Kardioloq: “Vaxtında düzgün diaqnoz qoyulsa, çox problemin qarşısını almaq olar”
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın müsahibəsi
- Doktor, bu gün ürək-damar xəstəlikləri sahəsində ən çox rast gəlinən problemlər hansılardır?
- Ürək-damar xəstəlikləri dünyada geniş yayılmaqdadır. İnkişaf etmiş ölkələrdə belə, ürək xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında ilk yerlərdə gəlir. Amma 15-20 il ərzində farmakoterapiya, cihaz terapiyasında böyük irəliləyişlər əldə olunub. Kəskin miokardın qarşısı alınır, vaxtında xəstəyə müdaxilə olunur ki, ürək çatışmazlığı yaranmasın. Bundan başqa, şəkərli diabet geniş yayılıb. Şəkər xəstələrində ağrı simptomları olmadığına görə həmin xəstələr vaxtında həkimə müraciət etmirlər. Bu da nəticədə ürək çatışmazlığına gətirib çıxarır. İndiki həyat tərzi çox stress yaradır. İnsanlarda stres bir risk faktoru olaraq yüksək qan təzyiqinə səbəb olur. Bu da həm aritmiyalara, həm də miokard infarktına və ürək çatışmazlığına gətirib çıxarır.
- Ürəklə bağlı ilkin olaraq hansı müayinələr aparılmalıdır? Hər kəs hansı müayinədən keçməlidir?
- Həmişə məsləhət görürəm ki, hadisə olandan sonra onun dalınca qaçmaq deyil, hadisəni öncədən qabaqlamaq lazımdır. Yəni qarşısını almaq lazımdır ki, bu hadisə olmasın. Yaşı 40-dan yuxarı olan insanlara məsləhət görərdim ki, ildə bir dəfə kardioqram çəkdirib, heç bir şikayəti olmasa belə, gündə bir dəfə arterial təzyiqlərini ölçsünlər. Bu çox bəsit müayinə metodları ilə biz bilirik ki, xəstəlik patoloji şəkil ala bilər, ya yox.
- Uşaqlarda ürək qüsurlarının artması barədə deyilənlərlə razısınızmı? Son zamanlar bununla bağlı edilən əməliyyatlar həddən artıq çoxdur. Niyə belədir?
- Düşünmürəm ki, ürək qüsurlu uşaqların sayı artıb. Daha əvvəllər də bu hallar var idi. Amma müayinə üsullarının inkişaf etməsi, ən müasir cihazların olması nəticəsində qüsurlar daha çox aşkarlanır. Xüsusilə, Azərbaycanı vurğulasaq, ixtisaslı mütəxəssislərin sayı artmaqdadır. Ona görə də belə bir təəssürat yaranır ki, uşaqlarda ürək qüsurlarının sayı artıb.
- Son illərdə qəfləti ölümlər çoxalıb. Bu halların ən çox ürəklə bağlı olduğu deyilir. Statistik məlumatlar da bunu təsdiq edir. Əsasən də cavan insanlarda belə ölümlər baş verir. Nəyə görə, son zamanlar qəfləti vəfat edənlərin çoxu cavanlardır? Bu cavanlaşma nə ilə bağlıdır?
- Deməzdim ki, daha çox cavanlarda bu hallar baş verir. Adətən ölüm genetik patologiyalara bağlı olur. Genetik patologiyanın araşdırılması üçün xəstə müayinəyə gəldikdə soruşuruq ki, nəsildə ürək xəstəsi olubmu? Bəzən soruşanda deyirlər ki, yoxdur. Amma deyir ki, anam 30 il əvvəl rəhmətə gedib, sağlam idi. İnsanlar anlamırlar ki, qəfləti ölüm çox vaxt ürək xəstəliyindən olur. Əgər nəsildə ürək xəstəsi olan biri varsa, xüsusilə 50 yaşa qədər birində qəfləti ölüm baş veribsə, mütləq araşdırılmalıdır.
- Niyə ürək problemləri daha çox kişilərdə aşkarlanır, qadınlarda bu say azdır?
- Belə bir fərziyyə var ki, qadın hormonu olan estradiol bir növ damar funksiyasını qoruyaraq qoymur ki, ürək patologiyaları yaransın. Ona görə bunu nəzərə alaraq deyilir ki, qadınların şikayəti daha çox, amma ürəkləri daha sağlam olur.
