1919-cu ilin oktyabr ayında Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin qərarı ilə paytaxt Bakı şəhərində Bakı Dövlət Universiteti yaradıldı. Universi¬tetin 4 fakultəsindən biri tibb fakultəsi olmuşdur. Tibb fakultəsində ilk 3 kurs fəaliyyət göstərməyə başladı. I kursa yeni qəbuldan əlavə Tiflisdən - Zaqafqaziya Universitetindən Bakıya keçmək arzusunda olan II və III kurs tələbələri köçürüldü. Ona görə də hospital klinika, o cümlədən cərrahi klinika yaradılmasına tələbat meydana çıxdı. Artıq 1921-ci ildə hospital cərahlıq kafedrası təşkil edildi. Bu kafedrada ilk ildə 30, növbəti tədris ilində isə 80 tələbə cərrahlıq elmini öyrənirdi. Əvvəl kafedraya məxsus klinik baza mövcud deyildi. Kafedra şəxsi müalicəxananın bazasında fəaliyyət göstərirdi. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan və ölkənin rus qoşunları tərəfindən işğalından sonra həmin müalicəxana Azərbaycan SSR Səhiyyə Komissarlığının tabeliyinə keçdi. Bu xəstəxanada eyni vaxtda III (200-dən çox tələbə) və V kursun (30 tələbə) tələbələri məşğul olurdu. Cətinliklər həm də onunla bağlı idi ki, 1920-ci ildən cərrahi propedevtika kafedrasının müdiri professor B.K.Finkelşteyn 1921-ci ilin payızında yenicə yaradılmış hospital cərrahlıq kafedrasının müdiri vəzifəsinə seçildi və hər iki vəzifəni eyni vaxtda icra etməyə başladı. 1922-ci ilin payızında hospital cərrahlıq kafedrası N.A.Semaşko adına şəhər xəstəxanasının (infeksion xəstələr üçün keçmiş 19 saylı müvəqqəti lazaret) 8-ci yataq (barak) adlandırılan korpuslarından birinə köçürüldü. Bu korpus Səhiyyə Komissarlığı və Bakı şəhər Səhiyyə şöbəsinin vəsaiti hesabına əsaslı təmir və rekonstruksiya edildikdən sonra klinikanın tələblərinə uyğunlaşdırıldı. Beləki, klinikanın tərkibində cərrahi əməliyyat otağı, auditoriyalar, mühazirə zalı, laboratoriya, professor üçün kabinet və s. təşkil edildi. 76 çarpayılıq bu korpusda 1922-1923-cü tədris ilinin əvvəlindən hospital cərrahiyyə klinikası fəaliyyət göstərməyə başladı. Sonralar, 1928-ci ilin başlanğıcında hospital cərrahlıq kafedrası N.A.Semaşko adına klinik xəstəxananın cərrahi korpus adlandırılan binasının bir mərtəbəsində yerləşdirildi. Bu korpus cərrahi əməliyyat və sarğı otaqları, sterilləşdirmə üçün otaq, qəbul və rentgenologiya şöbələrindən ibarət idi. Kafedraya gözəl təmir və təchiz olunmuş bu korpusda yardımçı otaqlarla (cərrahi əməliyyat otağı, sarğı otağı, laboratoriya, endoskopiya kabinet, həkimlər üçün kabinetlət və s.) birgə 120 çarpayılıq bir mərtəbə ayrıldı. Uzun illər kafedranın bu bazası N.A.Semaşko adına çoxprofilli, 1200-1500 çarpayılıq böyük xəstəxananın digər şöbələri ilə birgə tədris, müalicə və elmi fəaliyyət üçün tələblərə cavab verdi. Klinikada cərrahi müalicə tələb edən ən müxtəlif patologiyalı (splenomeqaliya, exinokokkoz, şişlər, sistlər, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, öddaşı xəstəliyi, uroloji xəstəliklər, kəskin və xronik irinli plevritlər, ağ ciyərlərin, qaraciyərin absesi və b.) çoxsaylı xəstələr müalicə olunurdu.
Kafedranın yaranma və təşkil olunma mərhələsindəki çətinliklərə baxmayaraq bu tədris-müalicə və elm mərkəzi çoxşaxəli fəaliyyətinə, həkim və müəllim kadrlarının hazırlanmasında xidmətlərinə görə qısa müddətdə böyük nüfuz qazandı.
Кafedranın tədrici inkişafı və onun fəaliyyətinin təkmilləşdirilməsi nəticəsində rəhbərliyin və kafedranın qarşısında yeni vəzifələr, yeni tələblər qoyuldu.
Hospital cərrahlıq kafedrasının yaranması, təşəkkülü və inkişaf tarixi bir neçə ağır və mühüm mərhələdən keçmişdir. I mərhələdə (1921-1931) kafedraya professor B.K.Finkelşteyn rəhbərlik etmişdir. Bu dövr kafedranın yaranmasını, klinik bazanın təşkilini, qısa müddətlərdə tədris, müalicə və elmi işlərin qurulmasını əhatə edir. Bu mərhələdə kafedranın tədris işi onunla xarakterizə edilmişdir ki, 1-ci tədris ilində (1921-1922) kafedrada cəmi 30, 2-ci tədris ilində 80, sonrakı illərdə isə V kursun 200-220 tələbəsi təhsil almışdır. Artıq 1922-1923-cü tədris ilində kafedranın 76 çarpayılıq klinik bazasında bir neçə yardımçı otaqlar - auditoriyalar, cərrahi əməliyyat və sarğı otaqları, laboratoriya, endoskopiya və rentgenologiya şöbələri və b. fəaliyyət göstərirdi. Bu dövrdə kafedrada böyük operativ fəallıq təmin edilmiş, tədris işi nizama salınmış, tələbələr müxtəlif klinik materiallar və tədris vəsaitləri ilə təmin edilmiş, 1924-cü ildən kafedranın məzunları içərisindən ixtisaslaşmış həkim-cərrah kadrları hazırlanmış, geniş həcmdə elmi-tədqiqat işləri aparılmışdır.
