Müsahibələr

Uzman doktor Cəfər Nəsirli: “Xəstənin öz qanından dərman düzəldib oynaqlarına yeridirik”

Uzman doktor Cəfər Nəsirli: “Xəstənin öz qanından dərman düzəldib oynaqlarına yeridirik”

Uzman doktor Cəfər Nəsirli: "Xəstənin öz qanından dərman düzəldib oynaqlarına yeridirik"

ATU-nun Tədris Cərrahiyyə Klinikasında ortopediyaya aid hər cür əməliyyat icra edilir

Azərbaycan Tibb Universitetinin(ATU) Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsinin müdiri, Uzman Dr. Phd Cəfər Nəsirli ilə müsahibə:

-Son dövrlərdə Azərbaycanda da geniş yayılmış “duzlaşma”nın, yəni, artrozun, o cümlədən osteoparoz yaranma səbəbləri nələrdir?

-Artrozun yaranma səbəbləri olduqca müxtəlifdir. Ən əsası - artroz oynaqların qığırdaq qisminin yeyilməsi və oynaqların funksiyalarını itirməsidir. Bu həm hərəkət məhdudiyyətinə, həm də ağrılara səbəb olur.

Yaranma səbəblərinə gəlincə, ən aktual olanları bunlardır. Birincisi, qida qəbulu. Müasir dövrümüzdə insanlar o qədər geni modifikasiya olunmuş, hormonlu qida məhsulları qəbul edir ki, bu da sürətli şəkildə qığırdağın, eyni zamanda metabolizmin pozulmasına gətirib çıxarır. Düzgün qida rejimiinin olmaması, artıq çəki, oynaqlara düşən artıq yükün təsirindən oynaqların yeyilməsinə və bu da artroza, osteoparoza səbəb olur. Bunlar həmçinin bir sıra oynaq xəstəliklləri-revmatizma, revmatoid artritin müxtəlif növləri, hormonal pozğunluqlara gətirib çıxara bilər.
Bundan başqa, zamanında həkimə müraciət etmədikdə və müalicə almadıqda, xəstələrdə özləri müxtəlif ağrıkəsicilərdən istifadə edirlər. Bunun da nəticəsində də artroz yarana bilir.
Bəzi travmatik artrozlar da olur. Yəni, hər hansı bir zərbədən, avtomobil qəzası və ya yüksəklikdən düşməyə görə oynaqlarda çıxıq və sınıqlar yaranır, bunlar da sonradan xəstəliyə gətirib çıxarır.
Əgər prosesin qarşısı alınmasa, oynaq səthinə düşən təzyiq artır, deformasiyaya uğrayır və kənarlarında sümük çıxıntıları inkişaf edir. Artroz xəstəliyi zamanı ən çox fəqərələr, bud-çanaq və diz oynaqları, əlin sol barmaqları zədələnir. Hərəkət vaxtı oynaqlarda ağrılar meydana çıxır, günün axırında və soyuq havada şiddətlənir.

-Bu xəstəlik ən çox hansı yaş kateqoriyasını əhatə edir?

-Artroz xəstəliyinə ən çox yaşlı insanlarda rast gəlinir. Ancaq xəstəlik getdikcə cavanlaşır. İndi bəzən 35-40 yaşlı insanlarda da bu xəstəliyə rast gəlmək olur. Yeni doğulmuş körpələrdə anadangəlmə çıxıqlar olur. İnkişaf etmiş ölkələrdə normalda hər doğulan körpə ortopedik və travmatoloq tərəfindən müayinə olunur. Əgər belə bir problem varsa, çox sadə üsullarla körpənin oynağı yerinə qoyulur və hər hansı bir anatomik pozğunluq meydana gəlmir. Amma bizim insanlarda belə bir düşüncə var ki, vəziyyət gərginləşdikdən sora ortoped-travmatoloqa müraciət olunur. Oynağın gec yerinə qoyulması da artroza səbəb ola bilir. Uzunmüddətli oynaq çıxıqlarında oynaqda gedən dəyişiklərdən dolayı hərəkət məhdudluğu və yerində olmaması səbəbylə oynaqlara problem yarana bilir.

- Artroz xəstəliyinin konkret müalicəsi varmı?

-Artrozun müalicəsi var. Amma ilk əvvəl artrozun səbəblərini aradan qaldırmaq lazımdır. Yeni başlamış artrozlarda səbəblər müəyyən edilib aradan qaldırılarsa, çox gözəl nəticələr əldə olunur. Yeni başlanmış artrozun qarşısı müalicə ilə alınır və əməliyyata ehtiyac olmur.
Son illərdə artrozun müalicəsində PRP-üsulundan istifadə edirik. Xəstənin öz qanından dərman hazırlanır və trombosit kütləsi çox olan kök hüceyrəsi əldə edərək, xəstənin oynaqlarına yeridilir. Bu zaman çox gözəl nəticələr əldə edirik. Kobudlaşmış artrozlarda isə cərrahi üsuldan istifadə olunur. Əməliyyat zamanı pozulmuş bir oynağın yerinə yeni bir oynaq qoyulur və xəstə ağrısız, hərəkətləri normal şəkildə həyatına davam edir.

