasiyentin böyrəyinə stend taxılıbmış. Müayinə zamanı onun sağ böyrəyinin ləyənində ölçüsü 3 sm civarında olan mərcanvari daş aşkarlanıb. Əməliyyat vasitəsilə böyrək daşlarının çıxarılmasına qərar verilib və 1 saata qədər davam edən əməliyyat nəticəsində xəstə daşlardan azad olunub.
Urologiya kafedrasının dosenti Rəşad Məmmədov qeyd edir ki, böyrək daşının yaranması xəstənin yaşından asılı deyil: “Praktikamızda əməliyyat etdiyimiz ən kiçik xəstəmizin 2, ən yaşlısının isə 92 yaşı olub. Bu problem xəstənin hansı bölgədən olmasından daha çox asılıdır. Məsələn, böyrək daşlarına cənub bölgəsinin sakinlərində daha çox rast gəlinir. Bu, müəyyən irsi və metabolik xəstəliklərlə də bağlı ola bilir”.
Digər tərəfdən, böyrəkdəki daşlar tərkibinə görə də fərqlənir: həm infeksion daşlar, həm də oksalat olur. Azərbaycanda rentgen neqativ (urat) daşlara da kifayət qədər çox rast gəlinir. Bu isə azərbaycanlıların menyusunda ət yeməklərinin çox olması ilə əlaqədardır.
Rəşad Məmmədov deyir ki, böyrək daşlarının perkutan üsulla çıxarılması əməliyyatında əsas risk qanaxma ilə bağlıdır: “Çünki böyrək qanayan bir orqandır - dəqiqə ərzində böyrəkdən 1 litrə qədər qan keçir. İkinci risk anesteziya ilə əlaqəlidir. Lakin indiyədək bizim klinikada keçirdiyimiz əməliyyatlarda hər hansı problemli situasiya yaranmayıb”.