Qalxanabənzər vəzin düyünlərinin müalicəsində lazer termoablasiya üsulu nümayiş etdirilib
27.02.2025
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Qalxanabənzər vəzin düyünlərinin müalicəsində lazer termoablasiya üsulu” mövzusunda beynəlxalq təlim keçirilib.
ATU-nun l Cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d.Azər Hümmətov moderatorluğu ilə keçirilən seminarda Azərbaycanla yanaşı, xarici ölkələrin mütəxəssisləri də iştirak ediblər. Təlimin ilk hissəsində Azər Hümmətov “ Lazer ablasiya üsulunun texniki gedişi, göstərişlər və əks-göstərişlər” haqqında çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Daha sonra “düyün” maketləri üzərində Biolitec cihazının lazer lifi ilə ablasiyanın aparılması texniki vərdişləri nümayiş etdirilib. Tədbir iştirakçıları da moderatorun nəzarəti ilə bu proseduru yerinə yetiriblər. Təlimin praktiki (vorkşop) hissəsində “Real” hospitalın əməliyyatxanasında A.Hümmətov tərəfindən Düyünlü ur diaqnozu təyin edilmiş 3 xəstədə yerli keyləşdirmə ilə Lazer ablasiya proseduru yerinə yetirilib. Təlim iştirakçıları əməliyyatı canlı izləmək imkanı qazanıblar.
Sonda həkimlər belə praktiki kursların təşkilinə görə ATU, Tədris Cərrahiyyə Klinikası və I cərrahi xəstəliklər kafedrasının rəhbərliyinə təşəkkür edərək ustad dərslərinin daha çox olmasını arzulayıblar.