Bu mərhələdə o vaxta qədər öyrənilməmiş diyar patologiyalarının öyrənilməsinə çoxlu tədqiqatlar həsr edilmişdir. Məsələn, splenomeqaliyanın (ilk növbədə malyariya mənşəli), exinokokkoz, urolitiaz, xolelitiaz və b. mühüm məsələləri əhatə edən tədqiqatlar aparılmışdır. Bu işlərin əksəriyyəti elmi cəmiyyətlərin iclaslarında məruzə edilmiş və dövri elmi mətbuatda dərc olunmuşdur.
1921-ci ildə professor B.K.Finkelşteynin Baş Siyasi Maarif nəşriyyatında «Руководство по общей хирургии» (rus dilində) dərsliyi çapdan çıxdı. 1921-1931-ci illər ərzində kafedranın əməkdaş-ları tərəfindən klinik cərrahlığın aktual problemlərini əhatə edən doktorluq dissertasiyaları müvəffəqiyyətlə müdafiə edildi:
- Гинзбург И.С. «Костная пластика позвоночника». 1924-cü ildə BDU-nun tibb fakultəsinin Elmi Şurasında müdafiə edilmiş və 1925-ci ildə monoqrafiya şəkilində nəşr olunmuşdur;
- Фаерман И.Л. «Материалы и хирургия селезенки». 1925-ci ildə müdafiə edilmiş, sonra Moskvada, МедГИЗ nəriyyatında «Болезни селезенки» adlı monoqrafiya şəkilində nəşr olunmuşdur;
- Миркасимов М.А. «Материалы к изучению мочекаменной болезни в Азербайджане». 1927-ci ildə BDU-nun tibb fakultəsinin Elmi Şurasında müdafiə edilmişdir.
Bu dövrdə elmi mətbuatda kafedranın əməkdaşları tərəfindən 100-ə qədər elmi əsər dərc edilmişdir. Bu əsərlərdə o dövrün ən akual məsələləri - sümük-oynaq vərəmi, infeksion (hematogen) osteomielit, qarın yatalağı, öddaşı xəstəliyi, sidikdaşı xəstəliyi, dalaq və qaraciyər xəstəlikləri və cərrahlığın başqa mühüm məsələləri öz əksini tapmışdır. Misal üçün, «Новый хирургический архив» jurnalının 18-21, 30, 41, 42 və 50-ci cildlərində professor B.K.Finkelşteynin öd yollarının cərrahlığına aid məqalələri çap olunmuş, professor M.A.Mirqasımovun irinləmiş yaralarda bağların tikilməsi haqqında işi Zaqafqaziya cərrahlarının I qurultayında (1927) məruzə edilmiş və dərc olunmuşdur.
Olduqca aktiv elmi fəaliyyət, elmlər doktorları, elmlər namizədləri, səhiyyə müəsissələri üçün klinik ordinatura vasitəsilə ixtisaslı cərrah kadrları və həkim-cərrahların hazırlanması, geniş diapazonlu, rəngarəng müalicə işi (o cümlədən operativ fəaliyyət), yaxşı qurulmuş tədris işi və s. tezliklə hospital cərrahlıq kafedrasını yaxşıların cərgəsinə çıxardı və ona böyük nüfuz qazandırdı.
1930-cu ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə bütün İttifaq üzrə tibb fakultələri Universitetlərdən ayrılaraq müstəqil Tibb İnstitutlarına çevrildi. Bu qərara uyğun olaraq həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı və Azərbaycan SSR Səhiyyə Komissarlığının tabeliyinə keçirildi.
Belə nəhəng, prinsipial əhəmiyyətli yenidənqurma ilə yanaşı həmin 1930-cu ildə hökumət və ali partiya orqanlarının qərarı ilə instititutda rus dilindən başqa, milli dildə - türk dilində tədrisə baş-lanıldı. Ona görə də artıq bu illərdə orta məktəblərdə türk dilində tədris müvəffəqiyyətlə həyata keçirilirdi və türkdilli məzunların ali təhsilə cəlb olunmasına tələbat yaranmışdı. Bu instititut və kafedra üçün qısa müddətlərdə həll olunmalı yeni məsələlərin yerinə yetirilməsini tələb edirdi. Bir tərəfdən türkdilli müəllimlər hazırlanmalı, digər tərəfdən isə yeni ixtisaslar (pediatriya, sanitariya, gigiyena) üzrə tədrisə başlamaq lazım idi. Belə vəziyyət, tədris prosesinə və tədris proqramlarına yenidən baxılmasını, onların təkmilləşdirilməsini, kafedrada fəaliyyət istiqamətlərinin dəyişdirilməsini və bir sıra digər mühüm aspektləri nəzərə almağı tələb edirdi. 30-cu illərin əvvəllərində həmçinin tədrisin yeni prinsipləri, konkret olaraq, semi¬nar-briqada, laboratoriya, kollektiv sorgu və b. formalaşmağa baş¬ladı. Bu prinsiplərin məqsədi tələbələrin tədris qruplarında kollektiv hazırlığını təmin etməkdən ibarət idi. Odur ki, mühazirə saatları azaldıldı, ənənəvi propedevtika, fakultə və hospital cərrahlıq kafedraları yaradıldı. Nəticədə 3 cərrahlıq xəstəlikləri (və terapevtik) kafedraları əsasında yeni kafedra (I- və II- cərrahi xəstəliklər kafedraları) təşkil edildi. III, IV və V kurs tələbələri dərsləri eyni kafedrada keçməyə başladılar.
