Əməliyyatlardan görüntülər

ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib

ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib

05.08.2015

ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib 
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində dörd uşağın eşitməsini bərpa etmək məqsədi ilə Koxlear İmplant Əməliyyatları uğurla həyata keçirilib. 
Nazir Oqtay Şirəliyevin tapşırığı ilə ilk dörd xəstə bu gün əməliyyat edilib. Sevindirici haldır ki, artıq bu proses dövlət tərəfindən dəstəklənir. Belə ki, əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur. 
“Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. ATU-nun rektoru akademik Əhliman Əmiraslanovun səyi nəticəsində Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunmuşdur.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bu uğurun Azərbaycan Səhiyyəsində də əhəmiyyətli rol oynadığını bildirir. Klinikanın Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev deyir ki, bu əməliyyatların uğurlu keçməsi üçün əsas şərtlərdən biri xəstələrin mümkün qədər tez - 4 yaşa qədər müraciət etməsidir: 
“Hazırda əməliyyat etdiyimiz uşaq 1 yaş 8 aylıqdır. Yəni, biz artıq nitq inkişafının başlanğıcında bu körpəyə implant cihazı taxmış olduq. Bu uşaq artıq heç bir şəkildə o biri uşaqlardan fərqlənməyəcək, danışığı da gecikməyəcək. Qeyd edək ki, əməliyyat etdiyimiz dörd uşaqdan ikisi 3 yaşında, biri 1 yaş 8 aylıq, digəri isə 12 yaşında idi. 12 yaşlı pasientimiz digərlərindən fərqli olaraq sonradan eşitmə qabiliyyətini itirmişdir”. 
Həkim Y.Hacıyev bütün uşaqların vaxtında eşitmə müayinəsindən keçirilməsini, vaxtında həkimə müraciət etməsinin önəmli olduğunu deyir: “Əgər hər hansı bir narahatçılıq müşahidə olunursa, uşaq vaxtilə hansısa bir ciddi xəstəlik keçiribsə, mütləq eşitmə yoxlanmasından keçmək lazımdır”.
Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməyə və danışmağa başlamasına kömək edir.

ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib
ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib