Ana ölümlərinin qarşısı alına bilərmi?
Azərbaycan Tibb Universitetinin(ATU) Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri, uzman doktor Turab Canbaxışovla müsahibə:
-Turab doktor, hazırda hamilə qadınlar ən çox normal doğuşa yoxsa keysəriyyə əməliyyatına üstünlük verirlər?
-Hamilə qadınlar son zamalar keysəriyyə əməliyyatına daha çox üstünlük verirlər. Bunun da səbəbi böyük ehtimal ki, normal doğuş haqqında məlumatlarının az olması və yaxud da normal doğuşdan fiziki cəhətdən qorxmalarıdır. Adətən analarından, böyük bacılarından, xalalarından eşitdikləri odur ki, çox ciddi ağrıları, cırılmalar, sonradan bir çox fəsadları olub. Ona görə də qadınların bəziləri bu qorxulardan, əziyyətlərdən çəkinirlər. XXI əsrdə isə hər şey dəyişib. Çünki, normal doğuşda olan fəsadların bir çoxunun qarşısını almaq mümkündür. Bunlardan biri ağrı faktorudur. Hamilə qadın sancı çəkməyə başlayan andan etibarən xəstəxanaya gələ bilər. Epidural kateter dediyimiz, beldən keyləşdirmə yolu ilə hamilə qadının hərəkətləri yerində qalır. Ancaq sancılarının ən az 50 faizinin şiddətini hiss etmir. Anestezioloqun köməyi burada lazım olur. O ki qaldı cırılmalar və aralıq bölgəsindəki travmalara, o da epiziotomiya dediyimiz bir üsuldur ki, doğuş zamanı cırılmanın qarşısını almaq üçün kəsik aparılır. Uşaq doğulduqdan sonra o kəsik tikilir. Sadəcə bir tikiş qoyulur və bununla da həm ağrının, həm də cırılmaların qarşısı alınır.
-Hansı hallarda normal doğuşu tövsiyyə etmirlər?
-Tibbi olaraq bunun bir çox səbəbləri var. Əsas səbələr döl qüsurları, döldə olan çatışmazlıqlar, dölün ürək fəaliyyətinin azalması ola bilər. Döllə bağlı olan bütün problemlərdə keysəriyyə ilə dölün çıxarılması daha fəsadsız doğuş sayıla bilər. III və IV dərəcəli anatomik dar çanaq, ananın çanağı ilə dölün başının kliniki uyğunsuzluğu, tam cift gəlişi, uşaqlığın cırılma təhlükəsi, əvvəllər uşaqlıqda aparılmış əməliyyatdan sonrakı çapığın yararsızlığı, ananın bəzi xəstəlikləri (yüksək dərəcəli miopiya, ağır ürək-qan damar sistemi xəstəlikləri və s) keysəriyyə əməliyyatına mütləq göstərişdir. Onu həkim əvəlcədən müayinə edir. Ananın öz sağlamlığı da normal doğuş üçün əlverişli olmalıdır. Ürək xəstəliyi, sinir xəstəliyi, beyin problemləri, qaraciyər-böyrək problemləri, bağırsaq problemləri, aralıq bölgəsində keçirilmiş əməliyyatlar, qalçada avtoqəza nəticəsində yaranmış travmalar və s. çox mənfi təsir göstərə bilər normal doğuşa. Buna ancaq müayinə olunduqdan sonra qərar verilməlidir ki, hamilə qadın normal və ya keysəriyyə əməliyyatı olsun. Normal doğuşa gedən xanımların təxminən 8-10 faizi doğuşdan keysəriyyə əməliyyatına gedir. Bu da ola biləcək qanaxmalardan, dölün ürək zəifliyi, asfiksiyası və yaxud da doğuşun ləngiməsindən irəli gəlir. Bu həm anaya, həm dölə mənfi təsir edə bilər. Bu səbəblərdən dolayı hamilə qadını kesəriyyə əməliyyatına yönəldirlər. Çox vaxt bir sıra faktorlar ayrı-ayrılıqda cərrahi əməliyyata göstəriş olmasa da, birlikdə bu faktorlar dölün həyatı üçün təhlükə yaratdığına görə keysəriyyə əməliyyatı məsləhət görülür.
-Bəzi doğuşlar ana və uşaq ölümləri ilə nəticələnir. Bunun başlıca səbəbləri nələrdir?