Bu yeni prinsipial tələblər institutun kollektivindən, və təbii olaraq, kafedralardan böyük entuziazm, yaradıcı iş, yeni yollar, üsullar, tədris vasitələri və s. axtarışını tələb edirdi.
II mərhələnin (1931-1958) əvvəllərində hospital cərrahlıq kafedrası öz rəhbərini itirdi: 1931-ci ilin sentyabr ayının 20-də professor B.K.Finkelşteyn qəflətən stenokardiya tutmasından vəfat etdi. Kafedranın müdiri vəzifəsinə ilk dəfə olaraq milli alim - professor M.A.Mirqasımov seçildi. Nəzərdə tutulmuş ağır iş planlarının yerinə yetirilməsi, kafedranın reorqanizasiyası kimi çətin və mürəkkəb iş bu gənc alimin çiyinlərinə düşdü. Bu dövrə aid çoxlu məsələlərə diqqət (bu böyük vaxt tələb edir) ayırmadan bir sıra daha vacib cəhətləri qeyd etmək zəruridir. Birincisi, kafedranın əməkdaşlarının böyük vaxtını və enerjisini alan tədrisin təşkilinin seminar-briqada və laboratoriya metodları kimi üsullar özünü doğrultmadı və 1934-cü ildə hökumət orqanlarının qərarı ilə ləğv edildi. Mühazirələrin oxunması və semestr imtahanları böyük əhəmiyyətinə görə bərpa olundu, orta məktəblərdə məzunlara kamal attestatı verildi, elmi dərəcələrin verilmisi reqlamentləşdirildi. Bütün bunlar kafedranın fəaliyyət istiqamətlərini və xarakterini müsbətə doğru xeyli dəyişdirdi.
Tədrisin həm rus, həm də türk dilində aparılması institutun və kafedranın professor-müəllim heyəti qarşısında bu tamamilə yeni işin həlli üçün böyük addımların atılması zəruriyyətini doğurdu. Tibb elminin əksər sahələri, həmçinin cərrahi xəstəliklər fənni üzrə elmi terminologiya işləmək, türk dilində tədris, metodik vəsaitlər nəşr etmək lazım gəldi. Bu nöqteyi-nəzərdən hospital cərrahlıq kafedrasında böyük işlər görüldü. Artıq 1932-ci ildə professor M.A.Mirqasımov tərəfindən ümumi cərrahlıq üzrə türk dilində qısa dərslik tərtib edildi və nəşr olundu. Sonrakı illər milli dildə tədrisin aparılması, elmi terminologiyanın təkmilləşdirilməsi və digər məsələlərin həlli istiqamətində kafedranın çoxşaxəli fəaliyyəti daim genişlənirdi. İki dildə tədris müxtəlif çətinliklər yaratdı. Beləki, hər 2 dildə tədris prosesini aparmağı bacaran elmi-pedaqoji kadrların hazırlanması üçün planlı, daimi, sistemli işlərin yerinə yetirilməsinə başlanıldı.
Bir neçə ildən sonra, 1941-ci ildə Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq kafedranın bir çox əməkdaşı orduya çağırıldı və ön cəbhənin müxtəlif hərbi hospitallarında qulluq etməyə başla-dılar. Kafedrada cəmi iki əməkdaş saxlanıldı. Müharibə vəziyyəti isə daha çox və daha ixtisaslı cərrah kadrları hazırlamaq problemini kəskinliklə ortaya qoydu. Tələbələr mühazirələri dinləyir, klinikalarda işləyir və hərbi hospitallarda növbətçilik edirdilər. Sistemli rəhbərlik, xüsusilə professor M.A.Mirqasımovun məharətli fəaliyyəti, kafedraya yeni qəbul edilmiş əməkdaşların ağır, gərgin əməyi hesabına cərrahlıq sahəsində tələbələrin hazırlığı bu çətin və mürəkkəb illərdə müvəffəqiyyətlə yerinə yetirildi.
Vətən müharibəsi qurtardıqdan sonra bəzi təcrübəli əməkdaşlar ordudan tərxis olunaraq kafedrada fəaliyətlərini davam etdirdilər. Klinika sülh şəraitinə uyğunlaşdırıldı, mülki müalicə işi və elmi-pedaqoji kadrların hazırlanması prosesi bərpa edildi.
Müharibədən bir neçə il sonra, konkret olaraq, 1951-ci ildən 6-illik tədris prosesinə başlanıldı. Kafedrada VI kurs tələbələri də hazırlıq keçməyə başladılar. Hər kursda ayrılıqda dərs keçmək, onları dərsliklər, dərs vəsaitləri, klinik material və növbətçiliklə təmin etmək zərurəti yarandı. Kafedranın kollektivi tədrisin, müalicə işinin və elmi fəaliyyətin keyfiyyətini artırmaq üçün böyük səylər göstərir, hökumət orqanlarının qərarlarının yerinə yetirilməsi üşün böyük diqqət və enerji sərf edirdilər. 1958-ci ilə qədərki dövrdə kafedra tam tərkibdə N.A.Semaşko adına xəstəxananın klinik bazasının həkimləri ilə birgə fəaliyyət göstərmişdir.
Bu dövrdə kafedranın elmi-tədqiqat işləri hələ 1922-1923-cü illərdə professor M.A.Mirqasımovun təşəbbüsü ilə başlamış elmi işlərin davam etdirilməsindən ibarət olmuşdur. Urologiyanın mühüm problemlərinin öyrənilməsi və elmi araşdırılması üstünlük təşkil etmişdir. Sidikdaşı xəstəliyinin epidemiologiyası və patogenezi məsələlərinə xüsusi diqqət ayrılmış, sidik kisəsinin, prostat vəzisinin, xayaların, böyrəklərin xəstəliklərinin öyrənilməsinə böyük əhəmiyyət veril-mişdir. Exinokokk xəstəliyinin, öddaşı xəstəliyinin, yaraların irinli ağırlaşmalarının və s. öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilmişdir. Döş qəfəsinin, qarın boşluğunun, oynaqların, damarların odlu silah yaralanmaları, nefrektomiyadan sonra funksiya edən böyrəyin patologiyalarının, qaraciyərin amyob zədələnməsinin, obliterasiyaedici endarteritin (aterosklerozun), sümük-oynaq vərəminin, qeyri-inhalyasion narkozun və digər problemlərin öyrənilməsi istiqamətində böyük tədqiqatlar aparıldı.
