Müsahibələr

"Son iyirmi ildə kesar əməliyyatının göstəricisi dörd dəfə artıb"

Təbii yolla doğuşu mümkün olmayan və ya bu doğuş üçün tibbi əks göstərişi olan hamilə qadınlara cərrahi əməliyyat tətbiq olunur. Qarnın ön divarı və uşaqlıq əzələsi kəsilərək döl xaric edilir. Bu əməliyyatın terminologiyası latın dilindən “cesarean-kesar” olaraq bilinib və hər nə qədər də Yuliy Sezarın adı ilə əlaqələndirilsə də tibb tarixi bunun doğru olmadığını sübut edir. Bəzi məlumatlara görə, Yuli Sezar məhz bu prosedurla dünyaya gəlib və onun yaşadığı dövrdə antibiotiklərin və sterilizasiyanın olmaması səbəbindən bu cür əməliyyatlar ananın ölümünə səbəb olurdu. Ancaq Yuli Sezarın səyahətlərində anası Aureliyanın yanında olduğunu göstərən tarixi faktlar bu nəzəriyyəni təkzib edir. Cərrahi doğuşun adında latınca “caedare-kəsmək” və “section-hissə” sözlərindən istifadə edilməsi fərqli ədəbiyyatlarda qarşımıza çıxmaqdadır. Azərbaycan ədəbiyyatında bu cərrahi doğuşa “kesar” və ya “qeysəriyyə” deyilir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib.

- Hansı hallarda kesar əməliyyatı tətbiq edilməlidir?

- Bunun müxtəlif səbəbləri ola bilər. Misal üçün körpənin başı ilə hamilənin çanağı arasında uyğunsuzluq olduqda, uşaqlığın yığıla bilmədiyi, plasentanın yerləşmə anomaliyası, plasentanın vaxtından əvvəl ayrılması, körpənin duruşunun doğuş üçün münasib olmaması, hamiləlik hipertenziyası–toksemiyası, fetal distres, göbək ciyəsinin düşməsi, diabet, qan uyğunsuzluğu, uşaqlıq boynu xərçəngi, uşaqlıq boynu distosiyası halları olduqda kesar əməliyyatı tətbiq olunur.

- Bu əməliyyatın tətbiq edilməməsi halları hansılardır?

- Əsasən ehtiyac olmayan bütün hallarda kesar əməliyyatı tətbiq edilmir. Bu səbəblərin başında qarın divarında əmələ gələn infeksiyalar və körpənin ölü olmasıdır.

- Kesar əməliyyatının tətbiq edilməsi üçün aparılan hazırlıqlar prosesi nələrdir?

- Bu əməliyyata hazırlıq prosesi olaraq, ultrasəs müayinəsi ilə fetusun təxmini çəkisi, vəziyyəti və ciftin yerləşməsi təyin edilir. Qanaxma riski olan hallarda əvvəlcədən qan hazırlanır. Buna aktiv qanaxma, “Hellp” sindromu, hamiləlik zəhərlənməsi, qanaxma pozuntuları aiddir. Bundan əlavə əməliyyata damar yolunun açılması, maye verilməsi kimi əməliyyatdan qabaq hazırlıqlar görülür.

- Kesar əməliyyatı hansı mərhələlərdən ibarətdir?

- Mərhələlər bunlardır: damar yolundan profilaktik antibiotik verilməsi. Xüsusilə, dölyanı maye vaxtından qabaq axdıqda, doğuşun dövrləri uzun çəkərsə, maşa tətbiqi uğursuz olarsa ümumi, spinal və ya epidural anesteziyanın tətbiq edilməsi və qarın divarının kəsilməsi. Bəzi həkimlər eninə kəsiyə üstünlük verirlər. Əgər xəstə çox kökdürsə və ya fetal distres varsa orta xətt yəni, boylamasına kəsiyə üstünlük verilir.

Sonrakı proseslər isə aşağıdakı ardıcıllıqla aparılır: uşaqlığın kəsilməsi, körpənin doğuzdurulması, ciftin çıxarılması, uşaqlığın yığılmasını sürətləndirmək üçün damar yolundan oksitosin verilməsi, uşaqlıq və qarın divarının kəsiklərinin tikilməsi və anesteziyanın başa çatdırılmasıdır.

- Kesardan sonra anada hansı problemlər yarana bilər?

- Kesardan sonra anada puerperal infeksiya, yara yeri infeksiyası, əməliyyatdan sonra temperaturun qalxması, qanaxma, tromboemboliya, pulmonar tromboemboliya yarana bilər.

- Kesar vasitəsilə dünyaya gələn uşaqlarda sonradan hansı problemlər meydana çıxa bilər?

- Yeni dünyaya gələn körpədə müvəqqəti taxipnoe, yəni yaş ağciyər, körpənin ağciyərinin içərisindəki maye boşalmadığı üçün tənəffüs sayının artması problemləri meydana çıxa bilər.

- Kesar əməliyyatına müraciət edənlərin sayında hansı dəyişikliklər var?

- Son iyirmi ildə kesar əməliyyatının göstəricisi 5 faizdən 20 faizədək artıb. Hətta bəzi bölgələrdə bu göstərici 60 faizədək yüksəlib. Bunun bir çox səbəbləri var. Bunlardan boşluq maşalarının istıfadə edilməməsi və çanaq gəlişlərinin normal yolla doğuzdurulmaması, hazırda doğuş prosesi vaxtı körpənin ürək döyüntülərinin izlənilməsi ilə körpədə xoşagəlməz halların müəyyənləşdirilməsinin mümkün olması, bir dəfə kesar əməliyyatı olmuş qadınların növbəti körpələrini də kesar əməliyyatı ilə dünyaya gətirmələri, bir kesardan sonra təbii doğuşun aparılmasında təcrübəli mütəxəssisin və ya texniki təchizatın yetərsiz olması, qadınların gec yaşlarda, daha az sayda uşaq dünyaya gətirmələri və qadınların doğuş sancısından qorxmaları səbəbindən ailələrin kesar əməliyyatına üstünlük vermələrini misal çəkmək olar.