Müsahibələr

Həkim-nevropatoloq: “Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir”

Həkim-nevropatoloq: “Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir”

Azərbaycan Tibb Universitenin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidovanın müsahibəsini təqdim edirik.

- Son günlər havanın dəyişkən olması ilə əlaqədar xəstələr ən çox hansı şikayətlərlə müraciət edirlər?

- Ən çox müraciətlər baş ağrıları ilə əlaqədardır. Yaş təbəqəsi olaraq götürsək, demək olar ki, 7-dən 77-yə qədər insanlar baş ağrısından şikayətlənir. Biz nevropatoloqlara xəstə müraciətinin 70 faizi məhz bununla bağlıdır.

- Baş ağrılarının hansı növləri var?

- Baş ağrısı geniş bir mövzudur. Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir. Amerikalı alimlər belə bir araşdırma aparıblar ki, insanlar ən çox hansı xəstəliklə bağlı tez-tez həkimə müraciət edirlər? Araşdırmanın nəticəsindən bəlli olub ki, müraciətlərin 70 faizini baş ağrıları təşkil edir. Hələ bu da tam məlumat deyil. Təbii ki, xəstələrin özlərini evdə müalicə etmələrini, həkimə getməkdən qorxma hallarını və digər məsələləri də 70 faizin üzərinə gəlsək, bu faiz çoxalacaq.

- Baş ağrısı üçün nəzərdə tutulan həblərdən həkim nəzarəti olmadan istifadə etmək doğrudurmu?

- Başım ağrıyır deyib, aptekdən baş ağrısı dərmanı alıb, özbaşına atmaq düzgün deyil. Həkim müayinəsi mütləqdir. Əgər həftədə iki dəfə baş ağrıyırsa, nevropatoloqa müraciət etmək lazımdır. Çünki baş ağrısının səbəbləri müxtəlif olur. Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan baş ağrıları var. Həcmli törəmələr, yəni şiş xəstəliklri zamanı da baş nahiyəsində ağrılar olur. Bu halda əsasən baş səhərlər ağrıyır və adətən, ürəkbulanma, qusma müşahidə olunur. Damar mənşəli baş ağrıları var, hansı ki, əhali arasında çox yayılmış miqren xəstəliyinin əlamətidir. Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və bu tip insanlar işıqdan, ani səsdən narahat olurlar. Miqrendən əziyyət çəkən insanlarda da qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar olur. Bundan başqa, xəstədə boyun yırtığı, osteoxondroz olanda da baş ağrıyır. Baş ağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər. Yalnız müayinələr nəticəsində xəstəyə düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də tövsiyyə edirəm ki, baş ağrı zamanı mütləq həkimə müraciət edin.