Bütün bu elmi-tədqiqat fəaliyyəti elmi cəmiyyətlərdə və müxtəlif səviyyəli elmi-praktik konfranslarda çoxsaylı məruzələrdə, elmi jurnal məqalələrində, həmçinin bir sıra namizədlik və doktorluq dissertasiyalarında əks olundu.
Bu müddətdə Akademik M.A.Mirqasımovun (professor M.A.Mirqasımov 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və ilk prezidenti seçilmişdir) rəhbərliyi altında 10 namizədlik dissertasiyası müdafiə olundu:
- Əliyev H.K. - 1935
- Muradov M.F. - 1935
- Ovnatanyan K.T. - 1936
- Mahmudbəyov B.M. - 1936
- Matevosyan A.B. - 1939
- Nazaryan A.A. - 1940
- Əlikişibəyov M.M. - 1940
- Məmmədzadə H.A. - 1942
- Həbibli H.D. - 1952
- Ağalarov A.B. - 1952.
Həmin illərdə kafedrada daha 5 doktorluq dissertasiyası müvəffəqiyyətlə müdafiə edildi:
- Danilyak İ.D. - 1935
- Frankenberq B.E. - 1937
- Əliyev H.K. - 1937
- Ovnatanyan K.T. - 1937
- Mahmudbəyov B.M. - 1939.
Kafedranın tarixinin bu mərhələsi bir sıra mühüm monoqrafiyaların nəşr edilməsi ilə yadda qalmışdır:
- Махмудбеков Б.М. «Опыт консервативного лечения острых гнойных гонитов». Баку. Азернешр. 1938.
- М.А.Мир-Касимов «Хирургия брюшного тифа». Баку. Азернешр. 1945 и второе издание в 2-х томах. Баку. Издательство АН Азербайджанской ССР. 1947.
- Махмудбеков Б.М. «Амебиаз печени». Баку. Азернешр. 1956.
Hospital cərrahlıq kafedrasının geniş, çoxşaxəli, uğurlu işlərindən danışarkən, kafedranın təşəkkülü və inkişafı prosesində akademik M.A.Mirqasımovun rolu və şəxsiyyətinin əhəmiyyəti üzərində qısa dayanmaq mühümdür. Hələ kafedranın assistenti, sonra dosent əvəzi, professor vəzifələrində, 27 il kafedra müdiri işləyərkən M.A.Mirqasımov yorulmaz elmi-tədqiqat işləri, dəyişən tələblər çərçivəsində tədrisin daimi təkmilləşdirilməsi, kadrlara daimi qayğı göstərmək və onların elmi-pedaqoji inkişafına və geniş ictimai fəaliyyətinə görə kollektivdə, instititutda, Respublika ictimaiyyəti arasında böyük nüfuz qazanmışdır. O, Respublika Elmlər Akademiyasının 3 təsisçisindən biri və onun ilk prezidenti olmuşdur. Müharibədən sonrakı ağır illərdə Akademiyanın, Akademiyanın institutlarının və elmi-tədqiqat müəssisələrinin yaradılması, maddi-texniki təchizatı, ixtisaslı kadrlarla təmini və inkişafı prosesində müstəsna xidmətlər göstərmişdir.
Akademik M.A.Mirqasımov Azərbaycan SSR MİK-nin deputatı, Azərbaycan SSR Ali Sovetinin 3 çağırış deputatı seçilmişdir. O, Vətənə, millətə, elmə, tədrisə xidmət nümunəsi idi. Gənc mütəxəssislərə xüsusi diqqət və atalıq qayğısı ilə yanaşırdı. Azərbaycan tibb elminin inkişafında, ixtisaslı cərrah kadrlarının hazırlanması prosesində müstəsna xidmətlərinə görə o, Lenin, Qırmızı Əmək Bayrağı ordenləri, medalalrla təltif olumuş, əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
1958-ci ildə Azərbaycan SSR EA-nın akademiki M.A.Mirqasımovun qəfləti ölümündən sonra hospital cərrahlıq kafedrasına müdir vəzifəsinə kafedranın professoru B.M.Mahmudbəyov seçildi. Əməkdar elm xadimi, professor B.M.Mahmudbəyov bu vəzifədə 1977-ci ilə qədər fəaliyyət göstərdi. Həmin ildən ömrünün sonlarına qədər professor B.M.Mahmudbəyov kafedranın professor-məsləhətçisi oldu. Kafedranın mövculuğunun bu dövrü (1958-1977) öz xüsusiyyətləri, öz çətinlikləri ilə seçilir. Kafedranın tarixinin bu 19 ili ərzində yuxarı kurs tələbələrinin sayı ilbəil artmışdır. Bu tələbələrin klinik materialla təmini prosesində böyük çətinliklər yaratmışdır. Xüsusilə son illərdə tibb institituna qəbulun 1350-yə çatması, V kursda tələbələrin sayını müvafiq surətdə 700-760-a qədər artırmışdır. Demək olar ki, hər tədris günündə kafedrada 120-140 tələbə təhsil alırdı. Tələbələrin müxtəlif kurslarda təhsil almasına görə tədris proqramalrı müxtəlif idi. Müəllimlərin sayının azlığı artan tələblərə cavab vermirdi və yuxarı kurs tələbələri üçün yeni klinik bazaya kəskin tələbat yaranmışdı. Kafedra və institutun rəhbərliyi bu problem üzərində daim işləyirdi. Nəhayət, 1967-ci ildə şəhər xəstəxanalarının birinin nəzdində ikinci hospital cərrahlıq kafedrası yaradıldı və I kafedranın əməkdaşlarının bir hissəsi həmin kafedrada fəaliyyət göstərməyə başladılar. Kafedramızın yetirməsi, əməkdar elm xadimi, professor H.K.Əliyev həmin kafedraya müdir vəzifəsinə seçildi. Sonralar o, uzun illər Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun cərrahlıq kafedrasının müdiri vəzifəsində işlədi.
