Müsahibələr

Neyrocərrah Cəmil İskəndərov: “Bu xəstəlikdə əməliyyat 95-97 faiz yaxşı nəticə verir

Neyrocərrah Cəmil İskəndərov: “Bu xəstəlikdə əməliyyat 95-97 faiz yaxşı nəticə verir"

Bu gün onurğa xəstəlikləri arasında ən çox yayılanlarından biri də - disk yırtıqlarıdır. “Qrıja” adı ilə bilinən bu xəstəlik boyun, döş, bel nahiyəsində rast gəlinir. Disk yırtıqları haqqında daha çox eşitdiyimiz fikir bu xəstəliyin müalicəsinin olmaması, onun yalnız əməliyyat edilə biləcəyi ilə bağlıdır. Tanınmış neyrocərrah, Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərovla məhz bu mövzuda söhbət etmişik.

-Müasir dövrdə onurğa ilə bağlı ən çox rast gəlinən problemlər hansılardır?

-Təəssüf ki, insanların oturaq həyat şəraiti, düzgün qidalanmaması, əmək fəaliyyətinin düzgün təşkil olunmaması ilə əlaqədar olaraq, onurğanın ən çox təsadüf olunan xəstəliyi degenerativ xəstəliklərdir. Bunların içində ən çox təsadüf olunanı disk yırtıqlaırdır. Gün ərzində bizə 30-40 xəstə müraciət edirsə, bunların yarıdan çoxunda disk yırtıqları müşahidə olunur.

Disk yırtıqları boyun, döş, bel nahiyəsində olur. Bizə müracət edən xəstələr arasında əsasən bel yırtıqlarına rast gəlinir. Disk yırtığı olduqda əksər halda cərrahi yol effekt verir. Təbii, bu zaman diaqnozun düzgün qoyulması, lazım olan anda əməliyyat aparılması önəmlidir.

-Əməliyyat nəticəsində problemi tam aradan qaldırmaq mümkün olurmu?

-Düzgün diaqnoz və düzgün cərrahi əməliyyatın 95-97% hallarda nəticəsi yaxşı olur. Əməliyyat nəticəsində xəstənin ağrıları azalır, tamam kəsilir, nevroloji narahatlıq aradan qalxır. Çox az - 3-5% hallarda əməliyyat öncəsi ağrılar əməliyyatdan sonra da davam edir. Bu, orqanizmin əməliyyat sonrası adaptasiyasından asılıdır.

-Bəs əməliyyatdan sonra yenidən yırtıq yaranması ehtimalı varmı?

-Cüzi hallarda- 2-5% insanlarda residiv yırtıqlara, yəni təkrar disk yırtıqlaırnın əmələ gəlməsinə təsadüf olunur. Amma Çox vaxt bu hal xəstə və həkim arasında narahatlığa səbəb olur. Lakin tək bizdə deyil, bütün dünyada bəzi xəstələrdə residiv yırtıqların yaranmasına rast gəlinir. Hətta nkişaf etmiş ölkələrdə belə əməliyyat olunmuş yerdə yenidən yırtığın əmələ gəlməsi halı baş verə bilər. Buda hal əməliyyatı icra edən həkimdən, cərrahdan asılı deyil. Bu, əməliyyatdan sonra da xəstənin eyni həyat tərzinə davam etməsi nəticəsində əmələ gəlir. Yəni,disk yırtığının residivi xəstəliyin ağırlaşması demək deyil, bu, rast gəlinə bilən haldır.

Çox təəssüf olsun ki, bəzən cərrahlar da səhvə yol verirlər, ehtiyac olmadığı halda xəstəyə əməliyyat tətbiq edilir. Bizdə isə Universitet klinikası olduğundan, xəstələr ətraflı və dəqiq müayinələrdən keçir. ATU-nun Tədris Cərrahiyyə Klinikasında yüksək ixtisaslı mütəxəssislər xəstələr yırtıqlar zamanı kömək etməyə hazırdır.#atutck