Uşaq cərrahlarımız Rusiyada beynəlxalq konfransda iştirak edib
25.09.2024
ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov və həmin kafedranın assistenti Namiq Xəlilov bu günlərdə Rusiyanın Stavropol şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransdan qayıdıblar.
Əməkdaşlarımız Stavropol Dövlət Tibb Universiteti və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Şimali Qafqazda uşaqlarda cərrahiyyə, onkologiya, anesteziologiya və reanimatologiyanin aktual problemləri”nə həsr edilmiş tədbirdə moderator və çıxışçı qismində iştirak ediblər. Konfransa Rusiya, Azərbaycan, Belarus və Özbəkistandan aparıcı mütəxəssislər, regionun praktik səhiyyə həkimləri, həmçinin həkim-ordinator və rezidentlər qatılıblar.
Açılış mərasimində çıxış edən Stavropol Tibb Universitetinin rektoru, professor V.N.Majarov, Rusiya Uşaq Cərrahları Assosiasiyasının sədri, professor A.Y.Razumovski, universitetin Uşaq cərrahlığı kafedrasının müdiri, professor S.V.Minayev və başqaları müzakirəyə çıxarılan məsələlərin uşaq sağlamlığı üçün aktual olduğunu qeyd ediblər. Bildirilib ki, bilik və iş təcrübəsi mübadiləsi Rusiyanın cənubunda, Şimali Qafqazda və ölkənin digər regionlarında uşaqlara göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.
Torokoabdominal cərrahiyyə, abdominal cərrahiyyə, uşaq cərrahiyyəsi və onkologiyada innovativ texnologiyalar, uşaq cərrahiyyəsində yeni metodlar və orijinal kliniki hallar kimi bölmələrdə davam edən konfrans çərçivəsində professor R.Poluxov “Uşaqlarda yoğun bağırsağın rezeksiyası zamanı sirkulyar steplerin transanal tətbiqi”, assistent N.Xəlilov isə “Uşaqlarda pilonidal sinusun cərrahi müalicəsi taktikası” mövzularında çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Tədbirin təntənəli axşam yeməyində Azərbaycanı təmsil edən həkimlərə söz verilib. N.Xəlilov Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub, ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərindən danışıb. Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının prezidenti R.Poluxov Assosiasiyanın adından təbrik məktubunu səsləndirib.
Qeyd etmək lazımdır ki, MDB məkanında tanınmış cərrahların məruzə etdiyi belə mötəbər konfransda əməkdaşlarımızın universitetimizi layiqincə təmsil etməsi, eləcə də tibbin bu sahəsi üzrə elmin son nailiyyətləri ilə tanış olması mühüm hadisədir.