Tədris prosesinin yüklənməsi problemlərinə görə 1960-cı ildə travmatologiya, ortopediya və hərbi-səhra cərrahlığı kafedrası yaradıldı və müvafiq surətdə hospital cərrahlıq kafedrasının tədris yükü azaldı. Kafedranın 1 dosenti və 2 assistenti həmin kafedraya keçirildi.
Beləliklə, 1970-ci ilədək kafedra tədris-pedaqoji, elmi və müalicə işlərində tələbə çoxluğu ilə əlaqədar yaranmış çətinliklər aradan qalxdı. Bu müddətdə kafedranın "şinelindən çıxmış" 2 yeni kafedra təcrübəli professor-müəllim heyəti ilə təmin olunmuşdur.
Bunlarla yanaşı müalicə fakultəsinin yuxarı kurs tələbələri üçün mükəmməl tədris metodlarının axtarışı, keyfiyyətli tədris şəraitinin, cari nəzarət üsullarının yaradılması istiqamətində davamlı işlər aparılmışdır. Sistematik olaraq hər tədris ilində 2-3 metodik iclas keçirilmişdir. Bu iclaslarda tədris, tədrisin metodikası və dərslərin məzmunu (periodik olaraq qəbul edilmiş yeni proqramlar və tədris planlarına görə) ilə bağlı qarşıya çıxmış bütün məsələlər müzakirə edilmişdir. 1970-ci ilə qədər kafedrada hərbi-səhra cərrahlığının tədrisinə xüsusi diqqət yetirilmişdir. Bu sahə üzrə kafedranın nailiyyətləri Zaqafqaziya hərbi dairəsinin xüsusi komissiyaları tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.
Bu mərhələdə kafedrada klinik cərrahlığın mühüm problemlərini əhatə edən elmi-tədqiqat işləri intensiv surətdə davam etdirilmiş, bu sahəyə kafedranın bütün əməkdaşları və yuxarı kurs tələbələri fəal cəlb edilmişdir. Sümük-oynaq vərəmi, obliterasiyaedici endarterit və digər xəstəliklərin cərrahi (operativ) müalicəsinə həsr olunmuş elmi tədqiqat işləri davam etdirilmiş, bəzi məsələlər isə yekunlaşdırılmışdır. Cərrahi patologiyalar zamanı qanın laxtalanma və əks-laxtalanma sistemlərinin rolunun, qaraciyər və öd yollarının cərrahi xəstələklərinin öyrənilməsinə həsr olunmuş tədqiqat işlərinə başlanılmışdır. Ən nəhayət, bu dövrün sonuncu illərində cərrahi heriatriya problemləri əsaslı surətdə öyrənilməyə başlanılmışdır. Elmi-tədqiqat işlərinin yekunu olaraq ittifaq və respublika elmi mətbuatında, institutun Elmi qeydlərində 100-dən artıq elmi iş çap edilmiş, müxtəlif səviyyəli (Beynəlxalq, Ümumittifaq, Zaqafqaziya, Respublika və b.) elmi-praktik konfrans, simpozium və iclaslarda 70-ə qədər elmi məruzə olunmuşdur.
Bu illərdə kafedranın aşağıdakı əməkdaşları tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmişlər: M.M.Tağıyeva, K.H.Qədimova, M.M.Mirqasımov, Ş.B.Quliyev, Ə.Ə.Qurbanzadə, R.Quliyev, Ə.H.Əşrəfov, H.A.Sultanov, H.M.Həsənov, R.A.Şahbazov və İ.A.İmanov. Kafedranın daha 4 əməkdaşı (T.D.Həbibli, A.B.Ağalarov, A.A.Nazaryan və M.M.Tağıyeva) doktorluq dissertasiyası müdafiə etmiş, 3 yeni doktorluq dissertasiyası yekunlaşdırılmış, lakin onların müəllifləri qəflətən vəfat etdiklərinə görə müdafiə baş tutmamışdır. 1964-cü ildə kafedranın qocaman və çox təcrübəli dosenti M.F.Muradov qəflətən vəfat etdiyinə görə onun 1940-cı ildən başlayaraq nefrektomiyadan sonrakı tək böyrəyin fiziologiyası, biokimyası, patologiyasına həsr olunmuş, 400-dən çox klinik materialı özündə əks etdirən doktorluq dissertasiyası rəsmi müdafiəyə çıxarıla bilməmişdir. Lakin 1970-ci ildə dissertasiya işinin bir hissəsini əhatə edən fundamental monoqrafiya nəşr edilmişdir. İşin ikinci hissəsi müəllifin ailə arxivində qalmışdır. M.M.Mirqasımovun nəqliyyat travmatizminə həsr edilmiş doktorluq dissertasiyası yekunlaşmış, rəsmi müdafiəyə təqdim edilmişdir. Lakin onun 1972-ci ildə qəfləti ölümü nəticəsində müdafiə baş tutmamışdır. Öddaşı xəstəliyi zamanı böyrəklərin vəziyyəti və funksional dəyişikliklərinə həsr olunmuş, zəngin klinik materiala (biokimyəvi, rentgenoloji və radioizotop müayinələri ilə əsaslandırılmış) malik üçüncü doktorluq disseratasiyasının da (müəllif - K.H.Qədimova) müdafiəsi iddiaçının qəfləti ölümü (1976, fevral) səbəbindən baş tutmamışdır. Bütün bu illərdə kafedrada tələbə elmi dərnəyi müvəffə¬qiyyətlə fəaliyyət göstərmişdir. Hər il tələbələr kafedra, institut və ali məktəblərarası elmi konfranslarda 2-4 məruzə ilə çıxış etmiş, fəxri fərmanlara, mükafatlara layiq görülmüşlər. Bəzi tədqiqat işləri isə institut tələbə elmi konfransının materialları və İnstitutun Elmi qeydlərində çap olunmuşdur.
