NÖVBƏTİ XƏSTƏDƏ MƏDƏKİÇİLTMƏ ƏMƏLİYYATI APARILIB
03.06.2017
Günümüzün ən böyük bəlalarından biri – artıq çəki ilə bağlıdır. Bununla bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ümumi cərrah, tibb elmləri namizədi dr. Elçin Abdinov növbəti uğurlu əməliyyatına imza atıb. Əməliyyat nəticəsində xəstə bədənindəki artıq piylərdən azad edilib.
Əməliyyat haqqında məlumat verən dr. Elçin Abdinov qeyd edib ki, xəstə III dərəcəli piylənmədən əziyyət çəkir. Çəkisi 150 kq olan xəstənin boyu 1.60 sm, bədən kütləsi 58 olub: “Bu xəstələrə hətta morqit xəstələr deyilir. Piylənmə I, II və III dərəcəli olur. Bu xanım xəstəmizdə III dərəcə piylənmə idi”.
Həkim E.Abdinovun sözlərinə görə, bu dəfə xəstədə mədəkiçiltmə əməliyyatı aparılmasına qərar verilib. Bu əməliyyat artıq çəkidən, piylənmədən azad olmaq üçün ən uğurlu vasitələrdən biridir. Lakin artıq çəkisi olan hər xəstədə bu əməliyyatı aparmaq olmaz: “Mədəkiçiltmə əməliyyatının aparılması üçün xəstənin bədən kütlə indeksi 35-dən artıq olmalıdır. Məlumdur ki, bədən kütlə indeksini tapmaq üçün çəkini, boyun uzunluğunun kvadratına bölmək lazımdır. Bu göstərici 20-25 olarsa, normadır, 30-35 I dərəcəli piylənmədir, 35-40 ikinci dərəcəli piylənmədir, 40-dan artıq olduqda, artıq III dərəcəli piylənmə sayılır və əməliyyat olunmalıdır. İndeks 40-dan aşağı olanda, idman və dietoloqun köməyilə arıqlamaq mümkündür. Bədən kütləsi indeksi 40-ı keçdiyi halda, yanaşı xəstəliklər arasında hər hansı riskli bir xəstəlik varsa, pasiyent dieta, idman və s. bu kimi tədbirlərlə arıqlaya bilmirsə, yaxud arıqlayıb onu qoruya bilmirsə, yaxud arıqlayıb yenidən kökəlirsə, belə hallarda əməliyyata göstəriş var”.
Həkimin sözlərinə görə, III dərəcəli piylənmə ağır səvyyə sayılır. Bu zaman pasiyentdə yanaşı xəstəliklər də yaranır. Məsələn, qaraciyər piylənməsi, damar sıxılması, şəkərli diabet ortaya çıxır: “Hazırda bu xəstədə qaraciyər piylənməsi III dərəcəli histopatrioz dediyimiz dərəcədədir Həmçinin, xəstədə daş xəstəliyi və şəkərli diabedə meyllilik var. Belə çəkili insanlarda artıq ayaqlarda ağrılar yaranmağa başlıyır. Bu xəstənin hardasa 90 kq-dan çox artıq çəkisi var. Odur ki, xəstəmizdə bütün dünyada geniş tətbiq edilən mədəkiçiltmə əməliyyatını apardıq. Əməliyyatda istifadə etdiyimiz alətlərin hamısı bir xəstə üçün dəst açılır və atılır. Yəni alətlər hər xəstə üçün individual olaraq alınır və istifadə edilir”.
E.Abdinov qeyd edir ki, hazırda ümumilikdə 8-9 növ bariatrik cərrahiyyə növü tətbiq edilir. Bunlardan ən geniş yayılanı - mədəkiçiltmə əməliyyatıdır. Bu əməliyyat qısa müddətli icra olunur, nisbətən az travmatikdir. Ona görə çox hallarda bu əməliyyata üstünlük verilir. Statistikaya əsasən, il ərzində ABŞ-da 600.000-ə qədər bariatrik cərrahi əməliyyatlar icra olunur. Bunlardan 300.000-dən çoxu mədəkiçiltmə (Sleeve qastrektomiya) əməliyyatıdır. Bu zaman alınan nəticə də digərlərinə nisbətən daha üstün olur və ağır fəsadlar baş vermir.
Əməliyyatın üstünlüklərinə gəlincə, qeyd etmək lazımdır ki, bu əməliyyatdan sonra həzm traktının davamlılığı pozulmur, sadəcə həcmi kiçilir. Nəticədə insan tez doyur, iştahasına nəzarət edə bilir. Əməliyyatdan il yarım sonra artıq çəkinin 80 faizi itirilir. Bəzən bu faiz daha yüksək ola bilir.