Əməkdaşlarımız Çində beynəlxalq konfransda məruzələr oxuyub
16.09.2024
6-8 sentyabr 2024-cü il tarixlərində Cin Xalq Respublikasının Hefei şəhərində Beynəlxalq Urolitiaz Alyansının13-cü konfransı keçirilib. Bu Cəmiyyət dünyada böyrək və sidik axarı daşı xəstəliyinin araşdırılması, müayinə və müasir müalicəsi məsələləri ilə məşğul olan ən böyük təşkilatdır.
49 ölkədən 800-ə yaxın uroloqun qatıldığı konfransda 120-dən çox elmi məruzə və 23 canlı əməliyyat təqdim edilib. Dünya səviyyəli alimlərin iştirakı ilə yanaşı, urologiyanın canlı əfsanələri sayılan professor Artur Smith (ABŞ), professor Peter Alken (Almaniya), Chawnshang Chang (ABŞ) leksiyalar oxuyublar.
Ölkəmiz beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin iki əməkdaşı ilə təmsil olunub. Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev “Perkutan nefrolitotomiya zamanı istifadə olunan müasir daşqırma sistemləri”, Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, dosent Fikrət Əhmədov isə “Azərbaycanda daş cərrahiyyəsinin tarixi” haqqında elmi məruzələr təqdim ediblər.