Bütün bunlarla yanaşı kafedranın əməkdaşları, klinik bazanın həkimləri ilə birlikdə böyük müalicə işi aparmış, uğurlu operativ fəaliyyət göstərmişlər.
Hər il klinikada 2500-2700 cərrahi xəstə müalicə olunmuşdur. Bura döş və qarın boşluqlarının, ətrafların travmaları, təcili cərrahi xəstəlikləri ilə xəstələr aiddir. Kafedrada hər il 1500-1700 planlı və təcili cərrahi əməliyyatlar yetirilmişdir. Bu əməliyyatların əksəriyyəti mürəkkəb, uzunmüddətli olmuş, ümumi anesteziya altında icra edilmişdir. Daxili üzvlərdə, öd yollarında, damarlar və sinirlərdə, vətərlərdə rekonstruktiv və bərpaedici cərrahi əməliyatlar həyata keçirilmişdir. Hər ay kafedra 10-12 dəfə təcili cərrahlıq üzrə klinikada sutkalıq növbətçilik yerinə yetirmişdir. Bu həkimlərin və yuxarı kurs tələbələrinin təcrübə toplamasında və formalaşmasında mühüm rol oynamışdır.
1972-ci ildə N.A.Semaşko adına şəhər klinik xəstəxanasının cərrahi korpusu müstəqil xəstəxanaya çevirilmiş, sonuncu Bakı şəhərinin Təcili Tibb Yardımı klinik xəstəxanası adlandırılmışıdr. Bu xəstəxananın 2 cərrahlıq şöbəsi hospital cərrahlıq kafedrasının bazasına verilmiş, nəticədə kafedra çoxprofilli iri klinik xəstəxanadan məhrum olmuşdur. Digər tərəfdən özgə ixtisas sahələrinin mütəxəssislərinin, professorlarının konsilium keçirmək imkanları məhdudlaşdırılmışdır. Həmçinin, kafedranın xəstələrinin profili dəyişmiş, və o, yalnız təcili və təxirəsalınmaz cərrahi xəstələrin müalicəsi ilə məşğul olmağa başlamışdır.
1977-ci ildə əməkdar elm xadimi, professor B.M.Mahmudbəyov məsləhətçi vəzifəsinə keçdikdən sonra kafedraya müdir vəzifəsinə professor İsmayıl Məmməd oğlu Məmmədov seçilmişdir. Bu vəzifəyə qədər professor İ.M.Məmmədov ümumi cərrahlıq kafedrasının professoru vəzifəsində işləmişdir.
Professor İ.M.Məmmədov 1953-cü ildə fərqlənmə diplomu ilə İ.P.Pavlov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Tibb institutunun müalicə-profilaktikası fakultəsini, 1953-1955-ci illərdə həmin institutun hospital cərrahlıq kafedrasında klinik ordinaturanı bitirmişdir. 1956-cı ilə qədər kafedranın assistenti vəzifəsində işləmiş, 1958-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə Vətənə qayıtmış, Tibb institutunda əmək fəaliyyətini davam etdirmişdir. Professor İ.M.Məmmədov kafedra müdiri vəzifəsinin icrası¬na başladıqdan sonra 120 yerlik yeni mühazirə zalı yaradılmış, endoskopik tədqiqatlar kabineti istifadəyə verilmişdir. Bu kabinetə müasir fibroqastroduodenoskop, fibrokolonoskop, ultrasəs müayinəsi aparatı, laparoskop və digər optik cihazlar alınmışdır. Tədris prosesinin keyfiyyətini artırmaq üşün müasir tədris vəsaiti, tədris filmləri, slaydlar, nümayiş avadanığı və s. müəllimlərin və tələbələrin istifadəsinə veril¬miş¬dir. Professor İ.M.Məmmədovun müdir işlədiyi müddətdə kafedranın elmi-pedaqoji və müalicə fəaliyyəti genişlənmiş, respublikanın əksər bölgələrində, xüsusilə Naxçıvan MR və Füzuli rayonunda cərrahi xidmətin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər yerinə yetirilmişdir. Onun rəhbərliyi altında kafedranın və xəstəxananın bir sıra əməkdaşları (K.H.İbişov, İ.Baxşəliyev, R.Mehdiyev, E.Bektaşi, S.F.Rəfiyev, S.A.Əliyev, A.X.Muxtarov) namizədlik dissertasiyası müdafiə etmişdir. Kafedrada 2 aspirant təhsil almışdır: Rüstəmov G. (əyani) və Novruzov S. (qiyabi). Hər 2 aspirant müvəffəqiyyətlə dissertasiya işlərinin yekunlaşdırmış və müdafiə etmişlər. Professor İ.M.Məmmədov çap olunmuş 60-a qədər elmi əsərin, 3 monoqrafiya və 1 rəhbərliyin müəllifidir.
Bu zaman kəsiyində kafedranın dosentləri M.Y.Nəsirov (1985), H.A.Sultanov (1986) və Ə.H.Əşrəfov (1989) doktorluq dissertasiyalarını başa vurmuş və uğurla müdafiə etmişlər.
