Badam yağı hamiləlik zamanı dəridə yaranan çatların qarşısının alınmasında ən effektiv vasitədir
Gələcək anaları rahat bir hamiləlik keçirib-keçirməyəcəkləri və körpələrinin sağlamlığı təbii olaraq olduqca narahat edir. Hamiləliyin ikinci üç aylığına çatdıqdan sonra bu narahatlıqlar bir az azalır və kosmetik məsələlər daha çox əhəmiyyət kəsb etməyə başlayır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib.
Həkim deyib: “Bu məsələlərin ən birincisi də şübhəsiz ki, hamiləlikdə ortaya çıxan yay mövsümündəki günəş enerjisi və qarın çatlarıdır. Hamiləlik bəzi dəri dəyişikliklərinə səbəb ola bilər ki, bunların da böyük əksəriyyəti hormonlarla əlaqəlidir. Üzdə rəng dəyişiklikləri, ovuc içərisində qızartı və qaşıntılı dəri səpkilərinə nisbətən daha nadir hallarda rast gəlinir. Demək olar ki, bütün hamilə qadınlarda müşahidə olunan bir dəyişiklik də qarının ortasından keçən qara bir zolağın ortaya çıxmasıdır. Lakin analığa namizədləri ən çox narahat edən üzdə yaranan hamiləlik ləkələri və qarında yaranan dəri çatlarıdır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, hamiləlikdə gün ərzində 1.5 litrə yaxın su içmək mütləqdir, isti yay günlərində isə bu miqdar daha da arta bilər. Dərinin sağlamlığı birbaşa maye və qida qəbulundan asılıdır. Susuzluq- dərinin qurumasına, rəngin dəyişməsinə və xəstəliklərə daha həssas olmasına səbəb olur. Odur ki, hamilə xanımlarımıza məsləhətimiz, qızmar yay günlərində su qəbulunu unutmamalıdırlar. Dəri təmizliyinə diqqət yetirməklə yanaşı günəş qoruyucu kremlərin hər günəşə çıxdığında istifadəsi də vacibdir. Çimərlikləri və günəşlənməyi sevən hamilə xanımlar isə qoruyucu krem və ya sprey istifadə etməklə səhər saat 10-a qədər və 16-dan sonra 30 dəqiqədən çox olmamaq şərti ilə icazə verilir. Dəridə meydana çıxan çəhrayı ağ rəngli, yara izinə bənzər dəyişikliklər stria gravidarum və ya hamiləlik çatları adlandırılır. Tipik görünüşü dəridə kiçik və çox dərin olmayan çöküntülər şəklindədir. Açıq dərili qadınlarda bu çəhrayıya bənzər bir rəngdə ola bilər. Tünd dərililərdə isə belə hallar ətrafındakı dəridən olduqca açıq, hətta gümüş rəngində görüntü verir. Dəridə olan dəyişikliklər kollagen adı verilən maddənin ayrılmasına görə ortaya çıxırlar. Ağrılı olmasa da yüngül qaşınmaya səbəb olur. Bu mexaniki gərilmə, və ya hormonal səbəblərlə ortaya çıxa bilər. Ən çox qarının alt nahiyələrində görülməklə yanaşı, ombalarda, budlarda, döşlərdə və hətta qollarda belə əmələ gəlir. Çatların yaranmasında ən mühüm genetik amildir. Zənci qadınlarda dəri çatları demək olar ki, müşahidə olunmur. Asiyalılarda daha nadir hallarda rast gəlinir. Ağ dərili qadınların isə təxminən 75-90 faizində müxtəlif nisbətlərdə qarın və ya dəri çatlarına rast gəlinir. Başqa sözlə desək, anası və ya bacılarında hamiləlik çatları olan qadınlar çox böyük ehtimalla belə bir problemlə üzləşəcəklər. Qarın çatları əsasən son 3-4 ayda ortaya çıxır. Lakin bəzi vaxtlar son 3-4 həftəyə qədər aşkar olunmayıb, daha sonra görünə bilər.
Genetik amildən başqa qarın çatları üçün digər bir risk çəkinin ani və çox sürətlə artmasıdır. Qarnın sürətlə böyüməsi nəticəsində dəri dartılır və elastikliyini itirir ki, bu zaman çatlar yaranır. Bu səbəbdən də çəkinin nəzarətli və ideal sərhədlərdə artması çatların yaranmasının müəyyən qədər qarşısını alır.
Yaranan çatlar təəssüf ki, doğuşdan sonra itmir. Rəngi dəyişərək gümüşü və ya sədəfəbənzər olur. Bəzi qadınlar bu vəziyyətdən narahat olmasa və bunu ana olmağın bir işarəsi olaraq qəbul etsələr də, bəziləri çatlardan xilas olmaq istəyir. Bu istiqamətdə inkişaf etmiş bir çox cərrahi üsullar var və plastik cərrahlar tərəfindən həyata keçirilir. Qarın çatları və bunların qarşısının alınması təbii ki, kosmetika istehsalçılarının da diqqətini cəlb edir. Bu məqsədlə istehsal edilən bir çox məhsul bazara çıxarılıb. Lakin bu məhsulların çatların aradan qaldırılmasında və ya yaranmasının qarşısının alınmasında kömək etdiyi hələ də mübahisəlidir. Yəni elmi olaraq effektivliyi sübut olunmuş bir məhsul yoxdur. Bununla yanaşı onu da qeyd etməliyəm ki, bu məhsulların istifadəsinin inkişaf etməkdə olan körpəyə və hamilə qadına mənfi təsiri də yoxdur.
Çatların qarşısının alınmasında ən effektiv tədbir dərinin nəmliyini qorumaqdır. Bu da düzgün, sağlam bir qidalanma və kifayət qədər maye qəbulu ilə mümkündür. Hamiləlikdə su qəbulunun əhəmiyyəti çatların qarşısının alınmasında da özünü göstərir. Düzgün qidalanma ani və həddindən artıq çəki artmasına mane olduğu üçün qarın dərisinin lazım olduğundan artıq dartılmasının qarşısını alır. Bu ani dartılma çatın yaranmasında mühüm rol oynayır. Duş qəbulu zamanı qarnı yumşaq bir süngər və ya fırça ilə dairəvi şəkildə masaj etməklə də dəridəki qan dövranını sürətləndirərək elastikliyinin qorunmasına kömək etmək olar. Bu hamiləliyin ikinci üçaylığından başlayaraq müntəzəm olaraq dərinin nəmləndirilməsində görülən digər bir tədbirdir. Bu məqsədlə müxtəlif kosmetika məhsullar kimi sadə nəmləndiricilər, uşaq üçün yağlardan və badam yağından da istifadə olunur. Bunların arasında badam yağı xoşagəlməz qoxusuna baxmayaraq ən effektividir. Bu məhsullar dərinin ani dartılmağa qarşı müqavimətini artırır. Onu da qeyd edim ki, əgər ilk hamiləlikdə çat yaranıbsa, sonrakılarda bunun artma ehtimalı yüksəkdir”.