LOR həkim: “Burun əti eşitmə zəifliyi də yaradır”
Azərbaycanda burun ətlərinin kəsilməsi əməliyyatları kifayət qədər geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki,bu əməliyyata barmaqarası yanaşmaq olmaz. Yalnız göstəriş olduğu halda burun əti – adenoidlərin kəsilməsinə qərar vermək lazımdır.
Azərbaycan Tibb Universitetinin (ATU) LOR şöbəsinin müdiri Murad Şıxəliyev qeyd edir ki, burun əti ilə bağlı problemlər əsasən uşaqlarda rast gəlinir. 1-2 yaşından etibarən həddi-buluq yaşına çatana qədər uşaqlarda belə hallar müşahidə olunur.
“Adenoid dediyimiz burun əti burun tənəffüsünün pozulmasına gətirib çıxarır. Əsas şikayət bundan ibarət olur. Bundan başqa, narahat yatmaq, xoruldamaq, ağızın açıq yatmaq kimi şikayətlər də olur. Adenoidin də dərəcələri var. Əgər uşaqlarda narahatlıq aylarla, illərlə davam edirsə, bu artıq əməliyyata göstəriş ola bilər. Biz klinikada adenotomiya əməliyyatını müasir endeskopiya üsulu ilə icra edirik. Əməliyyat təxminən yarım saat çəkir”.
Murad Şıxəliyev qeyd edir ki, burun əti problemi adətən eşitmədə də problemlər yaradır. Çünki bu hal orta qulağın havalanmasının qarşısını alır, nəticədə təbil pərdəsinin arxasında yığılan maye axaraq kanal vasitəsilə buruna tökülə bilmir, orada qalır və bu isə eşitmə azlığına gətirib çıxarır. Bu da öz növbəsində nitqi inkişaf prosesində olan uşağın nitqində problemlərə gətirib çıxarır”.
“ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu günlərdə “paratensentiz” adlanan əməliyyat icra olunub. Bu zaman qulaqda təbil pərdəsində dəlik açaraq onun arxasındakı maye xaric olunub. Bu əməliyyat eşitmənin və nitq inkişafının düzəlməsinə gətirib çıxaracaq”.
Həkim uşaqların tənəffüs və eşitmədəki şikayətlərinə diqqətlə yanaşmağı tövsiyə edir.
#ATU #atutck #LOR #burunbogaz @ ATU Tədris Cərrahiyyə Klinikası