Fizioterapiya kursu ilk dəfə Azərbaycan Tibb İnstitutunda 1932-ci ildə təşkil olunmuşdur. Kursun ilk müdiri dosent R.Y. Sokolov təyin olunmuş və o bu vəzifədə 1952-ci ilədək fəaliyyət göstərmişdir. İlk vaxtlar həmin kurs Bakı şəhər 1 № - li klinik xəstəxananın nəzdində fəaliyyət göstərmişdir. 1936-cı ildə Azərbaycan Elmi Tədqiqat Kurortologiya və Fizioterapiya institutu açıldıqdan sonra kurs öz fəaliyyətini həmin institutun nəzdində davam etdirməyə başlamışdır. Kursun müdiri professor P.Y. Sokolov kurortologiya və fizioterapiyanın inkişafında, gənc milli kadrların hazırlanmasında mühüm işlər görmüşdür. 1952-1974-cü illərdə kursa rəhbərlik edən tanınmış klinisist və fizioterapevt dosent Ə.A. Allahverdiyev respublikamızın müalicəvi mineral sularının və müalicəvi palçıqların daxili xəstəliklərin müalicəsində tətbiq olunmasına dair çoxlu elmi-tədqiqat işləri aparmışdır. 1974-1981-ci illərdə kursa dosent H.P. Bədəlov rəhbərlik etmişdir. Onun elmi-tədqiqat işləri yüksək dağ iqliminin ürək-qan damar sisteminə təsirinə həsr olunmuşdur. 1981-ci ildə Fizioterapiya kursu müalicə bədən tərbiyəsi kursu ilə birləşdirilərək Tibb institunun I Daxili xəstəliklər kafedrasının nəzdinə keçirilmişdir. 1994-cü ildə yenidən müstəqil kurs kimi bu günədək fəaliyyətini davam etdirən Fizioterapiya kursuna görkəmli alim, əməkdar elm xadimi, professor Ə.V. Musayev rəhbərlik etməyə başlamışdır. Prof. Ə.V.Musayevin eyni zamanda Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa institunun direktoru kimi çalışması tədris prosesi ilə yanaşı kurs əməkdaşlarının həmin institutun elmi işçiləri ilə birgə elmi-tədqiqat işlərinin aparılmasına böyük təkan verdi. Prof. Ə.V. Musayevin apardığı elmi-tədqiqat işləri əsasən periferik və mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərinin müalicəsində fiziki və balneoloji amillərin tətbiq olunmasına həsr olunmuşdur. Onun rəhbərliyi altında kursun əməkdaşları respublikamızın ərazisindəki müalicəvi palçıqların və mineral suların daxili üzvlərin müxtəlif patologiyalarında müalicəvi təsiri öyrənilmişdir. Bilavasitə prof. Ə.V. Musayevin rəhbərliyi altında dos. P.S. Mehdiyev «Peloidterapiya və Sirab mineral suyu tətbiq etməklə mədə və on iki barmaq bağırsağın xora xəstəliyinin müalicəsi» mövzüsunda dissertasiya müdafiə etmiş, assistent Ü.Ü. Məmmədova «Naftalan neftinin şəkərli diabet zamanı diabetik neyropatiyaların müalicəsində tətbiqi» mövzüsunda namizədlik dissertasiyası üzərində çalışır.
Prof. N.İ. Hüseynovun elmi-tədqiqat işləri ankilozlaşdırıcı spondiloartritin diaqnostika və müalicəsinə həsr olunmuşdur. Hazırda o, müxtəlif fiziki amillərin bir sıra revmatoloji xəstəliklərin müalicəsində tətbiqi öyrənilir.
Baş laborant, t.e.n. N.V. Əliyevanın elmi-tədqiqat işi aşağı ətrafların trofiki xoralarının müalicəsinə həsr olunmuşdur.
Kurs əmədaşlarının bir neçə patenti, səmərələşdirici təklifi, 600-dən çox çap olunmuş elmi işləri vardır. Prof. Ə.V. Musayev bir sıra beynəlxalq tibbi elmi cəmiyyətlərin üzvü, Rusiya Federasiyasında çıxan bin neçə nevrologiyaya və fizioterapiya, kurortologiya və reabilitasiyayahəsr olunmuş jurnalların redaksiya heyətinin üzvüdür. Dos. H.P. Bədəlov respublikanın əməkdar həkimidir.