Qarın bölgəsində “fartuk” dediyimiz sallanmanı cərrahiyyə əməliyyatı ilə aradan qaldırırıq
ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev: “Qarın bölgəsində “fartuk” dediyimiz sallanmanı cərrahiyyə əməliyyatı ilə aradan qaldırırıq”
“Piylənmə özü bir xəstəlikdir. Bədənin müxtəlif hissələrində piylər toplana bilər. Lakin bizim qarın bölgəsində icra etdiyimiz piylənmə və yaxud sallanma əməliyyatı arıqlatma cərrahiyyəsi deyil”.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasındaplastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev belə deyir. Onun sözlərinə görə, qarın bölgəsində sallanma əsasən bir neçə doğuş keçirən qadınlarda və yaxud həddindən artıq kök olub, sonradan arıqlamış insanlarda rast gəlinir: “Həm yerin cazibə qüvvəsi, həm də dəridə olan boşalma nəticəsində “fartuk” dediyimiz sallanma əmələ gəlir. Qarının ön divarında sallanma müşahidə olunur. Qarının iç hissəsində, əzələlərdə genişlənmə olur. Yəni qarının ön düz əzələləri bir-birindən aralanır. Buna elmi dildə diastaz deyirik”.
Doktor Mirsaleh Abdullayevin dediyinə görə, qarın sallanması problemini cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırmaq mümkündür. Əməliyyat zamanı dərinin ön hissəsi aşağıdan kəsilərək açılır: “Qabırğalara qədər soyub ayırdıqdan sonra, qarının düz əzələsini, plikasiya dediyimiz yığma metodu ilə yığırıq. Diastazı aradan qaldırırıq. Və aşağı çəkdikdən sonra, piyli dərinin artıq hissəsi dermolipitektomiya icra edərək, kəsib götürürük. Xəstəyə yeni göbək formalaşdırırıq. Bununla da biz bədən şəkilləndirmə olan abdominoplastika əməliyyatını (qarın gərmə əməliyyatı) icra etmiş oluruq ki, bədəndə qarının çıxmasının, sallanmasının qarşısını almış oluruq”.
Doktorun sözlərinə görə, bu, arıqlatma cərrahiyyəsi deyil, bədən şəkilləndirmə cərrahiyyəsidir: “Məsələn, “fartuk” yoxdursa, sadəcə qarının ön və yan divarlarında yağlanmalar varsa, bu hallarda biz liposaksiya dediyimiz, dərialtı piy qatının sovrulub çıxarması metodundan istifadə edirik”.