ATU-da “Cərrahi platforma” tədris portalının təqdimatı keçirilib
17.09.2024
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalının təqdimatı keçirilib. ATU-nun I cərrahi xəstəliklər kafedrasının və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən hazırlanan portal tələbələr və rezidentlər üçün nəzərdə tutulub.
Təqdimat mərasimində çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov yeni formatda hazırlanmış portalın cərrahi xəstəliklərin tədrisində tələbələr üçün çox faydalı olacağını bildirib. O, portalda ümumi cərrahiyyəyə dair məlumatlarla yanaşı, həmçinin patologiyalar, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müasir biliklərin yerləşdirildiyini bildirib.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev təhsildə keyfiyyətin artırılmasında rəqəmsal proqramların mühüm rol oynadığını qeyd edib. Təhsil və elmin inkişafında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nümunəsi kimi “Cərrahi platforma”nın bütün istifadəçilər üçün xeyirli olacağından əminliyini bildirib.
Professor Məmməd Kərimov və ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, professor Məlahət Sultanova çıxış edərək, elektron elmə keçid sahəsində bu cür platformaların tətbiqinin vacibliyindən danışıblar.
Daha sonra AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov tədbir iştirakçılarına saytı təqdim edib. Əsasən 3 bölmədən ibarət olan portalda istifadəçilər üçün Anatomiya və fiziologiya, Differensial diaqnoz, Əməliyyatlara dair müxtəlif məlumatlarla tanış ola bilərlər. Platformada müxtəlif kateqoriyalar üzrə axtarışın tətbiqi istifadəçilərin daha tez və rahat üsulda axtardığı məlumatı əldə etməsinə yardımçı olacaq.