ATU-nun professoru: “göz rənginin dəyişdirilməsi qadağan edilməlidir”
Bu günlərdə məşhur olan keratopiqmentasiya - göz rənginin dəyişdirilməsi əməliyyatını tənqid edənlərlə yanaşı, ona üz tutanların sayı da az deyil. Daha çox xanımların müraciət etdiyi bu əməliyyatla gözlər istəkdən asılı olaraq mavi, yaşıl rəngə dəyişdirilir.
“Qafqazinfo” saytı geniş müzakirələrə səbəb olan keratopiqmentasiya ilə bağlı araşdırma aparıb. Məlum olub ki, 40-60 dəqiqə ərzində icra olunan bu əməliyyat ölkəmizdə hər iki göz olmaqla 9000 manata başa gəlir. Seçilən rənglərə görə məbləğ əlavə 1000-2000 manat arta da bilər. Əməliyyatdan sonra xəstəxanada qalmağa ehtiyac duyulmur, pasiyent elə həmin gün evə buraxılır.
Lakin hər şey bu deyilənlər qədər sadə, dəyişən göz rəngləri kimi gözəl deyil. Çünki dəyişən göz rəngi artıq ömürlük sizinlə qalır. Peşmanlıq çəksəniz, bu rəngi yenidən dəyişə bilməyəcəksiniz. Üstəlik, onun sonradan gözlər üçün fəsadlara yol açacağı da istisna deyil.
“The Guardian” yazır ki, əvvəllər bu prosedur xəsarətlərin, infeksiyaların və anadangəlmə xəstəliklərin nəticələrini aradan qaldırmaq, yəni əsasən tibbi məqsədlər üçün istifadə edilirdi. Lakin hazırda keratopiqmentasiya sadəcə gözəllik məqsədilə olunan bir prosedur halını alıb.
Bəs bu əməliyyat necə həyata keçirilir? Həkim lazer və ya iynədən istifadə edərək buynuz qişada kəsik edir və nəticədə irisin təbii rəngini maskalayan yerə piqment yeridir.
Amerika Oftalmologiya Akademiyası cari ilin yanvarında göz rənginin dəyişdirilməsi prosedurlarının doğuracağı təhlükələr barədə xəbərdarlıq yayıb. Bu təhlükələr sırasında buynuz qişanın zədələnməsi, bulanıq görmə, işığa qarşı həssaslıq, görmənin itirilməsi, allergik reaksiyalar, bakterial infeksiyalar, boyanın qeyri-bərabər paylanması, boyanın gözə sızması, boyanın gözə axması səbəbindən rəngin solğunlaşması var.
ABŞ-də göz rənginin dəyişdirilməsi əməliyyatının qiyməti təqribən 12 min dollar təşkil edir. Rusiya daxil, bir çox ölkələrdə isə ümumiyyətlə qadağandır. Böyük Britaniyada bu prosedura kosmetik məqsədlər üçün tamamilə qadağa qoyulub. Bunu etmək istəyənlər isə xarici ölkələrə getməyə məcbur olurlar.
Artıq ölkəmizdə də dəb halını alan bu prosedurun yarada biləcəyi problemlərlə bağlı sayt tanınmış oftalmoloq, ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinurun fikirlərini öyrənib. O bildirib ki, göz rənginin dəyişdirilməsi əməliyyatını etdirən şəxslər gələcəkdə hətta kor ola bilər: “Bu əməliyyatlar demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində qanunla qadağan edilib. Yalnız Kolumbiya kimi ölkələrdə bu qadağa yoxdur. İnkişaf etmiş ölkələrdə bu əməliyyatın yasaqlanmasına səbəb isə odur ki, sağlam gözə döymə (tatu) etmək olduqca təhlükəlidir. Döyməni bədənin müxtəlif hissələrinə edirlər, düzdür, bu da zərərlidir. Lakin gözdə etmək böyük fəsadlara yol açır. Vaxtilə bu əməliyyatın hələ qadağan olunmadığı illərdə dünyanın aparıcı ölkələrində proseduru etdirən tanınmış insanlar, aktyorlar, müğənnilər və başqaları daha sonra onun fəsadları ilə qarşılaşdılar, çox ağır xəstəliklərə tuş gəldilər”.
Oftomoloq bu əməliyyatın Azərbaycanda da qadağan olunmasını vacib sayır: “Ən ucqar kənddə yaşayan, heç orta məktəb təhsili belə olmayan bir şəxsə yaxınlaşıb desəniz ki “gəl, sənin gözünə döymə edim, rəngini dəyişim”, heç vaxt razılaşmaz. Çünki bunun çox təhlükəli olduğunu başa düşür. Bu gün o əməliyyatı etdirən şəxslər vaxt gələcək ki, peşman olacaqlar. Lakin nəyisə dəyişə bilməyəcəklər. Buna görə də mən istəyərdim ki, əməliyyat qanunla qadağan edilsin. Bu gün ölkəmizdə həmin proseduru edən bir-iki həkim var. Mən özüm çox əməliyyatlar etmişəm və edirəm. Lakin bu əməliyyatı etmirəm. Çünki göz rənginin dəyişdirilməsi əməliyyatı həm günahdır, həm də cinayət. Hər hansı gənc qız, ya da oğlan bu gün toya gedəndə istəyirsə ki gözü fərqli görünsün, bunun üçün kontakt linzalar taxa bilər. Düzdür, onun da gözə zərəri var, lakin müvəqqəti istifadə etmək olar. Amma bu əməliyyatı edəndən sonra çox eybəcər, bulanıq vəziyyət əmələ gəlir. Fəsadlarına isə bir gündən sonra da rast gəlmək olar, bir aydan sonra da. Gənc adam bunu etdirib kor olandan sonra nə olacaq? Artıq heç nəyi dəyişə bilməyəcək. Görməyən gözün rəngi isə nə olursa-olsun...”
Məsələnin bir tərəfi də budur ki, göz rəngini dəyişdirənlər bəzi sənədlərində də dəyişiklik etməli olacaqlar. Bu barədə danışan hüquqşünas bildirib ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda deyilir ki, şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilən məlumatlarda vətəndaşın gözlərinin rəngi də qeyd olunur. Bu qanunun tətbiqi barədə Əsasnamədə göstərilir ki, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.
Bundan başqa, vətəndaşlar xarici pasportlarında da dəyişiklik etməli olurlar.
Qeyd edək ki, göz rəngimiz iris, yəni göz bəbəyindəki piqmentin (rəngli maddə) miqdarı ilə müəyyən edilir. Çox az piqmentli gözlər mavi, orta piqmentasiyalı gözlər isə yaşıl rəngdədir. Ölkəmizdə ən çox rast gəlinən qəhvəyi gözlər ən çox piqment ehtiva edən gözlərdir. Gözlərimizin hansı rəngdə olacağı, yəni nə qədər piqment istehsal edəcəyi genetik quruluşumuzla müəyyənləşir.