ATU-da "Süd vəzi xəstəliklərində şüa-diaqnostika” mövzusunda konfrans keçirilib
22.06.2024
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Süd vəzi xəstəliklərində şüa-diaqnostika” mövzusunda konfrans keçirilib. Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının təşəbbüsü, Uptodate in Medicine təşkilatının texniki dəstəyi ilə baş tutan tədbirdə tanınmış onkoloqlar, tibb mütəxəssislərinin mövzu ilə bağlı müxtəlif aspektləri əhatə edən məruzələr səsləndirilib, müzakirələr açılıb.
ATU-nun Onkoloji Klinikasının baş həkimi, Onkologiya kafedrasının dosenti, Nigar Mehdiyeva açılış nitqi ilə çıxış edərək assosiasiyanın fəaliyyəti və əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat verib. Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının beynəlxalq əlaqələrini genişləndirdiyini, artıq təşkilatın Türkiyədə, Çində beynəlxalq şəbəkələrə üzv qəbul edildiyini bildirib. N.Mehdiyeva konfrans mövzusunun çox aktual məsələlərə aid olduğunu və iştirakçılar üçün faydalı olacağından əminliyini qeyd edib. Həmçinin, ölkələr arasında əməkdaşlığı gücləndirmək, onkoloji yardımda ən müasir diaqnostik və terapevtik prosedurların tətbiqini təşviq etməyin də əsas məqsədlər sırasında olduğunu bildirib.
ATU-nun Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası tərəfindən həyata keçirilən önəmli layihələr və gələcək planları haqqında məlumat verib.
Daha sonra konfrans işinə başlayıb. Milli Onkologiya Mərkəzinin onkoloqu Dr. Aysel Gəncəliyeva radioloqların süd vəzi xəstəliklərinin profilaktika, diaqnostika, müalicə və müşahidəsi dövründə multidissiplinar komandanın digər üzvlərindən gözləntilər barəsində danışıb. J.W.Goethe Frankfurt Universitet Klinikası Ginekologiya və ginekoloji Onkologiya şöbəsinin onkoloqu Dr. Xəyal Qasımlı süd vəzi xəstəliklərinin şüa-diaqnostikasında Almaniya təcrübəsini bölüşüb. Milli Onkologiya Mərkəzinin radioloqu, tibb üzrə fəlsəfə doktoru Anar Kazımov, ATU-nun şüa diaqnostikası və radiologiya kafedrasının assistenti Günel Əliyeva və digərləri süd vəzi xərçənginin müalicəsində erkən diaqnostikanın əhəmiyyəti, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınmasında müasir yanaşmalardan bəhs edən fikirləri səsləndiriblər.
Konfransın sual-cavab sessiyasında iştirakçılar məruzələrdə səslənən elmi fikirlər, süd vəzi xəstəliklərinin müalicəsində tətbiq edilən yeni üslublar haqqında fikir mübadiləsi aparıblar. Çıxışlar zamanı süd vəzi xəstəliklərin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığı bildirilib, onkoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı müəyyən təkliflər səsləndirilib.