Müsahibələr

Cərrah patologiyalarla qarşılaşmağa hazır olmalıdır

Cərrah patologiyalarla qarşılaşmağa hazır olmalıdır

63 yaşlı Zümrüd İbadova adlı xəstə çanaqda ağrılar, defekasiya aktının pozulması və bir sıra digər patologiyalarla klinikamıza müraciət edib. Aparılan müayinələr nəticəsində çanaq dibinin 20 santimetr diametrində böyük bir törəməsinin olduğu müəyyən edilib. Bəlli olub ki, törəmə uşaqlıq, sidik kisəsi və düz bağırsağa yerdəyişməyə səbəb olub, çanaq dibi, büzdüm və omba hissəsində anal dəliyə qədər inkişaf edib.

MRT və kompüter tomoqrafiyası zamanı məlum olub ki, törəmənin qonşu orqanlara invaziyası yoxdur. Yəni, törəmə xoşxassəli olaraq qiymətləndirilib və xəstə əməliyyata yönləndirilib.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev bildirib.

Həkim deyib: “Bu əməliyyatın texniki çətinlikləri qadınlarda uşaqlığın olması ilə yanaşı sidik kisəsi, sidik axarları və düz bağırsağa çox yaxın yerləşməsidir. Bu növ patologiyalarda cərrahi müdaxilənin texniki çəhətdən mürəkkəb olmasına baxmayaraq, müsbət cəhətlərindən biri müdaxilə vaxtının qısa, təxminən yarım saat olmasıdır. Kəsiyin optimal seçilməsi, yəni əməliyyatın klassik orta deyil, köndələn kəsiklə aparılması da əməliyyatdan müsbət nəticələr əldə olunmasında əsas amil sayılır.

Topoqrafik anatomiyanın düzgün təyin olunduğu, patologiyanın yeri dəqiq müəyyən edildiyi üçün texniki çətinliklərlə üzləşmədən uzunluğu 20, qalınlığı 15 santimetr olan törəmə bədəndən uğurla xaric edilib. Əməliyyat nəticəsində bütün orqanlar öz yerlərinə qaytarılaraq anatomik, fizioloji vəziyyətinə salınıb. Xəstə iki gündən sonra, heç bir problemi və ağrıları olmadan evə buraxılıb.

Əvvəllər bu növ patologiyalar böyük kəsiklərlə, şişin hərtərəfli görülməsi ilə aparılırdı. Lakin hazırda bu əməliyyatlar kiçik kəsiklərlə, xüsusi cihazlar vasitəsilə çox uğurla icra edilir.

Əməliyyat müddətinin öncədən planlaşdırılmadığına baxmayaraq əməliyyat otağında mikroiqlim şəraitinin saxlanılması və işin yüksək səviyyəli təşkili xəstə ilə bərabər cərrahi komandanın da işinin müvəffəqiyyətinin təminatıdır.

Hər bir əməliyyatda olduğu kimi burada da patologiyaların olması istisna deyil, sadəcə cərrah bu kimi patologiyalarla qarşılaşmağa hazır olmalıdır. Belə olduğu təqdirdə fəsadlar da daha az olur.

Əməliyyat yalnız cərrahdan deyil, həm də cərrahi və anestezioloji xidmətdən asılıdır. Burada anesteziyanın da böyük rolu var. Belə ki, keyfiyyətli narkoz əməliyyatın daha az müddətdə və uğurla aparılmasına kömək edir”.