Ağız və üz-çənə cərrahı hansı xəstəlikləri müalicə edir?
Ağız və üz-çənə cərrahiyyəsi üz-çənə nahiyəsinin iltihabi proseslərinin, travmatik zədələnmələrinin, andangəlmə və qazanılma qüsur və deformasiyalarının, xoş və bədxassəli yeni törəmələrinin etologiyasını, patogenezini, müalicə və diaqnostikasını öyrənən, cərrahiyyənin mühüm sahəsidir.
Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində aparılan əməliyyatları təcili və planlı olmaqla iki qrupda birləşdirmək olar. Təcili əməliyyatlara üz-çənə və boyun nahiyəsinin odontogen (diş mənşəli) və qeyri-odontogen iltihabi proseslərinin müalicəsini, üz-çənə nahiyəsinin yumşaq və sərt toxumalarının travmatik zədələnmələrinin, üz skeleti sümüklərinin sınıqlarının operativ müalicəsini aid etmək olar.
Planlı əməliyyatlardan isə ağız, diş cərrahiyyəsini və dental impantasiya kimi əməliyyatları, tüpürcək vəzilərinin xəstəliklərinin cərrahi müalicəsini, gicgah-çənə oynağı xəstəliklərinin müalicəsini, anadangəlmə dodaq və damaq yarıqlarının bərpasını, diş-çənə sistemi anomaliyalarında aparılan ortognatik əməliyyatları (çənənin önə və arxaya çəkilməsi), üz-çənə nahiyəsinin plastik və rekonstruktiv əməliyyatlarını, üz-çənə və boyun nahiyəsinin yumşaq və sərt toxumalarının xoş və bəd xassəli şişlərinin cərrahi müalicəsini özündə birləşdirir.
Son dövrlərdə üz-çənə cərrahiyyəsində ən son nailiyyətlərinin – mikrocərrahiyyənin, sümük distraksiyasının, lazer stereolitoqrafiyasının, vitrual modelləşdirmə və digər metodların tətbiqi uğurla həyata keçırılməkdədir.
Ağiz və üz-çənə cərrahiyyəsi şöbəsinınin müdiri
t.ü.f.d. Məhəmməd Davudov