Əməliyyatlardan görüntülər

ATU-nun Tədris Cərrahiyyə Klinikası növbəti uğurlu əməliyyata imza atdı

ATU-nun Tədris Cərrahiyyə Klinikası növbəti uğurlu əməliyyata imza atdı

09.09.2015

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 39 yaşlı qadının üzündə mürəkkəb əməliyyat uğurla icra olunub, onun üzünün 2/3-ni əhatə edən şiş götürülüb. Xəstə bundan əvvəl bir neçə dəfə həm ölkəmizdə, həm də Türkiyə və Rusiyada əməliyyat olunub, kimyəvi dərman və şüa terapiyası alıb.

Sonuncu dəfə Türkiyədə icra olunan əməliyyat zamanı xəstədə şiş götürüldükdən sonra yaranan toxuma qüsuru sərbəst damar ayaqcıqlıdilimlə aradan qaldırılıb. Ancaq bu əməliyyatdan sonra köçürülən dilimin nahiyəsində şişin residivi aşkar edilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstənin kliniki rentgenoloji müayinəsi aparılıb. Daha sonra Almaniyada çalışan həmyerlimiz - plastik rekonstruktiv mikrocərrahiyyə mütəxəssisi dr.Kamil Axundovla ağız-üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi, dr. Məhəmməd Davudovla birgə konsilium keçirilib. Nəticədə şişin geniş sərhədlərdə götürülməsi, köçürülən dilimin götürülməsi və əmələ gələn qüsurun ALT sərbəst damar ayaqcıqlı dilimlə aradan qaldırılması haqqında qərar qəbul edilib. 
11 saat davam edən əməliyyat zamanı üzün təxminən 2/3 hissəsi rezeksiya sahəsinə daxil edilib və mövcud qüsur 13x4 sm ölçüsündəki sərbəst damar ayaqcıqlı dilimlə aradan qaldırılıb.

Əməliyyatın özəlliyindən danışan Dr. Məhəmməd Davudovun sözlərinə görə, dilimin damarları birbaşa ümumi yuxu arteriyasına və daxili vidaci venaya anastomoz edilib: “Hazırda xəstənin ümumi vəziyyəti kafidir. Müalicəsini şöbəmizdə davam etdirir. Əməliyyatda zəhməti olan bütün həmkarlarıma, doktorant Şahin Məhəmmədov, rezidentlər Fərinaz İrannejad, Pərvin Həsənovaya, əməliyyat blokuna, anesteziologiya və reanimasiya briqadasına, xüsusi olaraq həmkarım doktor Kamil Axundova təşəkkürümü bildirirəm”.

ATU-nun Tədris Cərrahiyyə Klinikası növbəti uğurlu əməliyyata imza atdı