ATU-NUN TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASINDA ELMİ ŞURA YARADILIB
27.02.2023
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yeni orqan - təlim-tədris proseslərinin idarəedilməsi üzrə Elmi Şura yaradılıb.
Klinikanın direktoru, dosent Mücahit Avcilin sözlərinə görə, Elmi Şuranın yaradılmasında əsas məqsəd tədris planının qurulması, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərinin müzakirəsini təşkil etməkdən ibarətdir: “Belə bir qurumun yaradılması və fəaliyyəti çox əhəmiyyətlidir. Çünki ATU-un Tədris Cərrahiyyə Klinikasında vətəndaşlarımıza keyfiyyətli tibbi xidmətlər göstərilməsi ilə yanaşı, tələbələrin təhsili üçün də hərtərəfli şərait yaradılıb. Tələbələrin elmi işləri üçün klinikamızda şərait yaratmaq bizim fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edir. Əminəm ki, yeni yaradılmış Elmi Şurada təmsil olunan tanınmış və peşəkar həkimlərimiz, alimlər qurumun fəal və effektiv fəaliyyəti üçün böyük işlər görəcəklər”.
Qeyd edək ki, Klinikanın Elmi Şurasının sədri- TCK direktorunun müalicə işləri üzrə müavini professor Fariz Camalov, katibi - direktorun elmi işlər üzrə müavini professor Davud Pənahov, üzvləri isə II Cərrahi xəstəliklər kafedrasının dosenti Elçin Abdinov, üz-çənə cərrahiyyəsi kafedrasının professoru Çingiz Rahimov, I Cərrahi xəstəliklər kafedrasının professoru Nuru Bayramov, II Cərrahi xəstəliklər kafedrasının professoru Xaləddin Musayev seçiliblər.
Qərara əsasən, Elmi Şuranın üzvləri 3 aydan bir dəyişəcək.