Müsahibələr

Eşitmənin bərpasında koxlear implantın rolu

Eşitmənin bərpasında koxlear implantın rolu

Dosent Cabbar Cəlilov deyir ki, uşaqlarda bu əməliyyat vaxtında icra olunduqda, nitqin inkişafı normal səviyyədə gedir

“Koxlear implant mürəkkəb tibbi elektron qurğudur. O, anadangəlmə və sonradan qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir. Bundan sonra isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır”. Bu fikirləri koxlear implant əməliyyatları ilə bağlı “Təbib” qəzetinin suallarını cavablandıran ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının dosenti Cabbar Cəlilov söyləyib.

Həkim bildirib ki, eşitmə qüsuru ilə doğulmuş uşaqlar üzərində son illər koxlear implant əməliyyatları aparılır. Koxlear implantasiya qulağın ilbiz hissədində olan eşitmə sinirinin liflərinin elektrik impluslarla stimullaşdırılmasından ibarətdir: “Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan cihaz – koxlear implant yerləşdirilərək daxili qulaq protezləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Eşitmə siniri liflərinin stimullaşdırılması baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Eşitmə və danışma qüsurlu şəxslər koxlear implantansiya nəticəsində normal həyat tərzinə qayıda bilirlər. Erkən yaşlarda aparılan əməliyyatlar daha səmərəli nəticələr verir və bu şəxslərdə əlilliyin yaranması səbəbi aradan qaldırılır”.

Sözünə davam edən C.Cəlilov dünya əhalisinin 10-12%-nin ağır eşitmədən əziyyət çəkdiyini, belə insanların Azərbaycanda da çox olduğunu bildirib: “Bu rəqəmin müəyyən bir hissəsi də uşaqların payına düşür. Anadangəlmə ağır eşitmənin müxtəlif səbəbləri və faktorları var: qohum nikahları, hamilə qadının infeksiya keçirməsi və yaxud hamiləlik dövründə hansısa xəstəliyinin olması, qulaq sinirinə zədələyici təsir göstərən antibiotik preparatlarının vurulması, doğuş zamanı yenidoğulmuşun aldığı travma və s. Burada əsas məsələ diaqnozun tez və düzgün qoyulmasıdır. Çünki biz də onun qarşısını daha tez ala bilirik”.  

Mütəxəssis qeyd edib ki, bu əməliyyat anadangəlmə ağır dərəcədə eşitmə itkisi olan uşaqlara tövsiyə olunur: “Bunun üçün bütün yenidoğulmuşlara otoakustik emisyon testinin tətbiqi vacibdir. Uşaqlarda nitqin formalaşması 2 yaşa qədər baş verir ki, məhz buna görə də koxlear implantasiya həmin dövrdə həyata keçirilməlidir. İdeal yaş 1-2 yaş aralığıdır. 2 yaşdan yuxarı aparılan koxlear implantasiya əməliyyatının uğur faizi hər yaşa görə daha aşağı olur. Nəzərinizə çatdırım ki, koxlear implantasiya eşitmə qüsurlu şəxslərin tam sosial adaptasiyasına yönəlmiş bir proqramdır”.

Müasir dövrdə koxlear implantasiyanın ağır dərəcəli eşitmə və karlıqda yeganə müalicə üsulu olduğunu vurğulayan həkim bildirib ki, buna baxmayaraq, müvafiq əməliyyat aparılmış uşaqlarda hələ ki danışıq qabiliyyətinin inkişafında müəyyən problemlər yaşanmaqdadır: “İlk öncə nəzərə alınmalıdır ki, uşaqlarda koxlear implantasiyanın nəticələri əməliyyatın hansı yaşda aparılmasından çox asılıdır. Bundan başqa, əməliyyata namizədlərin seçimi də mübahisəlidir və nəticədə koxlear implantasiya aparılmış uşaqların çoxunda dil və danışıq səviyyəsi öz həmyaşıdlarından geri qalır. Müşahidələr göstərir ki, koxlear implantasiya üçün seçim kriteriyalarının təkmilləşdirilməsi tələb olunur. Ümumiyyətlə isə, uşaqlarda istənilən yaşda aparılan koxlear implantasiya perspektivli sayıla bilər. Əlbəttə, burada əsas şərt əməliyyata namizədin əvvəlcədən surdopedaqoqla işləmə səriştəsinin olması və əməliyyatdan sonra lazım olan tam kompleks reabilitasiya tədbirləri ilə təmin edilməsidir. Məsələn, eşitmə-danışıq reabilitasiya proqramı, sərbəst səs müstəvisində tonal astana audiometriyası və s.”

Uşaqlarında gecikmiş eşitmə problemi ortaya çıxmasın deyə, C.Cəlilov valideynlərə onları vaxtında müayinədən keçirməyi məsləhət görüb: “Hər hansı problem hiss edən kimi, mütləq həkimə müraciət etsinlər. Uşaqlarda koxlear implantasiya erkən yaş dövründə icra olunduqda, nitqin inkişafı yaşıdlarındakı səviyyədə olur və bu onları “eşitmə qüsurlu uşaq” statusundan qurtarır”.