ATU əməkdaşları beynəlxalq konfransda ölkəmizi təmsil edib
01.11.2024
Oktyabrın 18-dən 19-dək Əndican Dövlət Tibb İnstitutunda “Uşaq cərrahiyyəsi, anesteziologiya və reanimasiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
Onlayn və oflayn (hibrid) formatda baş tutan konfransın əvvəlində institutun rektoru M.Mədəzimov tədbirin əhəmiyyətindən və aktuallığından danışıb. Özbəkistanın səhiyyə naziri A.Xudoyarov və Əndican vilayətinin meri Ş.Abduraxmonovun iştirakçılara ünvanlanmış təbrikləri oxunub.
Tədbirdə ölkəmizi təmsil edən ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının müdiri, Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının (AUCA) prezidenti, professor Ramiz Poluxov və assistent Namiq Xəlilov ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və AUCA-nın təbrik məktublarını səsləndiriblər.
Plenar iclasda “Uşaqlarda öd yollarının kistoz transformasiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma”, “Uşaq anesteziologiyasında müasir inhalyasiya anesteziyası”, “Qarın boşluğunun kompression stenozu” kimi mövzularda 11 məruzə dinlənilib. Sonra konfrans “Anesteziologiya və reanimasiya, rekonstruktiv plastik cərrahiyyə, üz-çənə cərrahiyyəsi, ürək cərrahiyyəsi”; “Uroginekologiya, koloproktologiya” və “Torako-abdominal cərrahiyyə” bölmələrində öz işini davam etdirib.
Professor R.Poluxov "Uşaqlarda yoğun bağırsağın laporoskopik rezeksiyası zamanı dairəvi steplerlərin transanal istifadəsinin nəticələri" və "Qastroşizisin diaqnozu və müalicəsinin bəzi aspektləri", N.Xəlilov isə "Uşaqlarda ona-büzdüm nahiyəsi teratomlarının diaqnostikası və cərrahi müalicəsi" mövzusunda çıxış ediblər. Onlar həm də ayrı-ayrı bölmələrin moderatoru olublar.
Konfrans çərçivəsində Əndican Dövlət Tibb İnstitutu ilə ölkəmizin müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məsələlərindən danışılıb. Bundan başqa, alimlərimizin iştirakı ilə Regional Multidissiplinar Tibb Mərkəzində “Uşaqlarda qarın boşluğunun kiçik invaziv əməliyyatları” mövzusunda ustad dərsləri və praktik proseslər təşkil olunub.
Tədbirdə ABŞ, Rusiya, Azərbaycan, Cənubi Koreya, Qırğızıstan, Qazaxıstan, Belarus, Tacikistandan olan alim və mütəxəssislərlə yanaşı, institutun professor-müəllimləri, magistrantlar, klinik rezidentlər və yuxarı kurs tələbələri iştirak ediblər.