Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirilib
18.06.2024
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Öncə Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış “Ulu öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı sənədli film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Asif Əsgərov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Əsədulla Sultanov Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırıldığını qeyd edib. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Daha sonra çıxış edən Hemotologiya və Transfüzologiya İnstitutunun direktoru Sərdar Əsədov və digərləri Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirdilər ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi-texniki baza ilə təmin olunmuşdur.
Sonda yubileyləri münasibəti ilə eyni zamanda səhiyyədə xidmətlərinə görə bir qrup səhiyyə işçisinə hədiyyələrin təqdim olunması mərasimi keçirildi.