Sonralar professor M.Y.Nəsirov pediatriya fakultəsinin cərrahi xəstəliklər kafedrasının müdiri və eyni vaxtda Tibb Universitetinin prorektoru vəzifəsinə, Ə.H.Əşrəfov və H.A.Sultanov isə I cərrahi xəstəliklər kafedrasına professor vəzifəsinə seçilmışlər.
Professor M.Y.Nəsirov onkologiya, professor Ə.H.Əşrəfov cərrahi heriatriya və cərrahi hepatologiya, öd yolları cərrahiyəsi, professor H.A.Sultanov isə koloproktologiya sahəsində böyük elmi tədqiqatlar aparmış və ixtisaslı cərrah kadrları, alimlər dəstəsi hazırlamışlar. Professor Ə.H.Əşrəfov 2002-ci ilin oktyabr ayında vəfat etmişdir.
1990-cı ildə professor İ.M.Məmmədov kafedranın məsləhətçisi vəsifəsini icra etməyə başlayır və onun tövsiyəsi ilə professor H.A.Sultanov kafedranın müdiri vəzifəsinə seçilir. Həmin ildən kafedranın inkişafının üçüncü mərhələsi (1990-2005) başlayır.
Sultanov Həsən Abbas oğlu 1955-ci ildə Kuybışev (Samara) Tibb institutunun hərbi-tibb fakultəsini bitirdikdən sonra 1957-ci ilə qədər hərbi həkim kimi Sovet Ordusu sıralarında qulluq etmişdir. 1958-1960-cı illərdə Tərtər rayonunda kənd sahə xəstəxanasında baş həkim işləmiş, 1961-1963-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahlıq kafedrasında cərrahi xəstəliklər üzrə klinik ordinatura keçmişdir. 1963-1972-ci illərdə Bərdə RMX-da cərrahlıq şöbəsinin müdiri və baş həkim vəzifələrində işləmişdir. 1972-ci ildə o, cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə seçilmişdir. Namizədlik disseratasiyasının müdafiəsindən (1975) sonra 1981-ci ildə həmin kafedranın dosenti, 1987-ci ildə isə professoru vəzifəsinə seçilmişdir. 1988-1993-cü illərdə professor H.A.Sultanov eyni vaxtda I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsini daşımışdır.
Professor H.A.Sultanov çap olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən 7 monoqrafiya və dərs vəsaiti, 1 rəhbərlik, 8 metodik vəsaitin müəllifidir. Onun 40 çap vərəqi həcmində "Cərrahi xəstəliklər" dərsliyi Tibb universitetinin müalicə-profilaktika fakultələrinin yuxarı kurs tələbələrinin əsas dərs vəsaitidir və dövrün tələblərinə müvəffəqiyyətlə cavab verir. Onun redaktorluğu altında qarın boşluğunun təcili və təxirəsalınmaz cərrahlığına aid irihəcmli kollektiv Rəhbərlik (1994) və E.A.Əliyevlə birgə fundamental koloproktoloji Atlas (2004) dərc edilmişdir. Alimin elmi-tədqiqat işləri əsas etibarı ilə müasir koloproktologiyanın ən mürəkkəb, ən ağrılı problemlərinin həllinə yönəlmişdir.
Professor H.A. Sultanovun rəhbərliyi altında 17 namizədlik (Bayramov S.A. (1992), Musayeva S.R. (1994), Rüstəm Ə.M. (1995), Əliyev E.A. (1995), Kərimova T. (1996), İmanova S.S. (1998), İskəndərov Q.B. (1998), Həsənova E.B. (1998), Zeynalov B.M. (1998), Mustafayev X.A. (2004), Rzayev T.M. (2004), Əfəndiyev M.A. (2005), Zeynalov N.A. (2005), Təyyari R. (2006), Əzimov E.H. (2007), Yusifov Ə.A (2007), Mirzəyeva K.A. (2007), Əsgərova S.Y. (2007), Məmmədov K.M. (2008), Mahmudov M.G. (2008), Hümmətov A.F. (2009), Qasımov A.Ş. (2010) və 4 doktorluq (Zeynalov S.M. (1996), Bayramov N.Y. (1999), Musayeva S.R. (1999) və Əliyev S.A. (2003)) dissertasiyası müdafiə edilmişdir.
Professor H.A.Sultanovun kafedraya rəhbərlik etdiyi müddətdə kafedranın beynəlxalq əlaqələri xeyli genişlənmiş, Rusiya, Ukrayna və Türkiyə universitetlərinin tibb fakultələri arasında geniş, hərtərəfli elmi əlaqələr qurulmuş və məhsuldar elmi əməkdaşlıq təmin edilmişdir. Kafedranın dosenti S.M.Zeynalov və S.R.Musayeva N.A.Semaşko adına Moskva Stomatologiya Tibb İnstitutunda doktorantura, dosent S.A.Əliyev N.N.Bloxin adına Elmi Onkoloji Mərkəzdə, assistent E.A.Əliyev Rusiya TEA-nın ET Koloproktologiya İnstitutunda, professor Bayramov N.Y və assistent Rzayev T.M. Ankara, İstanbul və Van universitetlərində elmi təcrübə keçmişlər. Professor N.Y.Bayramov Van şəhərində 100-cü il Universitetinin Tibb və Veterinar fakultəsinin ümumi cərrahlıq kafedrasını yaratmış, onun ilk müdiri olmuşdur.
