Müsahibələr

Professor Vəfa Pənahian bir çox insanları narahat edən bu məsələyə ətraflı aydınlıq gətirir

Professor Vəfa Pənahian bir çox insanları narahat edən bu məsələyə ətraflı aydınlıq gətirir

Burun qanaxmaları: nədən yaranır, necə dayandıraq?

Professor Vəfa Pənahian bir çox insanları narahat edən bu məsələyə ətraflı aydınlıq gətirir

“İnsan orqanizmində bir sıra xəstəliklər və ya dəyişikliklər nəticəsində burun qanaxmaları baş verə bilər”. Bunu “Təbib”in əməkdaşına burun qanaxmalarının səbəblərindən danışan ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian söyləyib.

O, burun qanaxmalarının bir neçə səbəbi olduğunu bildirib: “Hipertoniya xəstəliyində arterial təzyiqin yüksəlməsi kapilyarların tamlığının pozulması və qanaxması ilə nəticələnə bilər. Hipertonik krizlər zamanı burun qanaxmalarının müsbət cəhəti ondan ibarətdir ki, arterial təzyiq bir qədər azalır və hətta bəzi hallarda hemorragik insultun qarşısı alına bilər. Hematoloji xəstəliklərdə qanın laxtalanma sistemində patoloji dəyişikliklər əmələ gəlir və burun qanaxmaları müşahidə olunur. Oxşar problemə şəkərli diabetdə da rast gəlmək olar. Məlumdur ki, şəkərli diabetdə regenerasiya prosesləri gecikir və qanaxma ehtimalı yüksəlir. Böyrək çatmazlığında burun qanaxmaları uremiya və ya hemodializlə əlaqədardır. Hamiləlikdə hipovitaminoz əmələ gəlir və damarların divarlarının elastikliyi pozulur, burun qanaxmalarına səbəb olur. Bundan başqa, burun travmaları və cərrahi əməliyyatlar səbəbindən qan damarları zədələnər və qanaxma yarada bilər. Eləcə də burun qanaxmaları burunun anatomik quruluşun pozulmaları zamanı izlənilir. Belə ki, burun çəpərinin əyriliyi, balıqqulaqlarının böyüməsi, poliplər və sair burun tənəffüsünə mane olan amillər hava durğunluğu yaradır və nəticədə, selikli qışada şişkinlik əmələ gəlir. Bu vəziyyət burun qanaxmaları üçün ən əlverişli şəraitdir”.

Vəfa müəllimin sözlərinə görə, burun qanaxmalarının bir səbəbi də yaşla əlaqədardır: “Belə hallara adətən uşaqlarda və yaşlılarda rast gəlinir ki, bu da qan damarlarının divarında gedən dəyişikliklərə bağlıdır. Məlumdur ki, insanın yeniyetmə və yaxud uşaqlıq dövründə damar divarları həddən artıq yumşaq olur. Eyni zamanda, bədənin hər yerində olduğu kimi, burunda da böyümə prosesi gedir. Bu zaman dartılma nəticəsində damarların partlaması müşahidə olunur və nəticədə qanaxma baş verir. Yaşlı insanlarda isə əksinə, qan damarlarının həddən artıq bərkiməsi, yəni elastikliyin azalması səbəbindən yaranan dəyişiklik (arterial təzyiqin artması, fiziki gərginlik və s.) şiddətli qanaxmalara yol aça bilər”.

Burun qanaxmalarının bir səbəbi isə orqanizmimizlə birbaşa bağlı deyil. Professor bildirib ki, bu, havaların və atmosfer təzyiqinin dəyişilməsidir: “Adətən bu hallar yaz və payız aylarında müşahidə olunur. Hazırda biz yaz fəslini yaşayırıq və bu dəyişiklik nəticəsində burun qanaxmalarına rast gəlinir. Yaz fəslində havaların, nisbi rütubətin və atmosfer təzyiqin dəyişməsi həssas adamlara mənfi təsir edir. Yuxarı tənəffüs yolları, xüsusən burun boşluğunun selikli qişası hava dəyişikliyinə həssas olur. Kisselbax kələfinin kapillyarları anatomik olaraq selikli qişanın altında səthi yerləşdiyinə görə dərhal reaksiya verir. Havaların dəyişkənliyi burunun selikli qişasında qalınlaşmaya, ya da nazikləşməyə səbəb olur. Hətta mukozadan selik ifrazatının axmasına və ya əksinə, qurumasına təkan verir. Məlumdur ki, yaz ayları allergik mövsümdür və allergik rinitin mövsümi forması məhz yaz və payız aylarında özünü büruzə verir. Selikli qışada həddən artıq yaranan şişkinlik və seliyin axması burun tənəffüsündə çətinliklər yaradır və nəticədə bir sıra xəstələrdə burun qanaxmalarına səbəb olur”.

Burun qanaxmasında müalicə tədbirlərindən də bəhs edən həkim vurğulayıb ki, ilk öncə qanaxmanı dayandırmaq və səbəbini araşdırılmaq lazımdır: “Xəstə burun qanaxmasıyla müraciət edən zaman qanaxmanın saxlanılmasıyla bərabər, onun səbəbləri də müəyyən olunmalıdır. Əks halda, qanaxmanı tam saxlamaq mümkün olmayacaq və o təkrarlana bilər. Bir neçə saxlama üsulu var. Bildiyiniz kimi, əksər hallarda burun boşluğunun ön tamponadası olunur. Bəzi zamanlar tamponada olduqdan sonra qanaxma arxaya – udlağa doğru davam edir. O zaman ön tamponadayla bərabər arxa tamponada tətbiq edilir. Tibbi sənayenin inkişafı sayəsində son illər süngərli, elastik və havayla doldurulan balon tamponlardan da istifadə olunur.

Qanaxma çox şiddətli olmayanda və qansızma müşahidə ediləndə Kisselbax kələfinin kimyəvi turşularla sürtülməsi müsbət nəticə verir. Kimyəvi trixlor, gümüş-nitrat turşularından və il-33 kimi kimyəvi maddələrdən istifadə olunur.

Burun qanaxmalarının elekrtik cihazlar vasitəsiylə dayandırılması isə iki növ cihazla icra olunur: elektrokoaqulyator (bipolyar və monopolyar) və qalvanokayzer. Bu cihazların hər ikisi qanayan sahəni yüksək temperatura gətirərək qan damarlarını yandırır və süni tromb yaradır”.

V.Pənahian qeyd edib ki, qanaxma saxlandıqdan sonra xəstənin əsas və yanaşı xəstəlikləri dəqiqləşdirilərək medikamentoz müalicə təyin olunur. Burada qanı qatılaşdıran və damar divarlarını bərkidən dərmanlardan - aminokapron turşusu, tramsamin, disinon, kalsium qlukonat, askorutin və s.) istifadə edilir. Burun qanaxmaları davamlı təkrar olunduqda isə, cərrahi əməliyyata qərar verilir. Cərrahi əməliyyat burun çəpərinin selikli qişasının soyulması və kiçik qan damarlarının dağıdılmasından ibarətdir. Belə müdaxilədən sonra adətən qanaxmalar təkrar olunmur.