Kişi sonsuzluğu mövzusunda seminar keçirilib
09.10.2024
ATU-nun Rezidentura və Magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikasının Klinik-Diaqnostik Laboratoriya şöbəsi ilə birgə rezidentlər üçün “Kişi sonsuzluğu” (İnfertilite) mövzusunda seminar keçirib.
Seminarda açılış nitqi söyləyən tədbirin moderatoru və təşkilatçısı, Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilovu bildirib ki, TCK-nın laboratoriya şöbəsi xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirir. Qeyd edib ki, erkən doğulan oğlan uşaqlarında əksər hallarda bir və ya ikitərəfli kriptorxizm müşahidə olunur. Xəstələr vaxtında cərrahi əməliyyat olunmazsa, gələcəkdə kişi sonsuzluğuna gətirib çıxara bilər.
Klinik-Diaqnostik Laboratoriya şöbəsinin müdiri Leyla Həşimova kişi sonsuzluğunun diaqnostikasında laborator müayinələrin rolundan bəhs edib və seminarın işinə uğurlar arzulayıb.
Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova sonsuzluğa təsir edə biləcək biokimyəvi göstəricilər haqqında məlumat verib. Həmin kafedranın professoru Tahirə Əsgərova isə sonsuzluğa səbəb olan genetik xəstəliklərdən geniş bəhs edib və öz təcrübəsini gənc mütəxəssislərlə paylaşıb.
Sonra Klinik-Diaqnostik Laboratoriya şöbəsinin həkimi Bəsti Məmmədova kişi sonsuzluğunun etiologiyası, klinik əlamətləri, laborator diaqnostikası, müalicə və profilaktikası haqqında ətraflı məlumat verib: “Son zamanlar hər 6-7 evlilikdən birində sonsuzluğa rast gəlinir. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, bizdə də evli cütlüklər arasında təbii yolla döllənmə prosesi mənfi tendensiya ilə artmaqdadır. Əgər evli cütlüklərdə heç bir qorunma olmadan düzənli cinsi əlaqə şəraitində 1 il ərzində hamiləlik baş verməzsə, bu hal sonsuzluq adlanır. Bu hal yaş tendensiyalarına görə dəyişir. Belə ki, qadının yaşı 35-40 aralığındadırsa və hamiləlik baş verməzsə 6 ay, 40 yaş üstündədirsə 3 ay sonra həkimə müraciət olunmalıdır”.
Sözünə davam edən həkim sonsuzluğun 30-40% halda kişilərdəki patologiyalardan qaynaqlandığını deyib. Bildirib ki, hormonal disfunksiyalar, anadangəlmə irsi xəstəliklər, infeksion xəstəliklər, baş-beyin və testislərin travma və şişləri, orqan patologiyaları, metabolik sindromlar, kimyaterapiya, radioterapiya və s. bu patologiyalara aiddir. O, laborator diaqnostikada istifadə olunan eyakulyatın müayinəsi və təhlili, hormonların (LH, FSH, testesteron), Zn və fruktozanın təyini, MAR testi, poskoital test və kruger boya haqqında seminar iştirakçilarına məlumat verib. Bundan sonra mövzuya uyğun hazırlanmış, klinik hallara dair test sualları rezidentlərə təqdim olunub.
Seminarda klinikanın Urologiya şöbəsinin həkimi Timurçin Məhərrəmbəyli və həkim-rezidentlər, həmçinin Klinik-Diaqnostik Laboratoriya şöbəsinin birinci və ikinci kurs həkim-rezidentləri iştirak ediblər.
Sonda mövzu ətrafında geniş diskussiyalar aparılıb.