Qeyd edim ki, artroz əməliyyatları hər yerdə edilmir. Bunun üçün ilk öncə yaxşı şərait, daha sonra isə güclü mütəxəssis olmalıdır. Çünki, bu əməliyyatlar olduqca ciddi əməliyyatlardır. Xəstəyə orqan köçürülürsə, istifadə edilən implant çox önəmlidir. Əlbəttə ki, əməliyyatdan sonra xəstənin reabilitasiyası da vacib əhəmiyyət daşıyır.

- Müalicə və əməliyyatdan sonra xəstələr daha çox nələrə diqqət etməlidirlər?

- Xəstələrin ən çox diqqət etmələri olan şeylər onların ağır qaldırmamalı və çəkilərini artırmamalarıdır. Çünki, qoyulmuş oynaq xəstəni idarə etməlidir. Bu əməliyyatlardan sonra xəstədə heç bir hərəkət məhdudluğu və ağrı qalmır və onlar normal şəkildə işlərinə davam edirlər.
- Praktikanızda ən çox hansı travmalarla sizə müraciət ediblər?
- Uşaqlarda ən çox əl biləyi və dirsək sınıqları ilə müraciət edirlər. Böyüklərdə isə maşın qəzaları, inşaat sektorunda və məişət qəzalarında yaranan travmalarla bağlı bizə üz tuturlar. Bel sınıqları ilə müraciət edənlərin də sayı olduqca çox olur.

- Xəstələrinizi əməliyyata razı salmaq çətin deyil ki?

- Bizim əməliyyatlarda implantdan istifadə olunduğuna görə, bir qədər bahalı əməliyyatlardır. Xəstəyə hər şeyi düzgün izah etdikdən sonra əməliyyata razı olur. Əlbəttə ki, heç bir kəs ağrı ilə yaşamaq istəməz.

- Hansı çətin əməliyyatları həyata keçirmisiniz?

- Kritik əməliyyatlarımız olduqca çox olub. Belə ki, budun, çanağın, onurğanın birgə sınığı ilə rastlaşmışıq. Bu əməliyyatlarda vaxt böyük rol oynayır. Zamanında xəstə müalicəsini alır, daha tez reabilitasiyaya başlaya bilir və yaxşılaşır. Xəstələr olub ki, hər iki bud sümüyünün boyun sınığı ilə müraciət ediblər. Onlar da əməliyyat olunub. Yaşlı insanların ağciyərində, ürəyində, damarlarında yanaşı xəstəliklərə də rast gəlinir. Bəzən olur ki, eyni vaxtda iki əməliyyat aparmalı oluruq.
Bundan başqa, ortopediyanın ən böyük əməliyyatlarından sayılan skalioz əməliyyatlarını da icra edirik. Bel əyrilikərinə, bel sınıqlarına vaxtında müdaxilə etdiyimiz zaman xəstələrdə heç bir qüsur qalmadan tam müalicə edirik.

- ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya
şöbəsinin digər klinikalardan nə ilə fərqlənir?

- İlk öncə onu deyim ki, yüksək səviyyəli peşəkarlardan ibarət həkim briqadamız var. Əməliyyatlar yüksək texnologiya əsasında həyata keçirilir. Süni oynaqların köçürülməsi, skaliozlar, artoskopik əməliyyatlar hər mərkəzdə icra olunmur. Biz isə bu sahəyə aid hər cür əməliyyatı ATU-nun Tədris Cərrahiyyə Klinikasında rahat şəkildə, yüksək səviyyədə icra edirik. İndiki dövrdə xəstələr həkimlərini düzgün seçsinlər.

Bizim klinikada xəstəyə yanaşma da fərqlidir. Təəssüflər olsun ki, günümüzdə çox yerdə xəstəyə müştəri kimi baxırlar. O qədər hallar olub ki, digər yerlərdə xəstələri aldadıb əməliyyata salmaq istəyiblər. Deyiblər ki, təcili əməliyyat olmalısan, yoxsa şikəst qalarsan. Halbuki, bizim müayinə o xəstələrə əməliyyatın lazım olmadığını göstərib. Əsas xəstəni düzgün müayinə və müalicə etməkdir. Xəstəni pula görə yox, vicdana görə müalicə etmək vacibdir. Belə olsa, vətəndaşlarımız müalicə üçün İrana, Almaniyaya, Türkiyəyə və ya başqa bir ölkəyə getməz.

Qeyd edim ki, ATU Tədris Cərrahiyyə Klinikası 24 saat ərzində xidmət veririk. Bizim klinikada xarici ölkələrdən olan tələbələr təhsil alırlar. Eyni zamanda, bizdən də xaricdə təhsil almaq üçün tələbələrimiz gedir.