Müsahibələr

Professor Surxay Hadıyev: Cərrah öncə xəstənin etimadını qazanmalıdır

Professor Surxay Hadıyev: Cərrah öncə xəstənin etimadını qazanmalıdır

Cərrahiyyə bir sənət olmaqla yanaşı, həm də bir elmdir. Cərrahlığı özünə peşə seçmək istəyən hər bir şəxs öncə insanı sevməli, xəstə arxasında, ilk növbədə, insanı görməli və münasibətini onun üzərində qurmalıdır. Sirr deyil ki, cərrahlıq sənətini seçənlərin böyük bir əksəriyyəti bu işin maddi tərəfini düşünür. Təəssüflə qeyd etməliyəm ki, bəzən bu, xəstəyə münasibətdə əsas götürülür. Yaxşı cərrah olmaq üçün öz sənətinin kamil mütəxəssisi olmaqla yanaşı, daima inkişaf etmək, dünya təcrübəsindən faydalanmaq da vacibdir. Ən başlıcası isə həkim öncə xəstənin etimadını qazanmalıdır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib.

Professor deyib: “Tədris Cərrahiyyə Klinikası Tibb Universiteti üçün ayrılmış xüsusi klinikadır. Əvvəllər Tibb Universitetinin tələbələrinin tədrisi müxtəlif xəstəxanalarda keçilirdi. Artıq dörd ilə yaxındır ki, klinika fəaliyyət göstərir. Bu tibb ocağında universitetin bütün cərrahi kafedraları bir yerdə toplanıb, tələbələr üçüncü kursdan etibarən burada cərrahiyyənin müxtəlif sahələrində təhsil alırlar. Bundan əlavə klinikada respublikanın cərrahiyyənin müxtəlif sahələrində püxtələşmiş bir çox peşəkar həkim və mütəxəssisləri cəmlənib. Klinika ən müasir diaqnostik və müalicəvi avadanlıqla təchiz olunub.

Mərkəzdə Bakı ilə yanaşı, respublikanın bütün bölgələrindən gələn vətəndaşlara da tibbi yardım göstərilir. Ötən ilin statistikasına əsasən klinikada 5771 cərrahi əməliyyat icra olunub. Gündəlik əməliyyatların sayı 20-30 arası dəyişir. Planlı əməliyyatlarda uğursuz nəticə çox azdır. Ümumiyyətlə, əməliyyatın uğursuzluğu yalnız həkimin fəaliyyətindən deyil, həm də xəstəliyin ağırlıq dərəcəsi və vaxtında mütəxəssisə müraciət etməsindən asılıdır. Təxirəsalınmaz əməliyyatların isə hər an gözlənilməz nəticələri ola bilər. Lakin buna da çox az rast gəlinir.

Kardioloji şöbəyə daha çox müraciət daxil olur. Demək olar, hər gün ürək əməliyyatları aparılır. Buna aorta koronar şuntlama və digər müxtəlif ürək qüsurlarının aradan qaldırılması aiddir.

Klinikamızda müasir əməliyyatlar da aparılır. Bunlardan ən çox uşaqlar arasında yayğın olan koxlear implantasiya əməliyyatını misal çəkmək olar.

Ümumiyyətlə, cərrahiyyənin elə bir sahəsi yoxdur ki, ora gündəlik müraciətlər olmasın. Statistikaya əsasən son zamanlar ürək-damar və neyrocərrahiyyə şöbəsinə daha çox xəstə gəlir. Səbəb olaraq isə onu deyə bilərəm ki, bu sahəyə aid səhhət pozuntuları digər illərə nisbətən daha çox yayılıb, əhalinin bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərimizin səriştəsi və müvəffəqiyyətinə inamı artıb. Əvvəllər tez-tez rast gəlinən cərrahi xəstəliklərin sayı isə nisbətən azalıb. Bunlara yırtıqlar, kəskin apendisit kimi bir sıra qarın əməliyyatları aiddir.

Plastik cərrahiyyəyə gəldikdə isə klinikamızda müxtəlif istiqamətdə əməliyyatlar aparılır. Hazırda burun əməliyyatları üstünlük təşkil edir. Bu əməliyyatların demək olar ki, 90 faizindən çoxu qadınlar üzərində aparılıb. Plastik əməliyyatların arasından bir əməliyyatı xüsusi qeyd etmək istərdim. Bu üzün formasının dəyişdirilməsi idi. Xəstəmizdə anadangəlmə qüsur nəticəsində üz sümükləri tez birləşib. Bu səbəbdən beyin inkişaf edib genişlənə bilməmiş və bunun nəticəsində gözlər önə çıxaraq deformasiyaya uğramışdı. Əməliyyat zamanı xəstənin beyin qapağı açılıb, üzün köndələn sümükləri kəsilərək qabağa çəkilib. Hazırda xüsusi qurğu vasitəsilə üz tədricən öz düzgün formasını alır. Bu tip əməliyyatlar adətən uşaq yaşlarında aparılsa da, klinikamıza müraciət edən xəstə 24 yaşındadır. Əməliyyat klinikanın üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, tanınmış mütəxəssis, professor Çingiz Rəhimov tərəfindən aparılıb. Mənim fikrimcə, bu son illər Azərbaycanda keçirilən ən mürəkkəb plastik əməliyyatdır. Onu da qeyd edim ki, bu dünyada nadir hallarda görülən əməliyyatlardan biridir. Digər plastik əməliyyatlara gəldikdə isə bunların arasında ən geniş yayılmışları burun, qarın gərmə, mədə kiçiltmə əməliyyatlarıdır.

Xəstəliklər barəsində isə onu demək istərdim ki, hansısa bir xəstəliyin say etibarilə qabarıq formada artdığı müşahidə edilmir”.