Müsahibələr

Piylənmə COVİD-ə yoluxma riskini dəfələrlə artırır

Piylənmə COVİD-ə yoluxma riskini dəfələrlə artırır

Elçin Abdinov: "Hər kök, şişman, artıq çəkili insanı piylənməyə məruz qalmış hesab etmək olmaz"

Bu gün dünyada insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də artıq çəki və piylənmədədir. Bir çox hallarda artıq çəkili insanlar həkimlə məsləhətləşmə aparmadan müxtəlif vasitələrdən istifadə etməklə arıqlamağa cəhd edirlər. Nəticədə arıqlamaq əvəzinə, sağlamlığını itirənlər də olurlar.

Piylənmənin səbəbləri, insan orqanizmində əmələ gətirdiyi fəsadlar, müalicə yolları və bizi maraqlandıran digər suallarla Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metabolik cərrahı, Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosasiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinova müracət etdik. Həkim piylənmənin çox mürəkkəb patogenezə malik, tez-tez residivləşən xroniki bir xəstəlik olduğunu, dünya əhalisi arasında sürətlə yayılaraq dövrümüzün xəstəliyinə çevrildiyini bildirdi.

- Piylənmənin əsas səbəbləri nələrdir?

- Piylənmənin olduqca çoxlu səbəbləri var. Günümüzdə səbəbləri hələ də araşdırılır və yeni amillər aşkarlanır. Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır.

- Bəs kimlər piylənməyə məruz qalmış hesab olunur?

- Gündəlik həyatımızda rastlaşdığımız hər kök, şişman, artıq çəkili insanı piylənməyə məruz qalmış hesab etmək olmaz. Piylənməni təyin etmək üçün Bədən Kütlə İndeksi (BKİ) anlayışından istifadə olunur. BKİ bədən kütləsinin boy hündürlüyünün kvadratına bölünməsi ilə əldə olunur. BKİ 19-25 arası olduqda norma, 25-30 arası olduqda artıq kütlə, 30-dan çox olduqda isə, piylənmə kimi qiymətləndirilir. Piylənmə bir sira ağır metabolik xəstəliklərlə də müşayiət olunur: II tip şəkərli diabet, hipertoniya, qaraciyər piylənməsi və s. Bir məqamı da qeyd edim ki, bu gün dunya səhiyyəsi iki böyük problemlə üz-üzə qalıb: COVİD-19 pandemiyası və piylənmə. Onsuz da piylənmə dünyada il ərzində 3-3.5 milyon insanını həyatına son qoyurdusa, bu gün onlar arasında COVİD-19-a yoluxmaya görə ölüm faizi xeyli yüksəlib. Piylənməsi olan adam COVİD-19-a yoluxduqda, müalicə etmək xeyli çətindir.

- Siz bunu nə ilə izah edərdiniz?

- Bayaq qeyd etdiyim kimi, dünya səhiyyəsi piylənmə ilə əlaqədar çox böyük problemlərlə üzləşib. Səhiyyə sistemi, tibb müəssisələri bədən kütləsi 150 kiloqrama qədər olan pasiyentlərə xidmət üçün hesablanıb. Bədən kütləsi 150-dən çox olan pasiyentlərə KT, MRT, digər müayinələr etmək və xidmətləri həyata keçirmək bir sıra çətinliklər yaradır. Bildiyimiz kimi, COVİD-19 xəstələrinin tənəffüsünü rahatlaşdırmaq və oksigen təminatını artırmaq üçün üzü üstə uzanmaları tövsiyə olunur. Piylənməsi olan xəstələrdə isə bu, əks effekt verir. Piy toxuması COVİD virusu üçün münbit şərait yaradır. Piylənməsi olanlarda virusun qanda miqdarı, virulentliyi yuksək olur, virusun yaşama müddəti uzanır, ölüm riski artır.

- Bəs piylənmə COVİD-ə yoluxma riskini artırırmı?

- Aparılan araşdırmalar onu deməyə əsas verir ki, piylənmə COVİD-ə yoluxma riskini 6 dəfə artırır.
Pandemiyanın başladığı ilk dövrdə Çin və İtaliyadan gələn məlumatlara görə, ölüm riski faktoru kimi yaş və yanaşı xroniki xəstəliklər əsas götürülürdüsə, virus əhalisinin 50%-dən çoxu piylənmədən əziyyət çəkən ABŞ-a keçdikdə, fikirlər tamamilə dəyişdi. BKİ 30-dan yuxarı olan şəxslərdə ölüm riski 2 dəfə, 40-dan yuxarı olanlarda 4.5 dəfə, gənc və yaşı 60-dan aşağı olan belə kişilərdə isə daha da çox artır. Bu faktorun COVİD xəstələrinin hospitalizasiyasında praktiki əhəmiyyəti var. Piylənməsi olan xəstələrin ilk baxışdan vəziyyəti yüngül görünsə də, onların çox qısa zamanda ağırlaşması mümkündür. Ona görə də ilk növbədə bu xəstələr hospitalizasiya olunmalıdır.

- Piylənmədən əziyyət çəkənlər hansısa konservativ üsullarla arıqlaya bilərlərmi?

- Piylənmədən əziyyət çəkən insanların normal çəkiyə qayıtmasına pəhriz, idman kimi konservativ üsullar kömək etmir. Həm də idman zamanı daha da ağır xəsarətlər ala bilərlər. Aşağı dərəcəli, yəni birinci dərəcəli piylənmədə pəhriz, idmanla nəticə əldə etmək olar. Lakin onların 3 faiz şansı var. Yəni 100 xəstədən 97-də pəhrizi, idmanı buraxdıqda, həyat tərzini dəyişdirdikdə, nəinki itirilmiş çəki geri qayıdır, hətta əvvəlkindən də çox çəki alınır.

- Piylənmə ilə mübarizədə ən əlverişli üsul hansıdır?

- 1990-cı illərdə dünyanın tibb təşkilatları və alimləri piylənmə ilə mübarizənin cərrahi əməliyyat yolu ilə aparılması qərarına gəliblər. Təbii ki bu, morbid, yəni həddən artıq çox piylənməsi olanlara aiddir. Əgər, bir insanda piylənmə varsa, əməliyyata əks göstəriş yoxdursa, onun yeganə uğurlu, effektiv və uzunmüddətli müalicə üsulu bariatrik cərrahiyyədir. Bu, bütün dünyada sübut olunub və Dünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib.

- Bariatrik cərrahiyyənin faydaları nədir?

- Piylənmədən əziyyət çəkən insanın daxili orqanlarında bir sıra problemlər mövcuddur. Həmin insanlar yanaşı olaraq bir sıra metabolik xəstəliklərdən əziyyət çəkirlər. Normal insanlara nisbətən ömürləri 30 faiz qısa olur. Səbəbi bilinməyən qəfləti ölüm riski həddən artıq çoxdur. Bu əməliyyatdan sonra isə qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, xəstələrin ömrü 10-12 il artır. Əməliyyatdan sonra ən yaxşı nəticə 80% hesab olunur. Bu, o zaman mümkündür ki, xəstələr əməliyyatdan sonra mütəmadi olaraq həkim müayinəsi və konsultasiyasından keçsinlər, onlara verilən proqrama ilyarım, iki il əməl etsinlər.

Qeyd edim ki, pasiyentlərimiz arasında bir çox tanınmış simalar da var. Onlardan Əməkdar artist Nahidə Orucovanın, tanınmış müğənni Cəvahir Abdulovanın və başqalarının adlarını çəkə bilərəm.