Müsahibələr

Qadınlarda çanaq dibinin müasir rekonstruktiv cərrahiyyəsi

Qadınlarda çanaq dibinin müasir rekonstruktiv cərrahiyyəsi

Tibb üzrə fəlsəfə elmləri doktoru Hüseynzadə A.N. 

Qadınlarda çanaq dibinin müasir rekonstruktiv cərrahiyyəsi 

Çanaq orqanlarının sallanması qadinlarda tez-tez rast gələn patologiyalardan biridir. Bu zaman sidik kisəsinin divari (cystocele), düz bağırsağın divarı (rectocele), uşaqlıq boynunun (apikal prolaps) və yaxud uşaqlıq çıxarılıbsa uşaqlıq yolu tağlarının uşaqlıq yoluna qabarması müşahidə edilir. Bu defektlər ayrı-ayrılıqda və ya müxtəlif kombinasiyalarda rast gələ bilər.

Xəstəliyin əmələ gəlmə səbəbləri müxtəlifdir. Bu faktorlara hamiləlik, doğuş, müəyyən yaş həddi, piylənmə, qisterektomiya, birləşdirici toxumanın zəifliyi və s. aid etmək olar. Qeyd etmək lazımdır ki, bəzi hallarda müəyyən yaşdan sonra xəstəlik estrogen çatışmazlığı nəticəsində əmələ gəlir. Beləki, uşaqlıq yolunda, sidik kisəsinin dibində, çanaq dibinin əzələlərində estrogen reseptorları var. Qadının bədənində estrogenin miqdarı azalanda, bu isə ən çox klimakterik dövrdə baş verir, həmin reseptorlarla zəngin olan toxumalarda atrofik proseslər baş verir. Yəni toxumalar zəifləyir. Bu isə sallanmalara səbəb olur. Nisbətən cavan qadınlarda isə bu daha çox travmatik və çoxsaylı doğuş və birləşdirici toxumanın zəifliyi ilə əlaqəli olub və hemorroy, venaların varikoz xəstəliyi, yırtıqlar və başqa xəstəliklərlə müşayiət olunur.

Çanaq orqanlarının sallanması qadınların həyat keyfiyyətinə mənfi təsir göstərir. Beləki, sallanan orqandan asılı olaraq uşaqlıq yolunda yad cism hissiyyatı, sidik ifrazının tez-tez baş verməsi, sidik kisəsinin tam boşalmaması hissiyyatı, bəzi hallarda barmağın köməkliyi ilə boşaldılması, qəbizlik və ya əksinə nəcis və qazların saxlamaması, sidik qaçırması, cinsi əlagə zamanı ağrı (dispareuniya) və s. kimi əlamətlar ola bilər.

Çanaq orqanların sallanması zamanı ən geniş yayılan əməliyyatlar gisterektomiya (uşaqlığın xaric edilməsi), ön və arxa kolporafiyalar (uşaqlıq yolunun divarlarının öz toxuması ilə plastikası) olsa da, bu əməliyyatlardan residivlər (xəstəliyin yenidən əmələ gəlməsi) dünya ədəbiyyatına istinadən 29-30% hallarda baş verir. Həmçinin kolporafiyalar zamanı uşaqlıq yolunun qısalması və daralması qadında daimi ağrılar, diskomfort və dispareuniyaya səbəb ola bilər.

Məs bu səbəblərə görə, çanaq dibinin rekonstruktiv cərrahiyyəsi inkişaf etməkdə davam edir. Son illərdə çanaq dibi orqanlarının ən müasir müalicəsində xüsusi sintetik torlardan istifadə olunur. Beləki, sidik kisəsinin sallanması xüsusi dördgollu “Ön Pelviks” toru vasitəsilə tam şəkildə ləğv olunur. Bu zaman tor sidik kisəsinin üzərinə yerləşdirilir, torun iki qolu insan bədəninin ən möhkəm bağlarından biri olan və çanaq dibində yerləşən sakrospinal bağlar, iki qolu isə obturator dəliklər üzərində olan fassiyalardan keçirilir, arxa tərəfdən uşaqlıq yoluna və yaxud uşaqlıq çıxarılıbsa uşaqlıq yolunun tağlarına, öndən isə sidik kisəsinin fassiyasına tikilir. Bununla da, sidik kisəsi ilə uşaqlıq yolu arasında yeni çox möhkəm qat əmələ gəlir.

Şək. 1. Ön Pelviks

 

 

Əgər xəstədə uşaglığın sallanması varsa və yanaşı uşaqlığın başqa patologiyası yoxdursa, onu xaric etməyə ehtiyac yoxdur. Xüsusi “Uroslinq 1” toru vasitəsilə uşaqlıq yolu sakrospinal bağlara fiksə edilərək sallanmanin qarşısını almaq olur.

 

 

 

 

Şək.2. Uroslinq 1

 

Düz bağırsağın sallanması “Arxa Pelviks“ toru vasitəsilə plastika edilərək aradan götürülür.

 

 


 

 

 

  

Şək.3. Arxa Pelviks

Nəhayət, sidik qaçırması “Uroslinq” toru vasitəsilə tam şəkildə müalicə olunur.

 

 

 

 

 

 

Şək. 4. Uroslinq

 

Sintetik torlar Urofiks TL və Urofiks TO alətləri vasitəsilə çanaq strukturlarından keçirilir.

 

Qeyd etmək lazımdır ki, dünyada qəbul olunmuş standartlara əsasən bu əməliyyatlar yalnız çanaq dibinin rekonstruktiv cərrahiyyəsində ixtisaslaşmışcərrahlar tərəfindən icra edilməlidir.

Bu problemi olan qadinlara müraciət edərək demək lazımdır ki, çanaq orqanlarının sallanmasının müasir cərrahiyyəsi onların normal həyat tərzinə qayitması və tam şəkildə sağlam yaşamaqlarını təmin edir.