Əməliyyatla xəstələrimizə yeni bir həyat tərzi veririk
Əməliyyatla xəstələrimizə yeni bir həyat tərzi veririk
Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, tibb elmləri namizədi PhD.Op.Dr.Elçin Əhməd oğlu Abdinov, ölkəmizdə ilk bariatrik cərrahi əməliyyatlar icra edən ümumi cərrahlardan biridir. Mədənin boylama boruvari kiçildilməsi (Boru mədə) əməliyyatı kimi tanınan “bariatrik cərrahiyyə” əməliyyatı barədə məlumat verən Dr. Abdinov məsələnin əməliyyat olunmaqla bitmədiyini vurğuladı və bir çox insanı maraqlandıran suallarla bağlı məlumat verdi.
- Elçin doktor, piylənmədən yaxa qurtarması üçün hansı əməliyyat məsləhət görülür?
- Piylənmənin müalicəsində istifadə olunan Bariatrik Cərrahi Əməliyyatların (BCƏ) yetərli miqdarda və qalıcı çəki itkisi təmin edən ən etibarlı üsul olduğu artıq bütün dünyada qəbul olunub və bu bir çox elmi məqalələrdə də göstərilib. Bu əməliyyatları düşünən xəstələrdən ən çox aldığımız suallardan bir də: “Hansı əməliyyatın mənim üçün daha uyğun olduğuna necə qərar vermək?” sualıdır. Mənim fikrimcə, bu gün ən çox Mədənin Laparoskopik Boylama Boruvari Kiçildilməsi (Boru mədə - Sleeve Gastrectomy) əməliyyatı icra olunur. Xəstə hansı əməliyyat metodunu seçirsə seçsin, əməliyyatdan sonra həyat tərzində dəyişiklik etməlidir. Mövcud əməliyyatlardan hər biri həqiqətən də aclığı nəzarət etməyə köməkçi olan “vasitə”dir.
- Mədənin boylama boruvari kiçildilməsi (Boru mədə) əməliyyatı nədir?
- Mədənin normal tutumu 1.5-2 litr həcmindədir. Bu əməliyyatla mədəyə müdaxilə olunur. Mədənin aşağı çıxacaq hissəsindən başlayıb, qida borusunun kənarına qədər, mədənin içinə əvvəlcədən salınmış silikon ölçü borusu boyunca kəsib tikərək artıq hissəni xaric edirik. Qalan mədənin görünüşü boruya bənzədiyi üçün əməliyyatın adı mədənin boylama boruvari kiçildilməsi əməliyyatı - “boru mədə əməliyyatı” olaraq adlanır. Günümüzdə bu əməliyyat laparoskopik üsulla həyata keçirilir. Bu üsulda qarın boşluğuna CO2 qazı yeridilərək şişirdilir və 4-5 ayrı-ayrı nöqtələrdən 1sm-lik kiçik kəsiklərdən xüsusi alətlər qarın boşluğuna daxil edilərək əməliyyat icra olunur. Bu zaman dəri üzərində kəsik izi olduqca kiçik, əməliyyatdan sonra isə ağrı çox az olur və xəstələr daha tez sağalır. Nəticədə xəstələrimiz işlərinin başına ve gündəlik hayat tərzinə çox qısa zamanda dönə bilirlər. Mədənin boylama boruvari kiçildilməsi (boru mədə) əməliyyatı icra olunan xəstələrin,
- Yəni 1500-2000 ml böyüklüyündəki bir həcm 150-200 ml-dək azalır.
- Bəli, əməliyyatdan sonra mədə həcmi ciddi şəkildə azalır. Bununla bərabər qida qəbulu və bədənə daxil olan kalori də azalır. Əməliyyatın önəmli bir təsiri daha var. Mədədən çıxarılan parça, aclıq hissini verən hormonun ifrazının azalmasını təmin edir. Mədənin 80-85%-i çıxarıldığından, hormon səviyyəsində ciddi bir azalma meydana gəlir və əməliyyatdan sonra xəstə özünü tox hiss edir. Əvvəllər “çoxlu yemək yemə hissi” varkən, əməliyyatdan sonra “az aclıq hissi” olur. Eyni zamanda həmin insanların 1-2 il ərzində artıq çəkilərinin 70-80%-ni itirmələri mümkündür. Bəzi hallarda daha da yüksək nəticələr əldə olunur. Bu səbəbdən də həcm kiçiltmədən savayı, hormonlar üzərində də dəyişiklik olur. Bu da II tip şəkərli diabet kimi xəstəliklərin də aradan qalxmasını təmin edir.
- Bu əməliyyat həyatımıza necə daxil oldu?
- Ümumi olaraq “Bariatrik cərrahiyyə” adlanan bir çox əməliyyat növləri mövcuddur. Mədə kiçiltmə, mədə bandı, mədə balonu, mədə “by-pass”ı və s. 5-6 fərqli əməliyyat növü var. Lakin hal-hazırda ən çox tətbiq olunan mədənin boruvari kiçildilməsi əməliyyatıdır. Sadəcə bizim ölkəmizdə deyil, bütün dünyada ən çox icra olunan əməliyyat növüdür. Bariatrik əməliyyatların 60%-i mədənin boruvari kiçildilməsi əməliyyatının (boru mədə) payına düşür.