- Qeyd etdiniz ki, ürək problemlərinin artmasına səbəb olan amillərdən biri həyat tərzi ilə əlaqədar yaranan streslərdir. Bəs qidalanmanın rolu varmı?
- Qidalanmanın, həyat tərzinin ürək problemlərində çox böyük rolu var. Xəstəliyin ilk mərhələsində əsas faktor stresdir. Digər tərəfdən isə düzgün olmayan həyat tərzinin böyük rolu var. Düzgün həyat tərzi sağlam qidalanma və idmanla məşğul olmaq deməkdir. Kim idmanla məşğul ola bilmirsə, gündə 15-20 dəqiqəyə qədər piyada gəzməlidir.
- Vaxtilə sağlam yaşamaq, sağlam ürək üçün gündə 10 min addım atılması barədə qızıl qayda vardı. Amma son zamanlar Harvard Universitetində aparılan araşdırma zamanı məlum olub ki, əslində 10 min addım gərək deyilmiş. Elə 4500 addım da bəs edir...
- Bəli, son zamanlar belə bir açıqlama yayılmışdı... Biz çox zaman deyirik ki, idmanın mütəmadi olması, 10-15 dəqiqə davam etməsi daha yaxşıdır. Amma son vaxtlar yayılan maraqlı məqalədə qeyd olunub ki, qeyri-müntəzəm idmanın belə, insan səhhətinə müsbət təsiri var. Ona görə heç idman etməməkdən, piyada gəzməməkdən, hərəkətsizlikdənsə, az da olsa hərəkət etmək, idmanla məşğul olmaq daha yaxşıdır.
- Ürək xəstəliklərində istər müayinə, istərsə də müalicələrlə bağlı nələr yanlış edilir?
- Məncə, əsas yanlış düzgün diaqnoz qoyulmaması ola bilər. Çünki xəstəlik vaxtında aşkarlanarsa, çox problemin qarşısını almaq olar.
- Ürək xəstəliklərinin əsas əlamətləri nələrdir? Heç bir əlaməti olmayan problemlər də varmı?
- Əlbəttə, elə xəstəliklər var ki, heç bir əlaməti olmur. Ürək çatışmazlığı ola bilər ki, heç bir narahatlıq verməsin. Ən çox arterial hipertenziyada xəstəlik heç bir şikayət vermir, xəstə gecikmiş halda müraciət edir.
- Siz həm də ürək-damar problemləri üzrə maqnit rezonans tomoqrafiyası mütəxəssissiniz. Ürək MRT-si insanlarımız üçün yeni metoddur, ona görə də çoxları bu barədə məlumatlı deyil. Ürək damarlarının kompüter tomoqrafiyası nədir? Kardiovaskulyar MRT-nin digər müayinələrdən fərqi, üstünlükləri varmı?
- Sürix Universitetində ürək maqnit rezonans tomoqrafiyası üzrə təhsil keçmişəm. Bu il isə Avropada sertifikat almışam. Həmçinin bu il dünyada 240 nəfərdən biri olaraq “ürək çatışmazlığı mütəxəssisi” adını qazanmışam. 2012-ci ildən başlayaraq ürək MRT-si müayinəsi aparıram. Bu günlərdə isə Avropa Kardiologiya Cəmiyyətinin fəxri üzvü seçilmişəm.
Digər müayinələrdən fərqi odur ki, bu müayinə ilə daha əvvəl miokard infarktı keçirmiş xəstələrdə həmin sahədə canlı toxuma olub-olmadığını aşkarlamaq mümkündür. Xəstələrə stent qoyulub-qoyulmaması, əməliyyata ehtiyac olub-olmamasına da bu müayinədən sonra qərar verilir. Bundan başqa, ürək çatışmazlığı olan xəstələrin diaqnozlarını dəqiqləşdiririk. Müayinə nəticəsində həm diaqnozu, həm də proqnozu müəyyənləşdiririk. Bununla bilirik ki, dərman müalicəsi, ya cihaz terapiyası lazımdır. Bu müayinə ən çox ürək çatışmazlığı olan xəstələrə tətbiq olunur.
- Necə hesab edirsiniz bizdə kardiologiyanın vəziyyətini Avropa ilə müqayisə etmək olar?
- Müqayisə etməzdim. Avropa təbii ki, daha irəlidədir. Amma Azərbaycanda da vəziyyət pis deyil. Yüksək ixtisaslı, peşəkar mütəxəssislərimiz var...