-Son illər ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlər nəticəsində ana və uşaq ölüm faktları azalıb. Hamilə qadının vaxtı-vaxtında qadın məsləhətxanasına getməməsi, lazımı müayinələrdən keçməməsi, dinamik müşahidədə olmaması, doğuş üçün müvafiq doğum evini seçməməsi, doğum evlərinə çox gec və ağır vəziyyətdə daxil olması baş verən əksər ana və uşaq ölüm hallarının əsas səbəbi kimi göstərmək olar. Ancaq istər normal, istərsə də keysəriyyə əməliyyatı olsun, əsasən ana ölümlərinin başlıca səbəbi bütün dünyada olduğu kimi, təxminən 30- 40 faiz hallarda qanaxmalardan irəli gəlir. İkinci səbəb isə əməliyyat sonrasında olan problemlərlə əlaqədardır. Ürək problemləri, tromboemboliyalar, amnion mayenin emboliyası ola bilər. Üçüncü yerdə isə əməliyyatdan sonrakı dövrdə olan infeskiyalar durur. Ancaq dünya praktikasında belə bir nəticəyə gəliblər ki, ümumiyyətlə ana ölümlərinin bütün dünyada istər Amerika Birləşmiş Ştatları olsun, istər Kanada, istərsə də Avropanın inkişaf etmiş ölkələri olsun, əgər əvvəlcədən səbəblər bilinsə və müəyyən önləyici tədbirlər görülsə, ana ölümlərinin təxminən 48 faizinin qarşısı alına bilər.
-Doğuşdan sonra qadınlarda hansı dəyişikliklər olur?
-Doğuşa qədər anada müəyyən dəyişikliklər olur. Bu bütün orqanlarda özünü göstərir. Ürək 40 faiz, böyrək 35 faiz, ağciyərlər təxminən 60 faiz öz işlədiyindən daha artıq fəaliyyət göstərir. Bütün orqanlar demək olar ki, öz faliyyətindən bir neçə faiz artıq işləmək məcburiyyətindədir. Doğuşdan sonra isə o dəyişikliklər təzədən geriləməyə başlayır. Burada süd vəziləri, uşaqlıq, ginekoloji orqanlar ön plana çıxır. Süd vəzilərində böyümələr olur. Qadın süd verməyə başlayır. Uşaqlıqda doğuşdan sonra təxminən 40 gün boyunca həm qanaxma, həm ifrazatın gəlməyi və uşaqlığın öz əvvəlki ölçülərinə geri qayıtması müşahidə olunur.
-Hamilə qadınların tez-tez ultrasəs müayinədən (USM) keçmələrinin onlara mənfi təsiri varmı?
-Hamilə xanımlar adətən müəyyən orqanların anomaliyalarına, inkişafına baxmaq üçün 5 dəfədən 10 dəfəyə qədər ortalama olaraq uziyə düşməlidirlər. Əgər döldə, anada başqa bir problem varsa, onda dölə daha tez-tez baxıla bilər. 2 həftədən bir də baxıla bilər, hətta elə bir patologiya var ki, dölün inkişaf ləngiməsində dölün qan dövranına hər 72 saatdan bir baxılmalıdır. Hazırda araşdırmalar onu göstərir ki, hamilə qadın hər gün ultrasəs etdirsə belə, ona heç bir zərəri yoxdur. Çünki, ultrasəs dalğalar bizim danışdığımız səs dalğalarının bir qədər dəyişilmiz formasıdır, hansı ki, biz onu cihazlar vasitəsilə şəkilə çeviririk.
-Son olaraq məsləhətləriniz nələrdir?
-Dünyaya sağlam körpə gətirmək üçün ailə cütlüyü hamiləlikdən əvvəl həkimə müraciət etməlidir. Qan qrupu və rezus faktor müəyyən olunmalıdır, həkimin hamiləlik öncəsi məsləhətlərini almalıdırlar. Hamilə olduqdan sonra laqeyd yanaşmaq lazım deyil ki, mən artıq hamiləyəm. Hamiləliyi sırasında belə həkimin nəzarəti altında olmaldır ki, gələcəkdə döl tərəfdən və yaxud da qadının sağlamlığı baxımından bir problem yaranmasın. Qadın hamiləliyin əvvəlindən doğuşa qədər həkim nəzarətində olmalıdır. Hamilə qadın öz sağlamlığında hər hansı narahatlıq hiss etdikdə, dərhal etibar etdiyi öz həkiminə müraciət etməlidir.