Xəbərlər

I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB

I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB

03.04.2023

Aprelin 3-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında I Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konfransının açılışı olub. Konfransı giriş sözü ilə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb.

Giriş nitqində Azərbaycan Tibb Universitetində tələbə elmi cəmiyyətlərinin fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayan prorektor, tələbələrin elmi işə cəlb edilməsinin vacib məsələlərdən biri olduğunu bildirib: “Demək olar ki, universitetimizin yaranma tarixindən bu günə qədər TEC-in yüksək səviyyəli konfransları davam edir. İldən-ilə tələbələrin, kafedraların, o cümlədən müəllimlərin bu məsələyə münasibəti müsbət mənada dəyişir. Ümumiyyətlə, tələbələrin gələcək elmi fəaliyyətinin başlanğıcı Tələbə Elmi Cəmiyyətində formalaşır. Ən böyük alimlərimiz əksər hallarda tələbəlik illərindən bu prosesə qoşularaq elmi nailiyyətlər qazanırlar”.

Bir neçə il əvvəl Bakı Dövlət Universitetində 600-dən çox bal toplayan tələbələrin mütləq elmi işə cəlb edildiyini xatırladan prorektor, respublikamızda 600-dən yuxarı bal toplayan tələbələrin böyük əksəriyyətinin – ildə təxminən 350-450 nəfərin bizim universiteti seçdiyini söyləyib. O, tələbələrin bu konfranslarda iştirakının onların formalaşmasında ciddi əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, eyni zamanda elmi tədqiqata həvəs göstərən tələbələrlə işin düzgün qurulmasında ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov və fakültənin dekanı, dosent Elşad Novruzovun rolunu da yüksək qiymətləndirib.

S.Əliyev görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya gələn akademik Zərifə Əliyevanın, bütövlükdə bu ailənin Azərbaycan dövlətçiliyi və Azərbaycan səhiyyəsindəki misilsiz xidmətlərindən də danışıb. Belə bir tarixi şəxsiyyətin xatirəsinə həsr olunmuş tədbirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Bundan sonra akademikin həyat və fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Daha sonra ATU Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Müşfiq Həsənov konfransda çıxış edərək, TEC-də əsas fəaliyyətin tədris tədqiqat və elmi tədqiqat işləri istiqamətində aparıldığını diqqətə çatdırıb: “Əvvəlki illərdən fərqli olaraq tələbələrin daha erkən Tələbə Elmi Cəmiyyətinə cəlb edilməsinə şərait yaratdıq. Artıq universitetimizə qəbul olunan I və II kurs tələbələrini TEC-ə gətirməyə nail olmuşuq. Bunun bariz nümunəsidir ki, onlar Tələbə Elmi Cəmiyyətinin konfranslarında elmi məruzələrlə çıxış edirlər. Elmi tədqiqat işləri III kursdan sonra klinik kafedralarda tədrislə məşğul olan tələbələrimizə verilir və onlar klinikalarımızda həm klinik materiallar, həm laborator xidmətlərdən istifadə etməklə elmi tədqiqat işləri hazırlayırlar”.

O, tədbirin təşkilində I Müalicə-profilaktika fakültəsinin dekanlığının əzmlə çalışdığını, gözəl bir proqram ərsəyə gətirdiyini bildirərək, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın yubileyinə həsr edilmiş konfransda oftalmologiya, ümumiyyətlə tibb elmində olan yeniliklərin müzakirə ediləcəyini, alınan nəticələrin nəinki tələbələrimiz, elə müəllimlərimiz üçün də faydalı olacağını vurğulayıb. 

Yubiley konfransında ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur da akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıb. Bildirib ki, Azərbaycan tarixinin ən böyük 4-5 qadın şəxsiyyətlərindən biri olan Zərifə xanımı yaxından görmək, müşahidə etmək imkanı olub: “Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedadlı insan, dahi bir şəxsiyyətin ömür-gün yoldaşı və qayğıkeş ana idi. Onun böyük Vətən sevgisi vardı. Bu cür şəxsiyyətlər ölümsüzdür. Zərifə xanımın 1985-ci ilin 15 aprelindən ölümsüz həyatı başlanır. O, Azərbaycan xalqı, Azərbaycan oftalmologiyası durduqca, yaşayacaq”.

Açılış tədbirinin sonunda fakültənin dekanı, dosent Elşad Novruzov konfransın gedişatı ilə bağlı bəzi məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, obyektivliyi qoruyub saxlamaq üçün münsiflər heyətinin adları açıqlanmayıb. Hətta məruzəçilər də münsiflər heyətinin üzvlərini tanımırlar. Proqramda elmi rəhbərlərin adları da qeyd olunmayıb. Həmçinin Tələbə Elmi Cəmiyyətinin konfransının tezislər toplusu ilk dəfə olaraq beynəlxalq ISBN kodu ilə nəşr edilib.

Fakültənin dekanı konfransın yüksək səviyyədə təşkilinə görə rektor, professor Gəray Gəraybəyliyə, Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinə və texniki heyətə təşəkkürünü bildirərək, tələbələrin akademikin adına layiq məruzələrlə çıxış edəcəklərinə inandığını deyib.

Qısa fasilədən sonra konfrans öz işini panellər üzrə davam etdirib. Əvvəlcə tələbə tədqiqatçıların cərrahi panel üzrə məruzələri dinlənilib və müzakirələr aparılıb.

Xatirladaq ki, 3 gün davam edən konfransda aprelin 4-də terapevtik panel, aprelin 5-də isə təməl elmləri paneli üzrə məruzələrin təqdimatı və müzakirəsi olacaq.

I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB
I MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI KEÇİRİLİB