Ürək xəstələrinin çoxu profilaktik müayinə olunmaması səbəbindən itirilir
Ürək damarlarının kompüter tomoqramması qeyri -invaziv diaqnostika üsuludur. Bu üsul vasitəsilə xəstənin bədəninə heç bir cihaz daxil olmadan ürək damarları müayinə edilir. Müayinənin dəqiqliyi 99 faiz təşkil edir. Bundan əlavə ürəyin maqnit rezonans tomoqrafiyası üsulundan da istifadə edilir. Bu ümumiyyətlə dünyada kifayət qədər yeni bir müayinə növüdür. Bu sahə üzrə fəaliyyət göstərən mərkəzlərin, eləcə də mütəxəssislərin sayı Avropa da belə olduqca məhduddur. Hazırda bu müayinə növünün inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür. Bu üsulun digərlərindən üstün cəhəti toxuma fərqliliyinin göstərilməsidir. Misal üçün əməliyyata hazırlaşan xəstənin qəti diaqnozunun qoyulmasında həlledici nöqtə olaraq hesab edilən bir üsuldur. Ağır ürək çatışmazlığı olan xəstələr adətən sağalma şanslarını itirmiş olurlar. Belə xəstələrin əməliyyatı adətən çox riskli hesab edilir. Lakin aparılan bu müayinə ilə ürək əzələsinin canlı olması aşkar edilə bilər ki, bu da xəstəyə əməliyyat olma şansı verir və keyfiyyətli həyat ehtimalını artırır. Bu nəticəni başqa bir müayinə yolu ilə əldə etmək mümkün deyil. Digər tərəfdən bəzi ağır xəstələrə cihazın qoyulub-qoyulmaması bu yolla müəyyən edilir, ciddi bir aritmiyası olanların müalicəsində verilən qərarda əsas rol oynayır. Ürəyin daxilindəki törəmələr də bu üsul vasitəsilə aşkarlanır ki, törəmənin tam anatomiyasını da müəyyən etmək mümkündür.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova bildirib.
-Anadangəlmə və qazanılmış ürək xəstəliklərinin müayinəsini fərqləndirən cəhətlər hansılardır?
-Yenidoğulmuşların anadangəlmə ürək qüsurlarının müayinəsində maqnit rezonans tomoqramma çox yeni bir üsuldur. Dünyada bununla məşğul olan xüsusi mütəxəssislər var. Həqiqətən bu çox gözəl müayinə növüdür. Belə ki, xəstə heç bir radiasiya şüası olmadan müayinə edilir. Lakin bu müayinələr çox vaxt tələb etməklə yanaşı, həm də böyük bir məsuliyyət daşıyır. Digər tərəfdən əgər uşaq böyükdürsə əsasən kompüter tomoqramması müayinəsi aparılır ki, bu da cərrahların işini xeyli asanlaşdırır. Belə ki, müayinə nəticəsində ürəyin 3D formalı şəkili əldə olunur. MRT-nin üstün cəhətləri radiasiyanın olmamasıdır, yəni xəstə şüalanmır. Lakin kompüter tomoqramması zamanı xəstə istər-istəməz şüalanmaya məruz qalır. Bu səbəbdən Azərbaycanda MRT üzrə sırf pediatrik nöqteyi-nəzərdən ürək qüsurları ilə məşğul olan mütəxəssislərə çox böyük ehtiyac var.
Mən çox heyfslənirəm ki, kardioloji problemləri olan xəstələrin əksəriyyəti qəfləti ölüm nəticəsində dünyalarını dəyişirlər. Bəzən heç bir şikayəti olmayan və ya şikayəti olub xəstəliyin tam ciddiliyini dərk etməyənlər qəfil ölüm nəticəsində həyatlarını itirirlər. İnsanlar bunun ciddiyyətini dərk etmirlər. Bunun əsas səbəbi həkimə müraciətlərin vaxtında olmamasıdır. Xüsusilə yaşı 35-40-dan çox olanların mütəmadi olaraq həkim-kardioloq müayinəsindən keçmələri mütləqdir. Kişilərin şikayətləri olmasa belə profilaktik tədbir olaraq bu müayinələrdən keçmələri çox vacibdir. Belə ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 60-65 faizini kişilər təşkil edir.
-Ürək xəstəliklərinin yaranmasında genetik faktorlar nə kimi rol oynayır?
-Nəsildə gənc yaşda, xüsusilə qəfildən ölmüş biri olduqda ilk növbədə genetik problemlərə nəzər yetirilir. Genetikadan əlavə gənc yaşda ürək-damar xəstəliklərinin yaranmasının səbəbləri stress, yüksək təzyiq, şəkərli diabet və siqaret çəkmək kimi zərərli vərdişdir. Bunlar ürək xəstələri üçün əsas risk faktorlarıdır.
-Gizli davam edən ürək xəstəliyinin ilkin göstəriciləri hansılardır?
-Yaranmış ürək xəstəliyi zamanı görünən ilkin göstəricilər döş qəfəsində yaranan hansısa bir narahatçılıq hissidir. Burada yalnız ağrı deyil, sıxıntı olduqda belə həkimə müraciət etmək mütləqdir. Klassik bildiyimiz döş qəfəsinin arxasındakı ağrı olmaya da bilər. Döş qəfəsində hiss edilən sadə bir narahatçılıq, nəfəs çatmazlığı belə ciddi ürək problemlərindən xəbər verə bilər.
-Hazırda ürək-damar xəstəlikləri sahəsində ən çox rast gəlinən problem hansıdır?
-Bizə olunan müraciətlər əsasında deyə bilərəm ki, hazırda ən çox rast gəlinən ürək-damar problemi koronar arteriya xəstəliyidir. Bu damar tutulması ilə əlaqədar meydana çıxan infarkt öncəsi yaranan problemdir. Xəstələr də ən çox bu səbəbdən itirilir.
Ümumiyyətlə insanlar sadəcə onu dərk etməlidirlər ki, ürəkdə yaranan problemlər qəfil ölümə səbəb ola bilər.
Qeyd edək ki, ürək-damar sisteminin diaqnostikası üzrə İtaliyada master dərəcəsi almış Yasmin Rüstəmova 2012-ci ildən etibarən Azərbaycanda ilk ürək maqnit rezonans tomoqrafiyası üzrə mütəxəssisdir.