Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d Azər Hümmətov:
Mayın 25-i Dünya Qalxanabənzər Vəzi Günü kimi qeyd olunur. Bu günün mahiyyəti haqqında məlumat verə bilərsizmi?
Bütün dünyada 2009-cu ildən mayın 25-i Dünya Qalxanabənzər Vəzi Günü (World Thyroid Day) kimi qeyd edilir. Günün təsis olunma təşəbbüsü qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tiroid Assosiasiyası (European Thyroid Association) tərəfindən irəli sürülüb. Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd olunmağa başlayıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir. Ölkəmiz aktiv, orta dərəcəli yod atışmazlığı olan bölgələrə aiddir. ÜST tərəfindən Azərbaycanın 30-a yaxın rayonu orta dərəcəli yod çatışmazlığı olan ərazi kimi qəbul edilib. Ötən ilin rəqəmlərinə nəzər salsaq, ilkin diaqnozla uşaqlar (0-13 yaş daxil olmaqla) 129, yeniyetmələr (14-17 yaş daxil olmaqla) 17, gənclər (18 - 29 yaş daxil olmaqla) 397, böyüklər (30-dan yuxarı) 1209 nəfər olmaqla qeydiyyata alınıb.
Ölkəmizdə orta dərəcəli yod atışmazlığı olan bölgələr hansılardır?
Şəki, Qax, Zaqatala, Balakən, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan bu ərazilər orta yod çatışmazlığı olan ərazilərdir. Bu göstərici də sidikdə yodun analiz nəticəsi zamanı bəlli olur. Bu göstəricilərə əsasən ölkəmiz orta dərəcəli yod çatışmazlığı olan ərazilərə aid edilir.
Hansı göstəricilərin olması insanda zob xəstəliyinə şübhə yarada bilər?
Qalxanabənzər vəzi xəstəliklərini iltihabi və qeyri-iltihabi olaraq bölmək olar. Qalxanabənzər vəzinin qeyri-iltihabi xəstəlikləri dedikdə bildiyimiz zob, yəni vəzinin böyüməsi nəzərdə tutulur. Qalxanabənzər vəzi düyünləri də xoş və bədxassəli olmaqla 2 hissəyə bölünür. Digər qrup isə qalxanabənzər vəzinin iltihabi xəstəlikləridir. Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır.
Qalxanabənzər vəzinin fəaliyyətinin azalmasının əlamətləri nələrdir?
Hipotrioid və ya tənbəl zob.
Qalxanabənzər vəzinin lazım olandan az hormon ifrazı xəstələrdə bir çox şikayətə səbəb olur. Bu əlamətlərə çox asan kilo almaq və ya pəhriz saxlanmasına baxmayaraq kilo verə bilməmək, halsızlıq, qəbizlik, dəridə quruluq, əzələ ağrıları, xolesterin miqdarının artması, qırışıq və xüsusilə göz ətrafında şiş olması, saç tökülməsi, unutqanlıq, soyuğa qarşı həssaslıq və əl-ayaq üşüməsi aiddir. Əgər şəxsdə bu əlamətlərin bir neçəsi mövcuddursa, qalxanabənzər vəzinin funksiyası mütləq yoxlanılmalıdır.
Qalxanabənzər vəzinin fəaliyyətinin artmasının əlamətləri nələrdir?
Hipertiroid və ya zəhərli zob.
Hipertiroid, yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı ümumi olaraq maddələr mübadiləsini sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların başında iştahanın yaxşı olmasına baxmayaraq kilo itkisi, sakit vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, döyüntü şikayətləri, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşı pozğunluğu hesab edilir.
Zobun diaqnozunun təyini necə qoyulur?
Zobun diaqnozu adətən fiziki müayinə zamanı qoyulur. Zob həmçinin digər səbəblərə görə aparılan radioloji müayinələr (məs., yuxu arteriyalarının USM müayinəsi) zamanı təsadüfi tapıntı da ola bilər. Əgər düyünlərin ultrasəsdə şübhəli göstəricisi aşkarlanarsa biopsiya təyin edilir. Bu nəticələrin 90%-i əksərən xoşxassəli cavab olaraq gəlir. Qalxanabənzər vəzi xərçənginin növləri içərisində ölkəmizdə ən çox papilyar tipə rast gəlinir. Ümumiyyətlə qalxanabənzər vəzi xərçənglərinin 75%-i bu növdür. Bu xərçəng növləri adətən 20-50 yaş arasında, qadınlarda kişilərə nisbətən 3 dəfə artıq müşahidə edilir
Folikulyar tip: bu qrup xəstələr daha çox 40-60 yaş arası qadınlardır. Bu tip qalxanabənzər vəzi xərçənglərinin 10 %-ni təşkil edir.
Çox təəssüfki qalxanabənzər vəzi xərçəngi də cavanlaşan xəstəliklərindəndir. Amma qorxmaq lazım deyil. Zamanında müdaxilə ilə təhlükəsiz şəkildə aradan qaldırılır.
Zob xəstəliyi irsiyyət daşıyırmı?
Bəli irsiyyət daşıyır. Hətta bununla bağlı ölkə ərazisində tədqiqat aparılıb. Daha çox Haşimot (Autoimmun tiroidit) son zamanlar irsiyyətdə daha çox rast gəlinir. Ana xətti ilə ötürülməsi aşkarlanıb, qız uşaqlarında daha çox üzə çıxır. Qeyd etmək istəyirəm ki, Azərbaycan Tibb Universitetinin əməkdaşları olaraq 2017-ci ildə ölkənin endemik bölgələrində məktəblilər arasında qalxanabənzər vəzi xəstəliklərinin yayılma tezliyini öyrənmək məqsədi ilə tədqiqat işi aparmışıq və onun nəticələri beynəlxalq məqalələrdə dərc edilib. Bu istiqamətdə tədqiqat işlərimiz davam etdirilir.