- Kimlərə mədənin boruvari kiçildilməsi (boru mədə) əməliyyatı icra olunmalıdır?
- Hər müalicədə olduğu kimi, piylənmənin cərrahi müalicəsində də xəstələrin bir sıra göstəricilərinin və meyarlarının dəqiq incələnməsi mütləq vacibdir. Cərrahiyyə əməliyyatı piylənmənin müalicəsində əl atılan ən son seçimdir. Daha doğrusu pəhriz, idman, digər tibbi yanaşmalar sınandıqda və qənaətbəxş nəticə əldə olunmadıqdan sonra əməliyyat haqqında düşünülməlidir. Cərrahi müalicəyə ən doğru namizədlər ən azı üç il davam edən piylənmə şikayəti, bədən Kütlə İndeksi (BKİ) 40 kg/m2-dan yuxarı olması və ya 35-40 kg/m2 arasında olan, eyni zamanda (hipertoniya, II tip şəkərli diyabet, yuxu apnoesi, artrit və s.) kimi xəstəliyi olan insanlardır. Cərrahi müalicə üçün ümumi yaş intervalı 18-65 yaş arası qəbul edilsə də, bəzi istisna hallarda bu yaş həddi 18 yaşdan aşağı və 65 yaşdan yuxarı ola bilər. Bu məqamda ən önəmli meyarlardan biri anestezioloji risk və əməliyyat sonrası xəstələrin uyğunlaşa bilməsidir.
- Əməliyyatdan sonra yenidən çəki artımı ola bilərmi?
- Bəli, bəzi hallarda xəstələrdə çəki artımı müşahidə oluna bilər. Bu əməliyyat olunmuş xəstələrin 15-20%-də baş verə bilər. Lakin bu artım heç vaxt əməliyyatdan əvvəlki həddə çata biməz. Xəstələrdə xüsusilə əməliyyatın 5-ci ilində çəki artımı başlaya bilər. Buna görə də xəstələrə qidalanma və gündəlik rejimlərinə diqqət yetirmələri tövsiyyə olunur. Biz də öz növbəmizdə əməliyyatdan sonrakı ilk aylarda xəstələrlə tez-tez əlaqə saxlayır və çəki itkisinin necə olduğuna nəzarət edirik. Biz əməliyyatla xəstələrimizə yeni bir həyat tərzi verir, doğru yolu göstəririk. Lakin o doğru yolu getmək insanın öz əlindədir” deyə söyləyir.
- Bu əməliyatlarda ölüm riski varmı?
- Hər əməliyyatda olduğu kimi bu əməliyyatlarda da ölüm riski var. Dünya statistikasında bu 0.1% faiz təşkil edir. Lakin əməliyyatlar daha təcrübəli, ixtisaslaşmış cərrahi briqada tərəfindən icra olunduqda belə arzuolunmaz halların qarşısı xeyli azalmış olur. Əməliyyat qərarı verdikdə bu faktora mütləq diqqət yetirmək lazımdı.
- Ölkəmizdə piylənmə təhlükəli həddədirmi?
-Bəli, həm də çox. Hətta deyə bilərəm ki, bir sıra Avropa ölkələrindən daha öndə gedirik. Əhalinin təxminən yarıdan çoxu artıq çəki, bunların da yarısı piylənmə problemi ilə üzləşib. Lakin insanlar bu problemə o qədər də ciddi yanaşmırlar. Artıq çəki xəstəliklərin artmasına səbəb olur. Piylənmə isə qəfləti ölüm riskini artırmaqla, ömrü 30%-dək qısaldan ciddi faktorlardan biridir.
- Bəs bu sahədə insanların maarifləndirilməsi nə yerdədir?
- Qeyd etdiyim kimi bu sahə ölkəmizdə cərrahiyyənin yeni bir istiqamətidir. Bu baxımdan əhali arasında geniş maariflənmdirmə işinin aparılması zəruridir. Çox xəstələr bizə sadəcə gözəl görünmək üçün müraciət edirlər və hər hansı digər bir problemlərini qeyd etmirlər. Daha doğrusu əziyyət çəkdikləri problemləri normal qəbul edirlər. Lakin bu xəstələrin müayinə olunduqdan sonra piylənmənin səbəb olduğu bir çox xəstəliklərin: II tip şəkərli diabet, arteriyal hipertoniya, yuxu apnoesi (yuxuda boğulma), qaraciyər piylənməsi və s. həyat üçün təhlükəli digər xəstəliklərin olduğu məlum olur. Ümid edirik ki, zaman keçdikdə bu yöndə maarifləndirmə işi daha da artacaq və insanlar öz sağlamlıqlarının qeydinə qalmaq üçün çalışacaqlar.