Həkimlərin TV çıxışları

ATU-nun Tədris Cərrahiyyə Klinikasında ana bətnində dölə qan köçürülüb

09.10.2017

Azərbaycan Tibb Universitetin Tədris Cərrahiyyə Klinikasında hələ ana bəninə olan döldəki problem aradan qaldırılıb. Xəstə Klinikanın Mama-Ginekologiya şöbəsinə müraciət edib. Şöbə müdiri Uzm.Turab Canbaxışovun sözlərinə görə, xəstə hamiləliyin əvvəlində klinikaya gəlib: “Bu, xanımın 4-cü hamiləliyi idi. Birinci hamiləliyindən sağlam bir qız övladı dünyaya gəlib, ikinci dəfə uşaq doğulduqdan sonra vəfat edib, üçüncü döl bətndə tələf olub. Xanımda həyat yoldaşı ilə qan uyğunsuzluğu problemi var idi. Adətən belə uyğunsuzluq zamanı anaya xüsusi iynə vurulmalıdır. Görünür, bu halda həmin dərman vurulmayıb, yaxud da təsir göstərməyib”.

Xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında nəzarətdə saxlanılıb. Hamiləliyin 24-cü həftəsində ultrasəs müayinəsi nəticəsində döldə maye yığıldığı müşahidə olunub: “Bu, dölün qan damarında parçalanmanın bir əlamətidir. İlk dəfə 24 həftəlikdə qan köçürməsi etdik. Alınan nümunələrdən vəziyyətin kritik olduğu göründü, dölün qan dəyəri 140-dan yuxarı olmalı halda, 17 idi. Vurulan qan sayəsində nəticə 160a qalxdı. Həmin prosedur 27-ci və 32-ci həftələrdə təkrarlandı. Çünki bizim verdiyimiz qan özündə qan əmələgətirmə qabilliyyətinə malik deyil və müəyyən dövr sonra parçalanır. Nəhayət, 36-cı həftədə keysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirdik”.

Nəticədə 2.6 kq çəkili sağlam bir övlad dünyaya gəlib. Körpə 3 gün klinikanın neanotologiya şöbəsində qaldıqdan sonra evə buraxılıb. T.Canbaxışovun sözlərinə görə, Azərbaycanda artıq 5-ci uşaqdır ki, bu əməliyyatın köməyilə sağ-salamat doğulub: “Sayca artıq 17-ci dəfədir ki, anabətnində dölə qan köçürürük. Qan köçürülməsi də kiçik bir əməliyyat sayılır. Ana ağrı hiss etməsin deyə yatırılır, sonra iynə ilə göbək ciyəsindən girərək, dölün qan dəyərlərini ölçürük. Və ona uyğun dəyərdə qan ötürürük”.