İcbari tibbi sığortanın Xidmətlər Zərfinə dəyişikliklərlə bağlı müzakirə keçirilib
21.10.2024
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Xidmətlər Zərfinin yenilənməsi məqsədilə ictimai müzakirələrə başlayıb. Belə ki, icbari tibbi sığortanın təminat verdiyi invaziv kardioloji və kardiocərrahi xidmətlərin optimallaşdırılması məqsədi ilə müzakirələr təşkil edilib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) Kardio Cərrahiyyə şöbəsinin müdiri, kardio-cərrah, dosent Mirəli Məcidov, Klinikanın konsultativ poliklinikanın həkim kardioloqu Ziya Kərimov iştirak ediblər. Müzakirələrdə həmçinin Azərbaycan Kardiologiya Cəmiyyətinin, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədr, müavin və üzvləri, Səhiyyə Nazirliyinin və TƏBİB-in səlahiyyətli invaziv kardioloqları və ürək-damar cərrahları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, ictimai müzakirələrin əhəmiyyəti, yalnız mütəxəssislərin fikirlərini dinləməklə bitmir: “Bu, eyni zamanda, cəmiyyətin tələblərini, gözləntilərini və fikirlərini öyrənmək, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün bir platformadır. Təminata alınan tibbi xidmətlərin çeşidinin artırılması və tənzimlənməsi vətəndaşlarımızın rifahına müsbət təsir göstərəcək”.
Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov xidmətlər üzrə tariflərin hesablanması üçün qiymətə təsir edən xüsusi tibbi sərfiyyat və tibbi ləvazimatların siyahısını tərtib etməyi təklif edib. Həmçinin gələcək illərdə baza tariflərlə yanaşı yaş, cins və digər amilləri nəzərə alan risk əsaslı əmsalların tətbiqinin mümkünlüyünü qeyd edib.
Həkimlər bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.
Müzakirələrdə Nərgiz Ağayeva yeni xidmətlərin əhatə dairəsini, onların təfərrüatlarını və istifadəsi qaydalarını ətraflı şəkildə izah edib. Hər bir xidmətin təminata alınmasının məqsədi, üstünlükləri və tətbiq sahələri barədə dolğun məlumat verib və həkimlərin suallarını cavablandırıb.
Qeyd edək ki, analoji müzakirələrin həmçinin neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.