Əməliyyatlardan görüntülər

Tibb Universiteti həkimləri ana bətnində ikən bədəninə maye yığılan uşağı həyatda saxladılar

Tibb Universiteti həkimləri ana bətnində ikən bədəninə maye yığılan uşağı həyatda saxladılar

22.07.2015

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ana bətnində ikən plevra və perikard boşluğuna maye yığılan uşaq doğulub. Klinikanın baş həkimi dosent, Asiman Həsənovun sözlərinə görə, həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin vəziyyəti hazırda qənaətbxəşdir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri, uzman həkim Turab Canbaxışov qeyd edir ki, hələ körpə ana bətnində ikən həkimlər bu patologiyadan xəbərdar olublar: “Ana 7 aylıq hamilə ikən gəlmişdi. Həmin vaxt müayinələr göstərdi ki, ana bətnində ikən uşağın döş qəfəsinin içinə, ağciyər və ürəyinin ətrafında maye yığılır. Bu da ürəyin fəaliyyətinə əngəl olmuş, ürək çatışmazlığına gətirib çıxarmışdı. Bildiyimiz kimi, ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla işləyir. Lakin yığılan maye həmin orqanı sıxdığına görə, qan dövranı pozulmuş, ürək ətrafı ilə yanaşı, qarına da maye yığılmışdı və mayenin miqdarı getdikcə daha da artırdı. Bu, həm də dəri ödemi (şişkinliyinin) artmasına səbəb olurdu. Xəstə məhz belə vəziyyətdə bizə üz tutmuşdu”.
Həkimin sözlərinə görə, ana 5 aylıq hamilə ikən uşağın döş qəfəsinə maye yığılmağa başlayıb. Xəstə Türkiyəyə üz tutub, orada döş qəfəsinin hər iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub:
“Biz diaqnozu qoyduqdan sonra təcili bir müdaxilə planlaşdırdıq. Yəni, ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan bu mayeni çəkmək lazım idi ki, ürək rahatlansın, fəaliyyəti bərpa olunsun və ağciyərlər açılaraq inkişafı davam etdirsin. Biz düz 3 dəfə bu proseduru həyata keçirdik. Bunlar hamiləliyin 35-ci, 36-cı və 37-ci həftəsində gerçəkləşdirildi. Prosedur zamanı bir sıra çətinliklərlə də üzləşirdik. Məsələn, bəzən uşaq dönürdü, onda məcburən ananı gəzdirib uşaq əvvəlki vəziyyətə qayıdandan sonra prosedura davam edirdik”.
ATU həkim briqadasının müdaxiləsi nəticəsində bu körpə heç bir ürək qüsuru olmadan dünyaya göz açıb. Uşaq doğulduqda yalnız ürəyin fəaliyyəti ilə bağlı müəyyən problemlər olub ki, indi həmin problemlər də nizama salınıb. Hazırda bu körpə ATU həkimlərinin nəzarəti altındadır və hər ay müayinə olunur.

Tibb Universiteti həkimləri ana bətnində ikən bədəninə maye yığılan uşağı həyatda saxladılar