Hamilə qadın qripə tutularsa…
Koronavirusun yayıldığı bir dövrdə insanlar soyuqdəymə və qrip əlamətlərinə daha ciddi yanaşırlar. Xüsusilə hamilə qadınlar yoluxucu, immuniteti zəiflədən xəstəliklərə tutulmaqdan qorxurlar. Hamilə qadınlar qripə tutularsa, hansı təcili tədbirlər görməlidir? ATU-nun mətbuat xidməti Tədris Cərrahiyyə Klinikasının ginekoloqu, II mamalıq ginekologiya kafedrasının assisteti Səbinə Babayevanın məsləhətlərini paylaşır.
S.Babayeva bildirir ki, qrip əhali arasında çox yayılan infeksion xəstəlikdir. Epidemiya zamanı əhalinin 40-70%-i qripə yoluxur: “Hər 3-4 ildən bir demək olar ki, əhalinin hamısı praktiki olaraq qriplə xəstələnir. Qrip – kəskin virus xəstəliyi olub, hava, damcı yolu ilə yayılır. Qripin əsasən 3 seroloji tipi A, B və C tipləri var. Bunların antigen xüsusiyyətləri dəyişir. Virus tənəffüs yoluyla orqanizmə düşür, respirator yolun silindrik epitelini, əsasən də traxeyanı zədələyir”.
Həkim bildirir ki, qripin inkubasiya dövrü 12-24 saatdır. Xəstəlik kəskin başlayır, hərarət 38-40 dərəcəyədək yüksəlir, titrətmə, ümumi intoksikasiya əlamətləri – baş ağrısı, zəiflik, əzələ ağrısı, gözdə ağrı, adinamiya baş verir. Bu cür kataral əlamətlər 2-3-cü sutkada yaranır.
Doktor S.Babayeva deyir ki, hamiləlik zamanı qripin keçirilməsi zamanı başaçatmamış hamiləlik, dölün anadangəlmə inkişaf anomaliyası və uşaq ölümünün faizi yüksək olur.
“Hamilə qadının immun və endokrin sistemi pozulur. Ciftdə tromboz, qişalara, göbək ciyəsinə ocaqlı qansızma, cift qan dövranının pozulması inkişaf edir. Qrip hamiləliyin gec müddətində fetopatiyaya səbəb olur”.
Odur ki, hamiləlik zamanı mümkün qədər qripdən qorunmaq lazımdır. Qrip keçirən hamilə qadınların müalicəsi simptomatikdir və ev şəraitində aparılır. Belə xəstələr izolə edilməlidirlər. Onların qabları qaynar su ilə qaynadılmalıdır. Əgər ödem yoxdursa, bol maye, qələvili su (qaynar süd+borjomi) içilməlidir. Hərarət salıcı və ağrıkəsici preparatlar (assetilsalisil turşusu, parasetomol, analqin və s.) istifadə etmək, natrium -hidrokorbonatla boğazı qarqara etmək olar. Herpetiki səpkilər zamanı oksalin mazını sürtmək məsləhətdir. Fəsadlaşmamış qrip zamanı antibiotik məsləhət deyil”.
S.Babayeva qeyd edir ki, epidemiya zamanı qripin profilaktikası aparılır. Qadınların canlı və yaxud inaktivləşməmiş qrip əleyhinə peyvəndlə immunizasiyanın aparılması məsləhətdir.