Zob xəstəliyinə endemik bölgələrdə daha çox rast gəlinir
Cərrah-endokrinoloq Azər Hümmətov hansı hallarda əməliyyatın vacib olduğunu açıqlayır
Endokrin xəstəliklər içərisində şəkərli diabetdən sonra ən geniş yayılan qalxanabənzər vəzi xəstəlikləri haqqında suallarımızı ATU-nun I Cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov cavablandırıb.
- Doktor, ənənəvi bir sualdan başlayaq. Zob xəstəliyinin ilkin əlamətləri hansılardır? İnsanlar nə vaxt mütləq cərrah-endokrinoloqa müraciət etməlidir?
- Qalxanvari vəz xəstəlikləri bütün dünyada olduğu kimi, ölkəmizdə də geniş yayılıb və əsas yayılma səbəblərindən biri yod çatışmazlığıdır. Təsadüfi deyil ki, ölkəmizin bəzi bölgələri Dünya Səhiyyə Təşkilatı tərəfindən yod azlığı olan regionların sırasına daxil edilib. Belə ki, dağlıq ərazilər ciddi, dağətəyi ərazilər isə orta yod çatışmazlığı olan ərazilər hesab olunur. Ona görə də həmin bölgələrdə yaşayan insanlarda yod çatışmazlığı ilə əlaqədar qalxanvari vəzin böyüməsi hallarına daha çox rast gəlinir. Çünki qalxanvari vəzin əsas funksiyasının yerinə yetirilməsində bilavasitə yod mikroelementinin vacib rolu var. Yod çatışmazlığı olduqda, qalxanvari vəzin funksional pozğunluğu baş verir ki, bu da onun böyüməsinə, el arasında “zob” deyilən xəstəliyin yaranmasına səbəb olur. Xəstəliyin əlamətləri özünü qalxanvari vəzin funksional vəziyyətinə, yəni onun az və yaxud çox çalışan formalarına uyğun büruzə verir. Qalxanvari vəzin az çalışan formasına el arasında “tənbəl”, çox çalışan formasına isə “zəhərli” zob deyilir. Saçın seyrəlməsi, dəri quruluğu, boyun nahiyəsində şişkinliyin olması, bədən çəkisinin artması, qəbizlik, qadınlarda menstruasiyanın pozulması, hamilə qalmağın bəzi problemləri, metabolizm sürətləndiyi üçün orqanizmdə ürək döyüntülərinin artması, əllərdə tərləmə, saçın tökülməsi, bədən çəkisinin sürətlə itirilməsi isə “zəhərli” zobun əlamətləridir.
Xəstələrin 4 əsas göstəriciyə görə cərrah-endokrinoloqa müraciət etməsi mütləqdir. Biopsiyanın nəticəsi şübhəli olan, bədxassəli, eləcə də boğulma və sıxılma halına gətirən böyük düyünlər və müalicəyə tabe olmayan “zəhərli” zoblar cərrahi əməliyyata göstərişdir.
- Bu xəstəliyə cərrahi müdaxilə hansı hallarda qaçılmazdır və yaxud məsləhət deyil?
- Qalxanvari vəzdə hər hansı bir ocaqlı dəyişiklik baş verirsə, biz bunu düyün kimi dəyərləndiririk. Düyünün xoşxassəli və ya bədxassəli olmasını müəyyən etmək üçün ilk növbədə ultrasəs müayinəsi aparılır. Əgər ultrasəs müayinəsi zamanı düyünün kənarları hamar deyilsə, ön, arxa ölçüsü en ölçüsündən böyükdürsə, düyün şübhəli görüntü kimi qiymətləndirilir və biopsiya edilir. Nəticəsi xoşxassəlidirsə, ultrasəs müayinəsi vasitəsilə düyünlərə nəzarət olunur. Əgər düyün böyümürsə, heç bir cərrahi müdaxiləyə gərək yoxdur, bədxassəlidirsə, əməliyyat qərarı verilir. Hal-hazırda tərəfimizdən açıq cərrahiyyəyə alternativ olan mini-invaziv üsullar tətbiq olunur. Bunlar lazer ablasiya və mikrodalğalı ablasiyadır. Lazer ablasiyanın üstünlüyü ondadır ki, xəstə narkoz almır, kəsik aparılmır. Düyünün içərisinə lazer və mikrodalğanın ucluğu yeridilir. Şüanın təsirindən düyünün içərisində yüksək temperatur əmələ gəlir və hüceyrələrdə yanıq hesabına nekroz baş verir. Nekrotik hissə müəyyən müddətdən sonra çapıqlaşır, düyünün həcmi kiçilməyə başlayır. Bu metod əsasən 2 sm-dən 4 sm-ə qədər olan düyünlərdə tətbiq edilir və yaxşı nəticələr alınır. Xəstədə boğulma, sıxılma halları qısa müddətdə aradan götürülür. Prosedur ancaq yerli keyləşdirmə altında 15-20 dəqiqəyə icra olunur. Xəstə 2 saat klinikada qaldıqdan sonra evə buraxılır və hər hansı bir dərman terapiyasına ehtiyac qalmır.
