Xəbərlər

ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB

ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB

13.04.2023

Aprelin 13-də Azərbaycan Tibb Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konqresin açılış mərasimi olub. Konqres iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar. Bundan sonra dövlət himnimizin səsləndirilməsi ilə öz işinə başlayan Azərbaycan tibb tələbələri və gənc alimlərinin beynəlxalq konqresində universitetin rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edib.

İlk növbədə tədbirə qatılan qonaqları, professor-müəllim heyətini və tələbələri salamlayan rektor, 2023-cü ilin Heydər Əliyev ili elan edildiyini və tariximizdə silinməz iz qoyan, Azərbaycanın ən parlaq və tanınmış siması olan dahi şəxsiyyət, uzaqgörən siyasi liderin 100-cü ildönümünün bütün ölkə üzrə qeyd olunduğunu bildirib.

O, ümummilli lider Heydər Əliyevin öz həyatını doğma xalqına həsr etdiyini, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət göstərdiyini diqqətə çatdırıb: “Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda məhz Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikamızda həkim kadrlarının və tibb alimlərinin hazırlığı yüksək vüsət aldı, mövcud səhiyyə ocaqları abadlaşdırıldı, yeni tibb müəssisələri, yeni elmi mərkəzlər açıldı, elmi-tədqiqat institutlarının fəaliyyəti xeyli canlandı. Fərəhli haldır ki, Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə iki dəfə - 1998 və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində oldu. O hər gəlişində geniş nitq söylǝyǝrǝk həm tələbələrə, həm professor-müəllim heyətinə, həm də bütövlükdə bütün səhiyyə işçilərinə dəyərli tövsiyələrini verdi. 2002-ci ildə isə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin ilk klinikası olan Stomatoloji Klinikanın yaradılması haqqında qərar qəbul edildi. Məhz ümummilli liderin göstərişi ilə universitetimizdə Hərbi tibb fakültəsi yaradıldı”.

Ulu Öndərin səhiyyə sahəsində başladığı islahatları bu gün ölkə başçısı İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan rektor, son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, geniş islahatlar aparıldığını bildirib: “Tibb müəssisələrinin maddi-texniki bazası ciddi dərəcədə möhkəmləndirilib. Təkcə bu faktı demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunub. Azərbaycan xalqı  Ulu Öndərimizi sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bu günkü beynəlxalq konqres də ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə tibb ictimaiyyətinin, elm adamlarının və tələbələrimizin sonsuz ehtiramının bariz nümunəsidir”.

Professor G.Gəraybəyli konqresdə qardaş Türkiyədən, Özbəkistan və Qazaxıstan respublikalarından, Dağıstan Muxtar Respublikasından ən tanınmış mütəxəssislərin, tələbələrin və gənc alimlərin iştirak etdiyini diqqətə çatdırıb: “Hər zaman bizim tədbirlərdə aktiv şəkildə iştirak edən Türkiyənin Pelvik Ağrı və Endometrioz dərnəyinin başqanı, professor Erkut Attar və onun rəhbərliyi ilə 6 nəfərlik nümayəndə heyəti də bu gün bizimlədir. Tədbirimizdə həmçinin Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərliyi ilə professor-müəllim və tələbə heyəti, eləcə də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin başçılığı ilə 30 nəfərə yaxın professor-müəllim və tələbələrdən ibarət geniş nümayəndə heyəti iştirak edir. Eyni zamanda İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialının nümayəndə heyəti də konqresimizə qatılıb. Konqresin proqramına nəzər saldıqda görürük ki, tələbələrimiz və gənc alimlərimiz günümüzün ən aktual mövzularına müraciət ediblər”.

Çıxışının sonunda maraqlı müzakirələrin aparılacağına və nəticələrin həm tələbələr, həm də gənc alimlər ucun çox faydalı olacağına əminliyini ifadə edən rektor, konqresin işinə uğurlar arzulayıb.

Bakı Dövlət Universitetinin rektoru, dosent Elçin Babayev 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin cəmi iki fakültəsindən birinin tibb fakültəsi olduğunu xatırladıb. Bakı Dövlət Universiteti ailəsi adından konqres iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətimizin tarixində misilsiz yeri və rolu var: “Şərəflə yaşadığı ömrünün təxminən 35 ilini Azərbaycana rəhbərlik edən, müstəqil Azərbaycanın qurucusu olan, əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər elmin, təhsilin, iqtisadiyyatın, eləcə də səhiyyənin, tibb elminin dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlara həkk olunub. Heydər Əliyev hər zaman tibb işçilərinə böyük qayğı göstərib və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayıb. Ulu Öndərin elm-təhsil və səhiyyə sahəsində müstəsna xidmətlərindən danışarkən xatırlatmaq lazımdır ki, tibb üzrə xarici mütəxəssis və alimlərin Azərbaycana gəlişi, yerli mütəxəssislərlə əlaqələrin qurulması, tibb elmi və tibb strategiyası ilə əlaqədar davamlı inkişaf strategiyası birmənalı olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu elm və təhsil siyasəti, zəngin maarifçilik ideyaları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən böyük əzm və uğurla həyata keçirilir”.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışı zamanı Ulu Öndərin müxtəlif vaxtlarda dörd dəfə Naxçıvan Dövlət Universitetində olduğunu xatırladaraq, ali təhsil ocağının inkişafını daim diqqətdə saxladığını vurğulayıb.  Qeyd edib ki, Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin yaradılmasının, inkişafının, bugünkü səviyyəyə çatmasının birbaşa memarıdır. O, Heydər Əliyevin 100 illik yubileyinin təkcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda da böyük coşqu ilə qeyd olunduğunu  söyləyib. Bu nöqteyi-nəzərdən beynəlxalq səviyyəli tibb konqresinin əhəmiyyətindən söz açan E. İsayev, eyni zamanda Azərbaycan Tibb Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin genişlənməsindən məmnunluğunu dilə gətirib.

Türkiyə İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, Türkiyə Pelvik Ağrı və Endometrioz dərnəyinin rəhbəri, professor Erkut Attar və Özbəkistan Səhiyyə Nazirliyinin nümayəndəsi, professor Nematjon Ergashev də çıxış edərək, bu mötəbər konqresdə iştiraklarından məmnun qaldıqlarını, burada aparılan təcrübə mübadiləsinin bütün iştirakçılar üçün faydalı olacağını söyləyiblər.

Konqres iş planına uyğun olaraq nəzəri təbabət, cərrahiyyə, ginekologiya, stomatologiya, terapiya, humanitar ictimai və digər bölmələr üzrə işini davam etdirib. Sessiyalarda həm azərbaycanlı, həm də xarici mütəxəssislərin məruzələri dinlənilib.

ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB
ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONQRES İŞƏ BAŞLAYIB