Xəbərlər

SONSUZLUĞUN SƏBƏBİNİ TƏKCƏ QADINDA AXTARMAQ DÜZGÜN DEYİL

SONSUZLUĞUN SƏBƏBİNİ TƏKCƏ QADINDA AXTARMAQ DÜZGÜN DEYİL

19.04.2023

Tanınmış mama-ginekoloq deyir ki, hamiləlik üçün ideal dövr 20-30 yaş aralığıdır

 

Cəmiyyətdə həmişə olduğu kimi, bu gün də ginekoloji problemlər aktual olaraq qalır. Bu barədə suallarımızı ATU-nun II Mamalıq-ginekologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq, cərrah Nərgiz Şəmsəddinskaya cavablandırıb.

O, bildirib ki, ginekoloji xəstəliklər içərisində yayılmasına görə iltihabi xəstəliklər birinci yerdədir. Müraciət edən xəstələrdə ilk olaraq spesifik ginekoloji müayinələr - yəni güzgülərdə baxış, bimanual müayinə aparılır və ümumi yaxma götürülür. Cinsi yolla keçən infeksiyanı aşkar etmək üçün polimeraz zəncirvari reaksiyadan (PZR) istifadə edilir. Uşaqlıq boynunda patoloji proses müşahidə edilərsə, pap yaxma götürülür və kolposkopiyanın nəticəsindən asılı olaraq, xəstələr üçün müalicə taktikası seçilir. Qadınların müayinəsi zamanı qeyri-invaziv obyektiv üsul olan ultrasəs müayinəsindən (USM) çox geniş istifadə edilir.

Həkim şəxsi praktikasına əsasən, iltihabi xəstəliklər, birincili və ikincili sonsuzluq, həmçinin inkişafdan qalmış hamiləliklə bağlı müraciətlər olduğunu qeyd edir. Mama-ginekoloqun sözlərinə görə, bu cür problemlər ilk hamiləlik zamanı daha çox müşahidə edilir. Müasir dövrdə müayinə üsullarının və avadanlıqların artmasına baxmayaraq, belə narahatlıqlara tez-tez rast gəlinir. Birincili və ikincili sonsuzluğun bir çox səbəbləri var. Sonsuzluğun səbəbləri arasında həm qadın, həm də kişi sonsuzluğu olduğu üçün ailənin hər iki üzvü yoxlanılmalıdır. Bundan əlavə, erkən düşük təhlükəsi, inkişafdan qalmış hamiləlik, eləcə də 12 həftəyə qədər itkilər 50 faiz hallarda atadan asılıdır. Bu baxımdan təkcə qadının deyil, kişinin də müayinəyə cəlb edilməsi vacibdir.

N.Şəmsəddinskaya ginekoloji xəstəliklərdə qohum nikahların roluna da toxunaraq qeyd edir ki, belə hallarda düzgün anamnezin toplanması, müayinə üsullarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir: “Çox zaman genetik mütəxəssislə də məsləhətləşirik. Həyata keçirilən kompleks müayinələr və müalicələr öz müsbət təsirini göstərir. Çətin vəziyyətlərdə yeni texnologiyanın imkanlarından da bəhrələnərək süni mayalanma, embrionların genetik yoxlanılmasını aparırıq və nəticədə hamiləlik baş tutur”.

Müsahibimiz ana olmağa hazırlaşan qadınlarla yanaşı, qız uşaqlarının da ginekoloji müayinədən keçməsinin vacibliyini diqqətə çatdırıb. O, əksər hallarda valideynlərin qızlarını ginekoloji müayinəyə gətirmək istəmədiklərindən təəssüfləndiyini bildirsə də, son dövrlərdə ginekoloqlara erkən müraciət edənlərin sayının çoxaldığını, bunun müxtəlif xəstəliklərin vaxtında aşkar edilməsində mühüm əhəmiyyəti olduğunu söyləyib. Yeniyetmə yaşlı uşaqların müraciətlərinin səbəbləri arasında aybaşı pozulmaları aparıcı yer tutur.

Müayinə üsullarından söz açan həkim, patologiyadan asılı olaraq müayinə və müalicə üsullarının seçimində digər sahələrin mütəxəssisləri ilə birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb: “Əgər endokrin pozulmalar varsa, qanda hormonal fon öyrənilməlidir. Metobolik sindrom, şəkərə meyllilik, yumurtalıqların polikistoz sindromu zamanı müayinə və müalicəni endokrinoloqla birgə aparmaq lazımdır”.