- Qalxanvari vəzin böyüməsi ətraf orqanlara necə təsir göstərir? Zobu olan xəstədə ortodontik müalicə aparmaq, dişlərə breket qoymaq olarmı? Nələr əks göstəriş sayılır?
- Bildiyiniz kimi, qalxanvari vəz orqanizmin həyativacib orqanlarına “qonşudur”, boyunda, nəfəs borusunun kənarında, səs tellərini innervasiya edən qayıdan qırtlaq siniri, yuxu arteriyası və qida borusunun arxasında yerləşir. Yəni həyativacib orqanlarla sıx təmasdadır. Ona görə də əməliyyatları elə etmək lazımdır ki, bu orqanlar zədələnməsin. Belə xəstələrdə ortodontik müalicə aparılmasına, dişlərə breket qoyulmasına gəlincə, ilk növbədə qalxanvari vəzin funksiyası yoxlanılmalıdır. Əgər hormonlar, həmçinin kalsium, fosfor mübadiləsi, D vitamini normaldırsa, müalicəyə əks göstəriş yoxdur. Əksinə, qalxanvari vəzin funksional pozğunluğu, hipotireoz varsa, kalsium mübadiləsində tarazlıq pozulubsa, öncə maddələr mübadiləsi, hormonal status normallaşdırılmalıdır və bundan sonra həmin müalicələri aparmaq olar.
- Bəzən pasiyentlər qalxanvari vəz düyünlərindən biopsiya götürülməsindən çəkinirlər. Bu yanaşma nədən qaynaqlanır?
- Bəli, əvvəllər qalxanvari vəzin biopsiyasından insanlar daha çox çəkinirdilər. Son vaxtlar maarifləndirici verilişlər, sosial şəbəkələr vasitəsilə insanlar daha çox məlumatlandırıldığı üçün müraciət edən xəstələrdə qorxu hissi kifayət qədər azalıb. Artıq müayinəyə maariflənərək gəlirlər. Biz özümüz də vaxtaşırı televiziyalarda, sosial şəbəkələrdə biopsiyaya göstərişlə bağlı fikirlərimizi paylaşırıq. Əslində də qorxmaq üçün heç bir əsas yoxdur, 10 saniyəlik ağrısız bir prosedurdur. Biopsiyanın götürülməsindən 3-4 gün sonra xəstə onun cavabını alır və nəticəyə uyğun müalicə seçirik. Proseduru düzgün izah etdikdə, xəstələr heç bir tərəddüdsüz biopsiya götürülməsinə razılıq verirlər.
- Zobun profilaktikası haqqında nə deyərdiniz və zob xəstələrinə əsas nələri tövsiyə edərdiniz?
- Zobun profilaktikası ilk növbədə endemik bölgələrdə aparılmalıdır. Həmin bölgələrdə yod çatışmazlığı olduğundan, orada yaşayan insanlar orqanizmin tələbatına uyğun yod ala bilmirlər. Məhz bu səbəbdən onların yodlaşdırılmış duzdan istifadəsi zəruridir. Amma yodlaşdırılmış duz yemək bişəndən sonra əlavə edilməlidir ki, yod parçalanmasın və orqanizmə lazım olan qədər qəbul edilsin. Eyni zamanda sidikdə yodun miqdarının analizi də vacibdir. Bu analizlə həmin bölgədə yod çatışmazlığının dərəcəsi öyrənilər və əhaliyə nəticələrə uyğun yod preparatları verilə bilər. Ancaq bunların hamısı həkim məsləhəti ilə həyata keçirilməlidir. Unutmamalıyıq ki, yodun artıq qəbulu da qalxanvari vəzin funksional aktivliyinin, həmçinin “zəhərli” zob dediyimiz xəstəliyin artmasına səbəb olur. Ona görə də yod çatışmazlığı olan bölgələrdə həkim nəzarətinin olması və dispanserizasiyanın aparılması məqsədəuyğundur.