Əmərdar elm xadimi, professor H.A.Sultanovun kafedraya rəhbərlik etdiyi dövrdə 120 yerlik mühazirə zalı əsaslı təmir edilmiş, 6 yeni auditoriya tikilmişdir. Hər il tədris vasitələri yeniləşir və təzələri alınır. Bu müddətdə kafedraya yeni kompüterlər, diaproyektor, kompyuter proyektoru, slaydlar, tədris və ixtisasartırma məqsədi ilə CD- və DVD-filmlər, kompyuter proqramları, tikiş aparatları və digər kompyuter texnologiyası alınmışdır. Kafedranın imkanları hesabına üçqanadlı rektal güzgü (prof. Sultanov H.A., 1985) parenximatoz üzvləri kəsmək üçün "Şırnaq skalpeli" (T.M. Rzayev, 2000), boşluqların aktiv sanasiyası üçün aspirator-evakuator (dosent S.A. Əliyev, 2001), fistul yollarını təmizləmək üçün mexaniki fistulektom (Mustafayev X.A,, 2002), exinikokkektomiya üçün universal laparoskopik qurğu (N.A.Zeynalov, 2003) hazırlanmış və operativ müdaxilələrdə müvəffəqiyyətlə istifadə edilir. Kafedranın dosenti Ə.M. Rüstəm tərəfindən 1991-ci ildə ölkəmizdə ilk dəfə qarın boşluğunun kəskin cərrahi xəstəliklərinin diaqnostikası məqsədilə ekspert sistem ("süni intellekt") yaradılmış və bu günədək diaqnostika prosesində tətbiq olunur. Kafedranın əməkdaşları tərəfindən lazer-maqnit şüalarının cərrahi patologiyalar zamanı tətbiqi üsulları hazırlanmışdır (F.N.Qapaqov - irinli yaralar və onların ağırlaşmaları zamanı; N.Y.Bayramov - kəskin osteomielit zamanı, 1992; E.A. Əliyev - kəskin xolesistit zamanı, 1993; R.H. Təyyari - kəskin xolangitlər zamanı, 2002; M.G.Mahmudov - mədə və OBB xorasının perforasiyası ilə xəstələrdə, 2005). Dosent K.H.İbişov tərəfindən yumşaq toxumaların və qarın boşluğunun irinli-iltihabi prosesləri zamanı yeni ultrasəs müalicəsi üsulları işlənilmişdir. Fiziki müalicə üsullarının bir çoxuna görə patent və (və ya) müəlliflik şəhadətnamələri alınmışdır.
2012-ci ilin iyul ayında kafedra müdiri prof.H.A.Sultanov məsləhətçi vəzifəsinə keçmiş və kafedra müdiri vəzifəsinə prof.N.Y.Bayramov seçilmişdir.
Kafedrada hazırda 5 professor (Sultanov H.A., Bayramov N.Y., Əliyev S.A., Qeybulla A.Ə., Zeynalov S.M.), 7 dosent (Rəfiyev S.F., İbişov K.H., Mehdiyev R.İ., Qapaqov F.M., Abbasov A.H., Əliyev E.A., Rüstəm Ə.M.), 9 assistent (Zeynalov B.M., İmanova S.S., Xıdırova N.M., Rzayev T.M., Zeynalov N.A., Əhmədov Ə.M., Əzimov E.H., Əliyev R.Y., Musayev K.K.) və 8 baş laborant (Əmirov T.C., Əliyev T.Q., Mahmudov M.G., Hümmətov A.F., Salahova S.Ş., Ömərov T.İ., Aslanova K.D., Əhmədova E.V.) fəaliyyət göstərir. Bu gün 1 nəfər "Cərrahlıq" ixtisası üzrə doktorantura (Aydınova P.R.), 5 nəfər isə (Hacıbabayev S.S., Abbasova S.Y., Xanəliyeva Z.Z., Şirinova X.N., Vəliyeva K.R.) rezidenturada təhsilini davam etdirir.
Keçmiş dövrlərin böyük ənənələrini ləyaqətlə davam etdirən kollektiv elmi-tədqiqat fəaliyyətini uğurla davam etdirir. Kafedranın əsas tədqiqat problemi həzm traktının cərrahi patologiyasının mühüm problemlərinin həllinə həsr olunmuşdur və bu istiqamətdə geniş tədqiatlar daim davam etdirilir. Kafedranın baş laborantı Ömərov Taryel İsgəndər oğlunun apardığı elmi işi ilə əlaqəli olaraq müəllif oldugu "The Comparative Characteristics of the Hemostatic System Indices in the Assessment of Late Complications of Acute Destructive Pancreatitis" məqaləsi kafedra tarixində bir ilk olaraq "World Journal of Medical Sciences" jurnalında dərc olunmuşdur. ATU-nin I Cərrahi xəstəliklər Kafedrasının əməkdaşı Ömərov Taryel İsgəndər oğlu universitet tarixində ilk dəfə olaraq üzrə müxtəlif dövlətlərdə keçdiyi nəzəri-praktik təcrübə proqramları əsasında "Bariatrik-Metabolik Cərrahiyyə" bölümü yönündə məxsus olduğu kafedrada fəaliyyətə başlamışdır. Onun 2010-cu ildən bu yana Bariatrik cərrahiyyə istiqamətində apardığı işlər və bu yönümdə br çox xarici konqress, eyni zamanda müxtəlif klinikalarda tərübə mübadiləsində olması artıq öz nəticələrini vermişdir. Qeyd etmək olar ki, Ömərov Taryel TOSS (Türk Obezit Cərrahi Dərnyi)-nin üzvüdür və ilk Azərbaycanlı Bariatrik cərrah kimi " IFSO 2013 - 18th World Congress Of International Federation For The Surgery Of Obesity & Metabolic Disorders" konqresində iştirak etmişdir.2013 il ərzində Laparoskopik-Bariatrik Cərrahiyyə vərdişlərini mənimsəmə üçün 3 dəfə müxtəlif xarici klinikalarda təcrübə mübadilsəində olmuşdur.
Eyni zamanda Ömərov Taryel 26.10.2013 tarixindən etibarən SAGES (Society of American Gastrointestinal and Endoscopic Surgeons) rəsmi üzvü seçilmişdir.Qeyd etmək olar ki, o ATU-nun Cərrahi Bölümündən ilk Azərbaycanlı cərrahdır ki, SAGES-in üzvü seçilib.