Bütün mama-ginekoloqların ilk növbədə təbii doğuşa üstünlük verdiklərini deyən mütəxəssisin sözlərinə görə, doğuşun cərrahi yolla aparılması hallarının faizi yüksəlsə də, aparılan düzgün tibbi maarifləndirmə hamilə qadınların fikirlərini dəyişməsinə səbəb olur. Əvvəllər çanağın anatomik ölçülərinə xüsusi fikir verilirdisə, bu gün hamilə qadında anatomik dar çanaq yox, doğuş zamanı meydana çıxan klinik dar çanaq (döl başı ilə çanağın ölçülərinin uyğun gəlməməsi) anlayışından istifadə olunur. Yəni qadın çanağının ölçüləri kiçik olsa da, dölün ölçüləri klinik olaraq uyğundursa, doğuşun təbii yolla aparılmasında problem yoxdur. Doğuş zamanı ana və ya döl tərəfindən göstərişlər olarsa, təcili kesar əməliyyatı aparılmasına qərar verilir.

Ən obyektiv müayinə üsulu kimi tanınan kardiotokoqrafiya (KTQ) vasitəsilə hətta 32 həftəlikdən yuxarı olan hamiləlikdə dölün bətndaxili vəziyyətini qiymətləndirməyin mümkünlüyünü deyən həkim, müayinə zamanı dölün vəziyyətində hər hansı bir dəyişiklik meydana çıxarsa, həftəsindən asılı olmayaraq hamiləliyi müvafiq üsulla başa çatdırmağı məsləhət görür. Son illərdə neonatoloji xidmətin xeyli inkişaf etməsi vaxtından əvvəl doğulmuş, hətta az çəkili və zəif yenidoğulmuşları həyatda saxlamağa imkan yaradır.

Həkim müxtəlif ginekoloji xəstəliklərin müalicəsində fərqli cərrahi müdaxilələrin tətbiqindən də danışıb. Bildirib ki, daha çox rast gəlinən müxtəlif ölçü və formalı miomaların müalicəsində cərrahi müdaxiləyə həmişə ehtiyac olmur. Amma qarın nahiyəsində ciddi ağrıların baş verməsi, miomaların böyüməsi və şiddətli qanaxmalar cərrahi müdaxiləyə göstərişdir. Bu həm də fərdi xarakter daşıyır. Xəstələrə hərtərəfli baxış aparılmalı və lazımi taktika seçilməlidir. Mioma əməliyyatı əvvəllər ancaq laparotomiya üsulu ilə aparılırdısa, müasir tibdə laparoskopiya və histeroskopiya üsullarından da geniş istifadə olunur. 

Papilloma virus daşıyıcısı olan qadınlarda uşaqlıq boynu xərçəngi riskinin artdığını və bu hal aşkarlanarsa, mütləq kolposkopiya müayinəsi aparmağın zəruriliyini vurğulayan N.Şəmsəddinskaya, bəzi ginekoloji xəstəliklərin hətta boşanmalara gətirib çıxarmasına da diqqət çəkib. Boşanma səbəbləri arasında sonsuzluq, cinsi həyatda yaranan davamlı problemlər və s. xüsusi yer tutur: “Sonsuzluğa və təkrar düşüklərə gətirib çıxaran amillər cinsi orqanların anadangəlmə qüsurları, hormonal problemlər, o cümlədən qohum nikahlarıdır. Cinsi əlaqə zamanı uyğunsuzluq və digər yarana biləcək səbəblər ailənin bünövrəsinin sarsılmasına səbəb ola bilər. Əgər cinsi əlaqə zamanı qanlı ifrazat varsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki cinsi əlaqədən sonra qanlı ifrazatın olması təhlükəli, xərçəngönü xəstəliklərin erkən mərhələdə müayinəsini şərtləndirən əlamətlərdir”.

Həkimin sözlərinə görə, mütəxəssisə çox gec müraciət edilməsi və bəzən qızların vaxtında ailə qurmaması da ginekoloji problemlərin artmasına rəvac verən əsas səbəblərdəndir. Hamiləliyin təxminən 20-30 yaş arasında reallaşmasını uyğun bilən mama-ginekoloq, gənc qadınlara, xüsusilə də qız uşaqlarına erkən müayinəyə gəlməyi, yumurtalıqların vəziyyətini qiymətləndirmək üçün ən azı ultrasəs müayinəsindən keçməyi məsləhət görüb.

SONSUZLUĞUN SƏBƏBİNİ TƏKCƏ QADINDA AXTARMAQ DÜZGÜN DEYİL
SONSUZLUĞUN SƏBƏBİNİ TƏKCƏ QADINDA AXTARMAQ DÜZGÜN DEYİL